
HDİM məişət zorakılığını Şuranın dəstəyi ilə Xaçmazda müzakirə edib
Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz rayonunda keçirib. Son illər məişət zorakılığı qrubanlarının artmasına diqqət çəkən layihənin rəhbəri, HDİM sədri İlham Əliyev deyib ki, dövlət tərəfindən sərt addımların atılmasına ehtiyac var: "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Bu sahə ilə məşğul olan qeyri hökumət təşkilatları fəalliyyət göstərir. Məişət zorakılığına məruz qalmış şəxslər üçün sığınacaqlar yaradılıb. Bununla belə Azərbaycan şəraitində məişət zorakılığının, qadınlara və uşaqlara şiddətin aradan qaldırılması üçün müəyyən çətinliklər var. İnsanlarda mentalitetdən gəlmə ailə münaqişəsinə polisi, psixoloqu qarışdırmamaq kimi bir inanc var. Zorakılığa məruz qalmış qadınların ilk növbədə cəmiyyətə inamı bərpa olunmalıdır. "Döyülən qadın suçludur" inancı yanlışdır və aradan qaldırılmalıdır. Qadın bilməlidir ki, onun arxasında sağlam düşüncəli toplum, insanlar var". Araşdırmaçı jurnalist Zümrüd Bayramova məişət zorakılığının aradan qaldırılmasına dair bir sıra ölkələrin təcrübəsindən danışıb. Qeyd edib ki, Ailə Məhkəmələrinin fəalliyyət göstərdiyi Türkiyədə Ailə Məhkəmələri pulsuz fəaliyyət göstərir. Ola bilər ki, qadın yazılı şikayət etməkdən qorxur, bu zaman Ailə Məhkəmələri hətta şifahi şikayət əsasında işə baxırlar: "Zorakılığa məruz qalmış qadına pulsuz vəkil, psixoloq tutulur. Qadının yaşayış yerinin dəyişdirilməsinə yardım edilir, ərinin əmək haqqından tutulan məbləğlə ona kirayə ev tutulur. Zorakılığa məruz qalmış qadının razılığı olmadan həyat yoldaşı mənzilini sata bilməz. Hətta qadının razılığı olmadan onu boşaya bilməz. Ekspertlər hesab edir ki, bu təcrübə Azərbaycanda da tətbiq edilməlidir". Qeyd olunub ki, məişət zorakılığı, qadınlara qarşı şiddət deyərkən ilk növbədə kişilərin zorakılığı göz önünə gəlir. Amma çox təəssüf ki, bəzən qadınların qadınlara qarşı zorakılığının da şahidi oluruq: "Xüsusən qaynana-gəlin, baldız-gəlin münaqişələrinə geniş rast gəlinir. Bəzən ailəyə gəlin gəlmiş "yad qızı" acımasız münasibətlə üzləşir, hətta bəzən ona fiziki təzyiq göstərirlər". Rayon ziyalısı Zöhrab Məmmədovdeyib ki, gələcəkdə zorakılığa məruz qalmamaq üçün qadınlar da ailə qurarkən ciddi düşünməli, doğru seçim etməlidirlər: "Gənc qızların düşüncəsində "dəmir əlli kişi" anlayışı var. Onlar bəzən bu məsələdə yanılırlar. "Dəmir əlli", "polad biləkli ər" deyəndə kobud, problemləri qaba yollarlla həll edən birisi anlaşılmamalıdır. Dəmir əlli, dəmir iradəli kişi xanımını qoruyan, onun adını hər zaman uca tutan, onu incitməyən adamdır. Maraqlıdır ki, hətta bu məsələdə də keçmiş quruluşun qalıqları öz sözünü deyir. Məlumdur ki, avtoritar Sovet cəmiyyətində hər şeyi bir nəfər həll edirdi. Ailədə də avtoritar əsasda formalaşırdı. Demokratik cəmiyyət tamam fərqlidir. Bu cəmiyyətdə qurulan ailə də demokratik olmalı, qərarlar birgə verilməli, məsuliyyət birgə daşınmalıdır".
Əli