Elmin “AAK düyünü” Hadisə

Elmin “AAK düyünü”

Məhərrəm Zülfüqarlı: "Ali Attestasiya Komissiyasının fəaliyyətinə ehtiyac yoxdur"

Fəlsəfə doktoru Elmira Alxasova Ali Attestasiya Komissiyasını məhkəməyə verib. Bakı Apelyasiya Məhkəməsindən verilən məlumata görə, alim komissiyadan məktubların əsassız hesab olunması, elmi dərəcə və elmi addan məhrum edilmə vəzifəsinin həvalə edilməsi tələbi ilə məhkəməyə üz tutub. Məhkəmə iclası dekabrın 12-də keçiriləcək.
Qeyd edək ki, Elmira Alxasova pedaqogika üzrə fəlsəfə doktorudur. O, uzun müddət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Alim xanım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedra müdiri İlqar Hüseynovun doktorluq dissertasiyasının plagiat olması ilə bağlı dəfələrlə Ali Attestasiya Komissiyasına müraciət edib. Lakin o, müsbət cavab ala bilməyib. Görünür, Elmira Alxasovanın da məhkəməyə şikayət etməsi bu məsələ ilə əlaqədardır.
Qeyd edək ki, Ali Attestasiya Komissyası (AAK) barədə dəfələrlə problemlər yaranıb. Universitetlərdə elmi şuralar olduğu halda Ali Attestasiya Komssiyası nə üçün lazımdır?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqıf Abışov bildirdi ki, AAK uzun müddətdir fəaliyyət göstərir: Doğrudur, AAK-la yanaşı ayrı-ayrı institutların nəzdində elmi şuralar da faəliyyət göstərir. Ali Attestasiya Komssiyasınında isə ixtisaslar üzrə ekspert şuraları var. Müdafiə olunan mövzular burada bir daha yoxlanır. Ondan sonra isə müvafiq elmi adlar verilir. Qənaətimə görə, hələ ki bu komissiyanın fəaliyyəti lazımdır. Çünki plagiatlığın qarşısı müəyyən qədər alınır, müəyyən qədər nizam-intizam yaradılır. Ola bilər ki, gələcəkdə bu quruma ehtiyac olmasın. Lakin mövcud olan hər hansı bir qurumu ləğv etməzdən əvvəl onun yerinə daha yüksək və sanballı bir qurum yaradılmalıdır".
Gənc elmi tədqiqatçı İlkin Ağayev bildirdi ki, bu sahədə islahatlar aparılmalıdır: "Çunki elmi dərəcələrin verilməsi ilə bağlı prosedur çox mürəkkəbdir. Yazılan işin keyfiyyəti və aktuallığı əsas götürülməlidir. İşlək kriteriyalar tətbiq edilməlidir ki, bürokratik əngəllər yaradlmasın".
Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı hesab edir ki, müəllimlərin elmi dərəcəsini də hər universitet özü müəyyənləşdirməlidir: "Dünya praktikasında hər bir professor, dosent elmi dərəcəsini də universitet özü müəyyən edir. Bu baxımdan Azərbaycanda Ali Attestasiya Komissiyasının da fəaliyyətinə ehtiyac yoxdur. Bizdə ali məktəblərdə elmi ad almaq proseduru belədir: hansısa alim bir ali məktəbdə professor elmi dərəcəsini almaq üçün Elmi Şuradan keçməlidir, sonra onun sənədləri toplanıb göndərilməlidir Ali Attestasiya Komissiyasına.
Onlar da ya bunu təsdiq edirlər, ya da geri qaytarırlar. Əgər bu alim universitetin yetişdirməsidirsə, həmin ali məktəbin Elmi Şurası ona öz qiymətini veribsə, onun elmi adını universitet təsdiqləsə, daha obyektiv olmazmı? Ona görə də Türkiyədə, Avropa ölkələrində, Amerikada cavan yaşlarından hər universitetin öz professoru olur. Bizdə isə qocalıb əldən düşəndən sonra, dili söz tutmayanda professor diplomunu verirlər, o da kimsəyə yararlı olmur. Azərbaycan Avropa Şurasının üzvüdür və hesab edirəm ki, artıq belə addımları atmağın vaxtıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından artıq 22 il vaxt keçib, bu müddətdə keçid dövrü mərhələsində yaradılan qurumların ləğvinə ehtiyac var".

Əli