Azərbaycan Milli radio stansiyasının rəsmi açılışı Hadisə

Azərbaycan Milli radio stansiyasının rəsmi açılışı

Kürd qardaşlarımızın möhtərəm rəhbəri cənab Qazi Məhəmmədin radionun rəsmi açılışı münasibəti ilə söylədiyi nitqi

İndi ki, Azərbaycan Milli Hökumətinin radio stansiyası rəsmən açılır, Azərbaycanın bütün rəşid və azadlıqsevər millətinə ürəyimizin dərin güşəsindən gələn təbrik və salamlarımızı bildirirəm. Çünki bizim üçün bir vaxt müəyyən olunub ki, Kürdüstan tərəfindən də radioda danışılsın. Bu radionun açılışı münasibətilə kürd millətini də təbrik etməyi lazım bildim.
Bu iki nəcib millətin azadlığı ələ gətirmələrinə səbəb olan bu dostluq və birliyin gündən-günə daha da möhkəm olmasına ümid edirəm. İttifaq və qardaşlıq sayəsində ələ gətirdiyimiz azadlığın mühafizəsi üçün mərdliklə çalışacağıq. Bir-birimizə münasibətdə hər cür yardımı və köməyi əsirgəməyib hələ da qalmaqda olan ictimai və mədəni nöqsanları bir-birimizin köməkliyi ilə aradan qaldırıb tam sürətlə səadət və xoşbəxtlik mənzilinə tərəf gedək. Səy və ciddiyət etməliyik ki, dünyanın mütərəqqi millətlərindən geri qalmayıb sahibsizlikdən bu iki millətin düçar olduğu yoxsulluq və fəlakəti sənaye və elm vəsiləsi ilə dəf edək. Xülasə, bu iki milləti birlikdə işləməyə və qardaşlığa çağıraq. Fürsətdən istifadə edərək bu məsələni onların yadına salıram ki, bugünkü dünya elm və mədəniyyət sayəsində yeri-göyü fəth edib və indi ulduzların sirlərini kəşf eləməklə məşğuldur. Deməli, sizin nicat yolunuz yalnız elm və mədəniyyətə sahib olmaqdadır. Bu halda hər nəyiniz varsa, özünüzü savadlandırmaq, elm və maarifinizi genişləndirmək yolunda xərc edin və əmin olun ki, özünüzün qədim arzunuza yetişəcəksiniz. Kürd millətini bu məsələdən xəbərdar etmək istəyirəm ki, Təbrizə gəldiyim bu neçə gündə Azərbaycanın möhtərəm başçıları ilə birlikdə hərbi hissələri, məktəbləri və fabrikləri görməyə getmişəm. Azərbaycan milləti öz tərəqqi və səadəti yolunda böyük addımlar atıb və layiqli tərəqqilərin ona nəsib olduğunu müşahidə etmişəm.
Təbrizdə və Azərbaycanın sair şəhər və kəndlərində maddi və mənəvi nöqsanları aradan qaldırmaq üçün ictimai və iqtisadi sahələrdə böyük hərəkətlər görünməkdədir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946