Milyonların sevimlisi Mədəniyyət

Milyonların sevimlisi

Bu gün Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür

Zeynəb Xanlarova sənəti bütün zamanlarda diqqət mərkəzində olub. Onun ömür yaşı səksəni haqlasa da, sənət yaşının tarixi yoxdur. Zeynəb Xanlarova sənətinin yaşı Azərbaycan musiqisinin tarixi qədər qədim və zəngindir...

Bu gün Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

Hər dəfə nəğmələri sərhəd tanımayan Azərbaycanın təkrarsız sənətkarı Zeynəb Xanlarovanı dinləyəndə böyük ədiblərdən birinin - “Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil”, - müdrik kəlamını xatırlayıram.

O da bu yola böyük həyat eşqi, sonsuz sevgi ilə çıxdı. Sənətə qədəm qoyduğu ilk gündən kamil bir sənətkar olmaq üçün gecəsini gündüzünə qatdı, dövrünün ən məşhur ustadlarından muğamlarımızın, təsniflərimizin, xalq mahnılarımızın sirlərini öyrəndi. Sənətə elə ürəkdən bağlandı ki, artıq ondan ayrılmağın mümkünsüzlüyünü anladı və musiqisiz keçən gününü ömürdən saymadı.

Milli olduğu qədər də bəşəri

Qısa müddətdə səsinin şirin avazı ilə milyonların ürəyinə yol tapdı. Bu səs hər bir azərbaycanlının qapısını döydü, evinin ən əziz qonağı oldu. Bu səs sərhədləri aşaraq yaxın-uzaq məmləkətlərdə eşidilməyə başladı. Musiqinin sərhəd tanımaması onun timsalında bir daha təsdiqini tapdı. Sərhədlərindən quşların belə səkə bilmədiyi keçmiş sovetlər məkanının qanunlarının ən sərt dönəmində o, öz şaqraq, bənzərsiz ifası ilə çox-çox uzaqlarda milyonların sevimlisinə çevrilə bildi. Dilimizi bilməyən əcnəbilər belə o şirin avazın, ecazkar ifanın sehrinə düşdü. Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova qısa bir zaman kəsiyində milli olduğu qədər də bəşəri bir ifaçıya çevrildi.

Onun qastrol səfərlərinin xəritəsini cızmaq çətindir, bəlkə də mümkün deyil. Zeynəb xanımın səsinin qət etdiyi məsafəni, yolları bir-birinə calasaq, bu sehrli nəğmə çələngini bəlkə də bir neçə dəfə planetin başına dolamaq mümkün olardı. Onu dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni məhəbbətlə, eyni hərarətlə qarşılayır, eyni coşqunluqla alqışlayırlar.

Bu xoşbəxtlik hər sənət adamına qismət olmur. Səni doğulduğun məmləkətdə olduğu qədər uzaq ellərdə də sevsinlər, dəyərləndirsinlər. Bu, yalnız və yalnız Zeynəb Xanlarova kimi xoşbəxt sənətkarlara nəsib ola bilərdi və oldu da...

Zeynəb xanım üz tutduğu, konsert proqramları ilə çıxış etdiyi hər bir məmləkətə təkcə özünü və Tanrının ona bəxş etdiyi səsini aparmır, o, həm də həmin ünvanlara Azərbaycanı aparır. O, öz Vətəninin, xalqının adını, şöhrətini yaxın-uzaq ellərdə zirvələrdən-zirvələrə qaldırmaq üçün bu yola çıxmışdır, bəlkə də bu səbəbdən harada olurdusa, orada tükənməz bir Azərbaycan sevgisi qoyub gəlir.

Novator ifaçı

Zeynəb xanımın XX əsr Azərbaycan ifaçılığında bəlkə də heç kəsin yüksələ bilməyəcəyi bir sənət zirvəsi vardır. Onun sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.

Z.Xanlarova 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, əvəzsiz ifaçı olmasını Opera və Balet Teatrının səhnəsində yaratdığı bir-birindən maraqlı, bənzərsiz rollarla çoxdan təsdiqləyib. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizdə əbədi qalacaq obrazlardır. Sənətkar heç vaxt uğurları ilə kifayətlənməyib. Onun repertuarını xalqımızın milli kimlik pasportuna çevrilmiş muğamlarımız, təsnif və xalq mahnıları, böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu və başqalarının, eləcə də Şərq xalqlarının mahnıları bəzəyir.

Xalqımızın istəklisi Zeynəb Xanlarovanın klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan müğənnilik sənəti milli musiqimizdə bir təzəlik, yenilikdir. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, səhnə davranışında, mahnı ifaçılığında özünü qabarıq göstərir.

Əvvəllər qadın xanəndələrin repertuarında, əsasən “Şahnaz”, “Qatar” muğamları yer alırdı. Çünki bu muğamlar tessitura cəhətdən zil, diapazonca məhdud, həcmcə yığcamdır. Lakin Zeynəb xanım bu ənənəni cəsarətlə pozdu, qadınlar arasında ilk dəfə “Çahargah” kimi geniş monumental dəstgah oxudu və böyük yaradıcılıq müvəffəqiyyətinə nail oldu. Zeynəb Xanlarovanın ifasında bu muğam yeni başlanğıc, yeni nəfəs kimi dəyərləndirilirdi. Bütün muğamsevərlər və ustad sənətkarlar onun ifasındakı “Çahargah”ı yüksək qiymətləndirməklə yanaşı, bu səsin sahibinin gələcəkdə böyük sənətkar olacağına inamlarını böyük cəsarətlə bildirirdilər. Zeynəb xanım bu inamı doğrultmağı bacardı və bir daha sübut etdi ki, çəkilən zəhmət mütləq bir gün öz bəhrəsini verəcək. O, “Çahargah”la yanaşı, “Şur”, “Dilkəş” təsniflərini, “Mahur-hindi”, “Qatar”, “Xaric segah”, “Hümayun”, “Bayatı-kürd” muğamlarını cidd-cəhdlə öyrənib oxudu. Bu, onun üçün adi yaradıcılıq prosesi deyildi. Zeynəb Xanlarova əsl novator ifaçı kimi hər bir musiqi əsərini tamamilə yeni səpkidə oxuyurdu. Bu səbəbdən onun muğam ifaçılığındakı üstünlüyü danılmazdır.

