Neftçi qazimiz: Düşməndən qorxmurduq, şəhidlik zirvəsini qazanmaq üçün can atırdıq - FOTO Hadisə

Neftçi qazimiz: Düşməndən qorxmurduq, şəhidlik zirvəsini qazanmaq üçün can atırdıq - FOTO

Vətən müharibəsində iştirak edən neftçi qazilərdən biri də Davud Ağayevdir. Davud 1996-cı ildə İsmayıllı rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra indiki Neft və Sənaye Universitetinə qəbul olaraq Geofizika ixtisasına yiyələnib. Ali təhsili bitirən Davud 2017-2018-ci illər ərzində Tərtər rayonunun N saylı hərbi hissəsində "Kəşfiyyatçı" kimi vətənə olan borcunu yerinə yetirib. Bir neçə ildir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində "geofizik" vəzifəsində çalışır.

Döyüş xatirələrini Trend-lə bölüşən Davud da Vətən müharibəsi başlayan ərəfədə ona gələn "çağırış"a sevinərək qürurlu halda Vətənin müdafiəsinə yollanıb. "Sağ olsunlar ki, məni də çağırdılar" - deyən qazimiz, öncə kəşfiyyatçı kimi müxtəlif təlimlərə cəlb olunub. Atəş vərdişlərinin təkmilləşdirilməsi, silah-sursatdan istifadə qaydaları, xəritə üzərində işləmə, ilkin tibbi yardım və.s. təlimlərində müvəffəqiyyətlə iştirak edərək torpaqlarımızın azadlığı uğrunda döyüşə, müharibəyə qoşulub. Müharibə başlayanda, döyüşə yollanan igidimiz həmin an keçirtdiyi hissi belə izah edir: "Artıq mən biləndə ki, döyüş tapşırığına gedirəm, başa düşdüm ki, bu, bizim borcumuz olan müqəddəs bir vəzifədir və şükür ki, Allah bu müqəddəs vəzifəni mənə, əsgər yoldaşlarıma nəsib elədi və artıq biz burada Vətənimizin müdafiəsindən ötrü canımızı fəda etməyə hazır olmalıyıq. İşğal altında olan torpaqlarımızın azad olunması üçün, məscidlərdə azan səsinin verilməsi üçün, Azərbaycan xalqının izzətini, şərəfini yüksəltmək üçün bu torpaq uğrunda vuruşmağımız bizim üçün müqəddəs bir vəzifə idi. Hər bir azərbaycanlının borcudur ki, bu vəzifə üzərinə düşəndə əlindən gələni eləsin. Allah bu şərəfi bizə nəsib elədiyi üçün sevinirdik".

Heç qorxu hissi var idimi? - sualını isə belə dilə gətirir: "Heç kəs deyə bilməz ki, qorxu hissi olmur, qorxusuz insan yoxdur, amma bu elə bir müqəddəs vəzifədir ki, bunu yerinə yetirmək bizim borcumuzdur. Biz bilirik ki, müharibədə vətən uğrunda həlak olanda şəhid olurlar, bizim üçün bu müqəddəs bir zirvədir. O şəhidliyi qazanmaq üçün can atırdıq, düşməndən qorxmurduq. Amma görürsən, Allah hər kəsə şəhid olmağı nəsib eləmir".
İlk olaraq Ağdərə istiqamətində "Polad" postundan hücuma keçən bölmələrə dəstək məqsədi ilə döyüşə qatılan Qazimiz yaralanmağını belə xatırlayır: "Biz bir neçə nəfərlik qruplarla tapşırığa uyğun olaraq Ağdərə istiqamətində hücuma keçən yoldaşlara dəstək üçün hərəkətə başladıq. Həmin vaxtı bizi şiddətli atəşə tutdular. Ancaq buna baxmayaraq, biz düşmənə layiqli cavab verərək irəliləməyə müvəffəq olduq və digər yoldaşlarımızın yanına çatdıq. Gördük ki, onlardan bir neçəsi yaralıdır. Hətta Çavuşlardan biri bir neçə yerindən güllə yarası almağına baxmayaraq, döyüşə davam edirdi. Biz yaralılarla birlikdə hərəkət etməyə başladıq. Güllələrdən yayınmaq üçün bir neçə saat uzanaraq hərəkət edirdik. Həmin vaxtı güllələrdən biri kürəyimi sıyıraraq keçdi. Xoşbəxtlikdən yaram o qədər də ciddi deyildi. Yaralı halda bir neçə gün döyüşə davam etdik və 5 gündən sonra toplanış məntəqəsinə qayıtdıq. Toplanış məntəqəsində mənə əsgər yoldaşlarım tərəfindən ilkin tibbi yardım edildi və yenidən tapşırığa uyğun olaraq Talış kəndi və Suqovuşan istiqamətində döyüş tapşırığına yollandıq. Suqovuşandan toplanış məntəqəsinə geri dönərkən yoldaşlar yaramın ağırlaşdığını gördülər. Ondan sonra məni Naftalan hərbi hospitalına müalicə almaq üçün göndərdilər".

Qeyd edək ki, qazimiz hazırda evdə müalicəsini davam etdirir.

Söhbətləşdi Elvin Mənsimov