Ağdamda məktəb direktoru koronavirusa yoluxub Hadisə

Ağdamda məktəb direktoru koronavirusa yoluxub

Ağdam rayonunun Bənövşələr kənd orta məktəbinin direktoru və riyaziyyat müəllimində koronavirus aşkarlanıb.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan hər iki şəxsin təmasda olduğu müəllim və şagirdlər müəyyən edilir: "Bununla bağlı Respublika Gigiyena və Edidemiologiya Mərkəzinə məlumat veririk. Mərkəzin göstərişi ilə orta məktəbdə lazım olan tədbirlər görüləcək".

Mərkəz rəhbəri bildirib ki, həmçinin rayonun Qasımbəyli kənd orta məktəbində də 1 nəfərdə koronavirus aşkarlanıb: "Dünən rayonun daha 4 orta məktəbinə baxış keçirilib. Baxış zamanı rayonun Qaradağlı kənd orta məktəbində 1 nəfər xadimədə, İmanqulubəyli kənd orta məktəbində bir müəllimdə koronavirus aşkarlanıb, həmin müəllimlə təmasda olan 3 sinif distant təhsilə keçib. Hazırda digər orta məktəblərdə də araşdırmalar davam etdirilir. Rayon ərazisində koronavirus aşkarlanan bütün orta məktəblər dezinfeksiya olunacaq".