Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və media qurumlarının BƏYANATI Hadisə

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və media qurumlarının BƏYANATI

Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və media qurumları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlıları tərəfindən törədilmiş soyqırımın 23-cü ilində Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ümumən dünyanın mütərəqqi ictimaiyyətinə müraciət edir, təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş soyqırımı cinayətinə biganə qalmamağa, dünyada analoji faciələrin bir daha təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasında qətiyyətli mövqe nümayişinə çağırırıq.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə azğınlaşmış erməni quldur birləşmələri keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının bilavasitə dəstəyi ilə mühasirəyə aldıqları Xocalıda əvvəlcədən hazırladıqları məkrli planı həyata keçirdilər. Nəticədə 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızlıqla qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 nəfər girov götürüldü.
Tarixi faktlar təsdiq edir ki, ermənilər zaman-zaman azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirmişlər. Bu siyasətin ağır nəticələrini iki milyondan artıq azərbaycanlı, türk və digər müsəlman xalqları müxtəlif vaxtlarda öz üzərilərində hiss etmişlər. Xüsusilə XX əsrdə azərbaycanlılara qarşı törətdikləri cinayətlərin cəzasız qalması onları daha da ruhlandırmışdır. Bütün bunlara rəğmən daim özlərini məzlum və soyqırıma məruz qalan xalq kimi təqdim etmişlər. Mövcud mənada erməni lobbi və diaspor təşkilatlarının 100 illiyini qeyd etməyə hazırlaşdıqları "erməni soyqırımı" iddiasının qondarma və cəfəng mahiyyətinə nəzər salmaq kifayətdir.
Biz Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və media qurumları hesab edirik ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar bəşəri dəyərlərə, müasir dünya düzəninin dinc və birgəyaşam qaydalarına kökündən vurulmuş zərbədir. Bu cür dəhşətli faciəni həyata keçirənlərin hələ də məsuliyyətə cəlb olunmamaları insanlıq adına utanverici haldır.
Xocalı faciəsinin miqyası BMT-nin 9 dekabr 1948-ci ildə qəbul etdiyi və 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" konvensiyada təsbit olunmuş müvafiq prinsiplərlə uyğunluq təşkil edir. Bu faciə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvinə yönələn cinayətlərdən biridir və bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan ictimaiyyətinin dünya birliyindən gözlədiyi məhz budur. Xocalıya ədalət tələb edirik!
Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və media qurumlarının nümayəndələri dünyada milli, etnik, dini, irqi ayrıseçkiliyə qarşı olduğumuzu bəyan etməklə, bu cür halları törədən şəxslərin və qrupların layiqli cəzalarını almaları üçün dünya birliyini təkidlə mübarizəyə, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktına biganə qalmamağa, Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət verməyə çağırırıq. Əmin olun ki, bu qiymət təkcə Azərbaycan xalqının haqq işinə dəstək yox, eyni zamanda böyük insanlıq borcudur.