Erməni qusanları qoşmalarını azərbaycanca yaradırdılar Mədəniyyət

Erməni qusanları qoşmalarını azərbaycanca yaradırdılar

XIII əsrdə xalq şeiri yeni mərhələyə daxil olur. Şeirdə bütövləşmə və kamilləşmə prosesi davam etdikcə məzmun zənginləşir, forma təzələnir. Xalq şeirinin gəraylı, varsağı, bayatı, qoşma, təcnis kimi şəkilləri həm yazılı ədəbiyyatda, həm də şifahi ədəbiyyatda paralel inkişaf edir. Yunis İmrənin, Qazi Bürhanəddinin, Nəsiminin yaradıcılığında xalq şeiri olmasında yeni poetik əsərlər yaranırdısa, şifahi şeirdə, xüsusən ozan-aşıq şeirində qoşma və gəraylı kimi şeir şəkillərinin kamil nümunələri meydana gəlirdi. XIII əsrdən başlayaraq XIV-XV əsrlər də daxil olmaqla Molla Qasımın, Dədə Kərəmin, Tahir Mirzənin, Aşıq Paşanın (XIII - XIV əsrlər), Aşıq Paşazadənin, Aşıq İbrahimin (XIV əsr), Aşıq Qəribin, Sarı Aşığın ədəbi irsi milli Azərbaycan şeirinin yeni istiqamətdə inkişaf etdiyini göstərir.
Vaxtında yazıya alınmasa da, Azərbaycan xalq şeiri və ozan-aşıq lirikası Yaxın Şərqdə elə bir geniş vüsət alır ki, hətta erməni qusanlarının əksəriyyəti şeirlərini bu dildə yaradır, erməni əlifbası ilə yazıya köçürürdülər. XIII əsrdə yaşayıb yaratmış Hovanes Zəncanlı "Məriəm" adlı şeirini azərbaycanca yazıb. Həmin əsrlərdə erməni qaynaqlarında təsadüf edilən azərbaycanca mənzumənin ("Molla oğlu ilə keşiş qızının deyişməsi") məzmunu "Əsli-Kərəm" dastanının süjetini yada salır.
Yaxın Şərq, Orta Asiya, erməni və Azərbaycan xalq yaradıcılığına dair qaynaqlar göstərir ki, Molla Qasım, Dədə Kərəm, Aşıq İbrahim, Aşıq Paşa, Aşıq Paşazadə, Tahir Mirzə, Qərib və Sarı Aşıq kimi ozan-aşıqlar XIII - XV əsrlərdə saz şeirinin müxtəlif şəkillərində nadir incilər qoşublar. Yeri gəlmişkən xatırladaq ki, Kərəm, Qərib, Tahir Mirzə, İbrahim daha çox məhəbbət dastanlarının qəhrəmanı kimi tanındıqlarından onlar şəxsiyyət kimi unudulub, hətta tədqiqatdan kənarda qalıblar. Halbuki xalq təsəvvüründə, aşıq məclislərində Kərəm də, Qərib də, Tahir Mirzə də, İbrahim də həmişə tarixən mövcud olub, yaşayıb, ustad aşıq kimi xatırlanıblar. Aşıq yaradıcılığının mötəbər tədqiqatçıları H.Araslının, M.H.Təhmasibin əsərlərində türk, türkmən, özbək, erməni və başqa mənbələrdə bu aşıqlar tarixi şəxsiyyət, ustad aşıq kimi araşdırılıb. Əlbəttə, bu sənətkarların şeirləri xələfləri, xüsusilə də ifaçı dastançı aşıqlar tərəfindən tədricən müasirləşdirilib, ilk nümunələrindən az əlamətlər qalıb.
Saz şeirinin təsir dairəsi Zaqafqaziya və Yaxın Şərqdə o qədər güclü olub ki, XIV-XV əsrlərdə erməni qusanları qoşmalarını əsasən azərbaycanca yaradırdılar. Erməni ədəbiyyatşünası Q.K.Qosdanyan (XIX əsr) Hovanes Tlkuransinin türk-Azərbaycan və fars dilini mükəmməl bildiyindən geniş söhbət edib yazırdı: "Türkcə (azərbaycanca – Q.N.) və farscadan Tlkuransi öz dövrünün təbini izləyib. O vaxt erməni şairlərinin böyük bir qismi dəfələrlə öz istedadlarını yuxarıdakı dillərdə məşhurlaşdırıblar: Arakel Bağişəsi, Qr. Axtamarasi, Hakop, Qazar, Mkrtıç Nağaş, K.Yerzinkasi (XIV-XVI əsrlərdə yaşamış erməni şairləridir – Q.N.) və bir çoxları da bu yolla gediblər". Erməni qusanı Tlkuransinin 1695-ci il tarixli əlyazmasında azərbaycanca şeirləri də saxlanılır. "Kimsə bəni bilməz idi" misrası ilə başlanan bu şeir on bənddən ibarətdir. Yalnız onuncu bənd ermənicədir:

Kimsə bəni bilməz idi,
Gəldim ki, bəyan eyləyim.
Mən əzəli göydə idim,
Gəldim ki, əyan eyləyim.
Başıma çarə eyləyim,
Ruhuma haray eyləyim.

