"Petkim" istehsal gücünü 92%-ə çatdırıb Hadisə

"Petkim" istehsal gücünü 92%-ə çatdırıb

Bu ilin I rübünün maliyyə göstəricilərini açıqlayan “Petkim” neft-kimya kompleksi (əsas payı SOCAR-a məxsusdur) qlobal miqyasda ümumi təklifin azaldığı pandemiya dövründə fasiləsiz istehsalı davam etdirərək istehsal aktivliyini artırıb və bununla da “Petkim”in istehsal gücü 92%-ə çatıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” pandemiyanın mənfi təsirlərinə baxmayaraq 2021-ci ilin ilk rübündə də maliyyə göstəricilərini yüksəltməyə nail olub.

Məlumata görə, qlobal istehsalda və dünya tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq, istehsal prosesinə fasiləsiz davam edən “Petkim” Türkiyə daxili bazarını ehtiyac duyduğu məhsullarla təchiz etmişdir. İlk üç ayda ümumi gəliri 5 milyard TL-yə çatan şirkətin satışlarında daxili bazarın payı 66% olub.

“2021-ci ilin ilk rübünün maliyyə göstəricilərini açıqlayan “Petkim” pandemiya şəraitində davam etdirdiyi mənfəət artımı ilə yanaşı qlobal istehsalın azaldığı bir dövrdə istehsal tutumunun artırılması ilə də diqqətəlayiq bir nəticəyə imza atmışdır. Xammal məhdudiyyətləri səbəbindən bir çox neft-kimya şirkəti istehsalını azaltdığı və hətta dayandırdığı bir vaxtda “Petkim”-in istehsal tutumunun aktivliyi 92%-ə çatıb”, - məlumatda qeyd edilir.

Vurğulanır ki, “Petkim”in bu uğurunda STAR Neft Emalı Zavodu ilə birgə həyata keçirilən inteqrasiyalı istehsalın da böyük rolu olub. Rəqəmsal texnologiyaları istehsal proseslərinə uğurla tətbiq edərək xammal və əsas istehsal resurslarında yüksək məhsuldarlıq əldə edən STAR NEZ bu dövrdə tam gücü ilə fəaliyyətinə davam edərək “Petkim”-i yüksək keyfiyyətli nafta ilə nizamlı bir şəkildə təmin edib. Planlaşdırılmış satış hədəflərini pandemiya müddətində reallaşdırmağa nail olan və effektiv dövriyyə kapitalı vasitəsilə büdcə hədəflərinə uyğun inkişafını davam etdirən Petkim 2021-ci ilin ilk üç ayında 892 milyon TL məbləğində xalis mənfəət əldə edib.

SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan "Petkim" neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan "Petkim"in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.