Gənc Alimlər Qubada soyqırımı qurbanlarını anıblar Hadisə

Gənc Alimlər Qubada soyqırımı qurbanlarını anıblar

Tərlan

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçiriblər. AMEA-nın məlumatına əsasən, gənc alimlər əvvəlcə Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər. Ziyarətçilərə məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır. 2007-ci ilin iyulundan etibarən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmış, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanmışdır.
Sonra ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksində olublar. Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış və 2013-cü il sentyabrın 18-də açılışı olan kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar yer alır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
Daha sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında yerli gənclərin da iştirakı ilə soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famin Salmanov bildirib ki, Quba soyqırımı məzarlığı soydaşlarımızın başına gətirilən müsibətin aydın təzahürüdür. Bu məzarlığın erməni vəhşilərinin iç üzünün dünyaya tanıdılması üçün canlı nümunə olduğunu söyləyən F.Salmanov bu həqiqətlərin dünyaya çatdırılmasında gənc alimlərin üzərinə düşən vəzifələrdən danışıb: "Məzarlıqda gördüklərimiz bir əsrlik sirri özündə gizlədən tarixi həqiqətimizdir. Quba, eləcə də digər qəzalarda qeydə alınan hadisələr ermənilərin xalqımıza qarşı bəslədikləri tarixi nifrətdən xəbər verir. Bu həm də onu göstərir ki, ermənilərin iddiası təkcə Qarabağ torpaqlarımızın işğalı ilə bağlı deyil. Bu mənfur bir niyyətin silsilə davamıdır".
Sonra çıxış edən Quba rayon Gənclər Mərkəzinin rəhbəri Rəşxəndə Bayramova AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən növbəti dəfə Qubada anım tədbirinin təşkil edilməsini təqdirəlayiq hal olduğunu bildirib. Qeyd edib ki, soyqırımı hadisələri ilə bağlı tarixi faktların mütəxəssislər tərəfindən araşdırılması və nəticələrinin yerli gənclərlə birlikdə müzakirəsi yetişməkdə olan nəslin milli-mənəvi təffəkürünün formalaşdırılmasında mühüm rol oynayacaqdır. Tədbirdə AMEA Tarix İnstitutunun elmi işçisi Rəisə Cəfərova, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Aysel Şeydayeva, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Səbinə Kərimova və Quba şəhəri 7 saylı tam orta məktəbin müəllimi Anar Murtuzov və başqaları da çıxış edərək soyqırım hadisələrinə beynəlxalq miqyasda tarixi və hüquqi-siyasi qiymətin verilməsinin vacibliyindən danışıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.