Bunlar göstərir ki, hakim dairələrdə və ruhani mühitində ozan sənətinə, xalq şeirinə qarşı nə qədər mühafizəkar mövqe tutulsa da, bu sənətin inkişafını saxlamaq, onu məhv etmək mümkün olmayıb. Bir tərəfdən, "Qəribnamə"nin müəllifi Aşıq Paşanın (1272-1333) dediyi kimi hakim dairələrdə:

Türk dilinə kimsələr baxmaz idi,
Türklərə hərgiz könül axmaz idi,
Türk dəxi bilməz idi bu dilləri,
İncə yolu, ol ulu mənzilləri.

Başqa tərəfdən türk-Azərbaycan dilinin coğrafi təsir dairəsi o qədər geniş və əhatəli idi ki, istər-istəməz azərbaycanlılarla qonşu olan başqa xalqlar bu dildən həm ünsiyyət vasitəsi, həm də fikrin poetik ifadəçisi kimi istifadə edirdilər. Xatırladaq ki, Qafqazda, İranda, İraqda, Anadoluda azərbaycanlıların sayca çoxluğu dilin nüfuz dairəsini daha da genişləndirirdi. Əslində yüzlərlə erməni qusanlarnın azərbaycanca şeir yazmalarının başlıca səbəbi də bu idi. Lakin erməni qusanları, bəzi gürcü mıqusanları şeirlərini azərbaycanca qoşduqları halda, Azərbaycanın saray şairləri və divan ədəbiyyatı nümayəndələri əsərlərini, əsasən, ərəb və fars dillərində yazırdılar. Bu da onu göstərir ki, xalqın bədii təfəkkürü başqa cür düşünən saray mühitinə yox, milli hüdudları aşıb bütün Şərqə yayıla bilərdi.
Oxşar və fərqli cəhətlərinin olmasına baxmayaraq, "ozan-aşıq" termini uzun müddət yanaşı işlənib. Xatırladaq ki, ozan islam görüşlərindən çox-çox əvvəlki (Dədə Qorqud dövrü) təfəkkürə, etiqad və görüşlərə malik olduğundan yeni mahiyyətli islam təriqətlərini qəbul edə bilmədi. Lakin islam təbliğatçıları ozan-aşıq sənətini ələ almaq üçün bütün imkanlardan istifadə edirdilər. Onlar çox zaman dini məsələləri xalqa çox bağlı və yaxın olan bu sənət vasitəsilə yaymağa çalışır və çətinliklə də olsa buna nail olurdular. "Kitabi-Dədə Qorqud" dastanının yazılı variantında da islam təbliğatçılarının dəst-xətti, süni əlavələri aydın nəzərə çarpır. Bəzi halllarda öz istəklərinə nail olmadıqda ozan sənətkarlar təqib olunur, onların özünə və yaradıcılığına tənə ilə yanaşır, xalq arasında onları gözdən salmağa çalışırdılar. Buna görə də aşıq sənəti müəyyən tənəzzülə uğrayır, daxili məzmununu, həm də zahiri "libasını" dəyişməli olurdu. Azərbaycanın böyük bir ərazisində şiə təriqətinin geniş yayıldığı bir dövrdə aşıq sənətində Əli kultuna güclü bir meyl yarandı. Aşığın yaratdığı dastanlarda qəhrəmanlar və ya sevgililər Hz. Əlinin butası vasitəsilə yuxuda görüşür, sevişir, uzun və çətin sınaqlardan çıxaraq Hz. Əlinin köməyi ilə bir-birinə qovuşurdular. Şah İsmayıl Xətayinin dövründə isə onun təbliğ və istifadə etdiyi Əli kultu və şiə etiqadı aşıq yaradıcılığının əsas leytmotivinə çevrildi. Və bu istiqamətdə yeni-yeni lirik şeirlər, dastanlar yarandı. Məhz bu münasibətlə akademik H.Araslı yazırdı: "Səfəvilərin dini görüşlərini yaymaq, Səfəvi hakimiyyətini möhkəmləndirmək üçün hər vasitədən istifadə etməyə çalışan Şah İsmayıl Xətayi xalq müğənnilərinin nüfuz və qüdrətindən də istifadə edib. Şah İsmayılın uşaqlıq illəri xalq içərisində keçib. Onun şairlik istedadının inkişafında aşıq şeirinin böyük təsiri olub. O, aşıq yaradıcılığına böyük diqqət verir, özü də aşıq şeiri üslubunda əsərlər yazırdı".
Məhz buna görə də XVI əsr aşıq sənətində yeni bir mərhələdir. Çünki bu dövrdən başlayaraq aşıq sənəti üçün daha münbit iqlim yaranmışdı. Ozanın yerini tutan aşıq mahiyyətcə ozanı əvəz etdiyi kimi, saz da qüdrətli qopuzu əvəz etmişdi. XIII əsrdən sonra aşıq lirikasının və ümumiyyətlə, xalq şeirinin türkü, varsağı, bayatı, gəraylı, qoşma, tuyuğ, tağalaq, təkərləmə, səmayi, mahnı, qələndəri, şərqi, şəki, səlis, müəmma, üçləmə, qapalama və daha başqa şəkilləri geniş yayılmışdı. Zaman keçdikcə tarixi ədəbi amillər bu şəkillərin bəzilərini sıxışdırmış, hətta divan ədəbiyyatının bir çox şəkilləri (qəzəl, divani, müxəmməs, müstəzad, dübeyt və s.) aşıq şeiri şəkilləri kimi özünə hüquq qazanmışdı. Belə rəqabət aşıq şeirində nisbətən qədim və bəsit şəkilləri sıxışdırdığı kimi, yeni-yeni şəkillərlə də öz poetik məzmununu zənginləşdirmişdi.
XVI əsrdən sonra aşıq sənətində əmələ gələn bu yeniləşmə böyük bir aşıq nəslinin yetişməsi üçün zəmin yaratdı. Dədə Yediyar, Qurbani, Aşıq Heydər, Aşıq Səfi, Miskin Abdal, Vanlı Göyçək, Koroğlu, Aşıq Cünun, Dədə Qürbət və Miran kimi tanınmış sənətkarlar yetişdi. Bu sənətkarlar qədim Gəncə, İrəvan, Naxçıvan, Tiflis, Təbriz, Hələb, Diyarbəkir, İsfahan və b. şəhər və diyarlarda aşıq sənətini təmsil edirdilər. XVI əsrdə yaranan bir çox dastanlar da bu sənətkarların adı ilə bağlıdır. Qurbaninin yaradıcılığı və dastan qəhrəmanı kimi şöhrətlənməsi, dövrünün məşhur aşığı Dədə Yediyar və Aşıq Heydərlə qarşılaşıb deyişmələri dastan mövzusu olub. Bu dastanlarda ("Qurbani", "Vanlı Göyçək") Dədə Yediyar həqiqətən də dərin biliyə malik ustad aşıq kimi təsvir olunur.
Miskin Abdalın (XVI əsr) da şeirlərindən ibarət bir çox nümunələr dövrümüzə gəlib çatıb. Bu şeirlər aşığın kamil bir sənətkar olduğunu göstərir. Aşığın əldə edilən gəraylısı da nəsihətamiz məzmundadır:

