Azərbaycanda “Tik-idarə et-təhvil ver” modelinə dəyişiklik olunub Hadisə

Azərbaycanda “Tik-idarə et-təhvil ver” modelinə dəyişiklik olunub

Prezident İlham Əliyev 7 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” (TİT) modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edib.
Dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən, sözügedən qaydada “namizəd şirkət” “namizəd” anlayışı ilə əvəz olunub. Söhbət investisiya layihələrinin TİT modeli çərçivəsində həyata keçirilməsinə maraq göstərərək, bu məqsədlə təşkil olunmuş müsabiqədə iştirak edən investordan gedir.
Bundan başqa, Qaydaya edilmiş digər dəyişikliyə görə, bundan sonra aşağıdakı hallarda səlahiyyətli orqanın əsaslandırılmış qərarı ilə investor müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu ilə müəyyən edilir:
- insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olmuş fövqəladə hadisə ilə əlaqədar olaraq hər hansı investisiya layihəsinin həyata keçirilməsinə təcili ehtiyac yaranması və bununla bağlı müsabiqənin təşkilinin və keçirilməsinin sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmaması;
- investisiya layihəsinin yalnız konkret investor tərəfindən həyata keçirilməsinin mümkünlüyü və ya konkret investorun investisiya layihəsinin predmeti ilə bağlı müstəsna hüquqlara malik olması, heç bir alternativinin və ya əvəzedicisinin olmaması.
Həmçinin bundan sonra bütün namizədlər və yaxud müəyyən namizədlər arasında keçirilən müsabiqənin baş tutmuş hesab edilməsi üçün bu üsullarla keçirilən müsabiqədə azı 2 namizəd iştirak etməlidir. Keçirilən müsabiqədə namizədlərin sayı 2-dən az olduqda, müsabiqə baş tutmamış hesab edilir. İndiyə qədər qüvvədə olan Qaydaya görə namizədlərin sayına olan tələb 3 idi.