Namərd ilə yoldaş olma,
Uzun ağrı çəkər başın.
Halal ilə ərsəyə çat,
Daş qalalar səkər başın.

Aşıq Cünunun sazına ilham verən qoç Koroğlu özü də qəhrəmanlıq nəğmələrinin nadir nümunələrini yaradıb. Cünglərdə, bəzi əlyazmalarda Koroğlu şeirlərinə təsadüf olunur.
Bu dövrdə klassik Azərbaycan poeziyasının və aşıq sənətinin çox geniş yayılması və güclü təsiri ilə Vanlı Göyçək və Miran kimi azərbaycanlı və erməni sənətkarlar ən yaxşı ustadnamələrini yazmışdılar. Vanlı Göyçəyə və Mirana Nəsiminin, Dədə Kərəmin, Qəribin böyük təsiri aydın duyulur. Aşıq şeirinin kamil nümunələrini yazmış Vanlı Göyçək və Miranın ədəbi irsi ictimai məzmun baxımından da zəngindir. Şeirlərində Nəsimini və Kərəmi tez-tez xatırlayan ("Kərəm tək yandım öz atəşimdən", "Kərəm tək ah çək öz vücudundan", "Yanasan biləsən nar necə olur" və s.) Miran Nəsiminin və Kərəmin təşbeh və rədiflərinə nəzirələr də yazıb. Nəsiminin "Çünki doğan öləsidir" misrası ilə başlayan gəraylısına Miranın "Qalmaz" rədifli şeiri ona ehtiram kimi səslənir:

Sirrini demə duyalar,
Nəsimi tək soyalar,
Qara ikən ağ boyalar,
Tellər bu qərarda qalmaz.

Qurbaninin təmsil etdiyi mühitdən bir qədər sonra Abbas Tufarqanlı, Aşıq Abdulla, Şirvanlı Dostu, Aşıq Əmrah, Bayat Abbas, Aşıq Hüseyn, Qaracaoğlan, Sarovlu Şıxı, Dədə Çoban (Budaq Çoban), Aşıq Əsmər, bayatı ustası Lələ, Baba və Əziz kimi saz və söz ustalarının müxtəlif şəkilli şeirləri geniş yayılıb. Abbas Tufarqanlı bu el şairləri arasında xüsusi yer tuturdu. Ona görə də onun haqqında bir neçə variantlı dastanın yaranması təsadüfi deyil. Abbas Tufarqanlı Təbris səfərində Şirvanlı Dostu və Aşıq Hüseynlə qarşılaşmış və deyişiblər. Sayat Novanın "Mahnılar məcmuəsi"ndə Dostunun havalarından biri "Şirvanın yollarında" adlanır. Bu mahnı indi də xanəndələr tərəfindən oxunur. Bu və digər mənbələr göstərir ki, Dostu dövrünün saz və söz ustadı kimi böyük şöhrət qazanıb.


Qara Namazov
professor