Musiqimizin Zeynəb yolu

Zeynəb Xanlarova bu uğurlara heç də birdən-birə nail olmayıb. Bu uğurların, böyük tamaşaçı sevgisinin kökündə yorulmadan, usanmadan çəkilmiş zəhmət dayanır. Zeynəb Xanlarova Azərbaycan xanəndəlik sənətinin, vokal ifaçılığının qüdrətli nümayəndələrinin yaradıcılıq çeşməsindən bəhrələnib. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva və digər sənət korifeyləri onun yaradıcılıq yolunda örnək, məhək daşı rolunu oynayıblar. Zeynəb xanım böyük sənətkarların hər birinin ifaçılıq üslubunu mənimsəyib, lakin böyük istedadı, iradəsi hesabına heç vaxt təqlid yolunu seçməyib.

Zeynəb Xanlarovanın ifaçılığında emosionallıq, aydın tələffüz, zəngin səs palitrası, səhnə plastikası insanı heyran qoyur. Onun səsi qəlb yanğısından yoğurulduğundandır ki, hər zaman insanı valeh edir, kamilliyə səsləyir. Bu səsdə fərəh də var, kədər də. Zeynəb Xanlarova olmağın yolu alın təri, tükənməz zəhmət, gecə-gündüz usanmadan çalışmaqdan keçir. Z.Xanlarova olmağın mahiyyətində məcnunluq, sənətə, ifaya, muğama dəlicəsinə çılğın aşiqlik vardır.

Sənətə bütün ifaçılar kimi oxumaq, özünü sübut etmək amalı ilə gələn Zeynəb Xanlarova qısa zaman kəsiyində çoxlarından, bəlkə də elə hamıdan fərqləndi. Ən azı ona görə ki, özü olmağa çalışdı və oldu. Təkcə səsi, avazı, zili, bəmi ilə yox, həm də danışığı, gülüşü, geyimi, insanlara münasibəti, xeyirxahlığı və bir də qazandığı tükənməz tamaşaçı sevgisi ilə. Sənət yollarına hamı kimi çıxsa da, özü kimi addımlamağa qərar verdi və musiqimizin Zeynəb yolunu tapa bildi, yarada bildi.

Onun varlığı ilə fəxr etməyə dəyər

Onun zəhməti həm qədirbilən xalqımız, həm də dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib. Zeynəb xanım tək-tək sənətkarlara nəsib olan bütün fəxri adların hamısına layiq görülüb. Dövlət mükafatı laureatıdır. Bununla yanaşı, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflər qazanıb. Sinəsini neçə-neçə orden bəzəyir – keçmiş SSRİ-nin “Şərəf nişanı”, “Xalqlar Dostluğu” ordenləri. Bütün dünyada məşhur olan “Melodiya” firmasının “Qızıl val” mükafatı da sənətkarın bənzərsiz istedadına, zəngin yaradıcılığına verilən layiqli qiymətdir. Onun üçün isə ən yüksək, ən ali mükafat müstəqil Azərbaycanın “Şöhrət”, “İstiqlal” və “Heydər Əliyev” ordenləridir.

Z.Xanlarovanın yaradıcılığı ulu öndər, Azərbaycan incəsənətinin hamisi ümummilli lider Heydər Əliyev tərəfindən daim yüksək qiymətləndirilib.

Zeynəb xanım haqqında deyilən qiymətli fikirlərin sırasında bir neçəsini bu yazıda xatırlamağı məqsədəuyğun hesab edirik. Azərbaycanın Xalq rəssamı Tahir Salahov deyib: “Zeynəb musiqimizdə hadisədir, mərhələdir və onun varlığı ilə fəxr etməyə dəyər”. Filologiya elmləri doktoru, professor Əziz Şərif isə dəyərli sənətkarla bağlı düşüncələrini belə ifadə edib: “...Haçan səhnədə görünübsünüzsə, haçan qəlbən sevdiyiniz nəğmələri oxumağa başlayıbsınızsa tamaşaçı salonu gurultulu alqışlara bürünüb. Zeynəb səsinə, Zeynəb oxumasına pərəstiş edənlər sevgilərini də o alqışlara qatıb müğənniyə ərməğan ediblər. Siz oxuyursunuz və oxumalarınızdakı Vətən ətri, bayatı rayihəsi ürəklərə dolur. Şirin səsinizdən, kövrək nəğmələrinizdən doya bilmirik. Sizin hər nəğməniz həssas bir ürəyin hekayətidir. Odur ki, həmin nəğmələrə biganə qalmaq mümkün deyil...”.

Zeynəb Xanlarova keçmiş Sovet İttifaqında bir neçə dəfə qardaş Türkiyədə qastrol səfərində olmuş yeganə və xoşbəxt sənətkarlardandır. 1972-ci ildə Türkiyəyə üçüncü qastrol səfəri zamanı xanəndənin ifasında 24 mahnı bu ölkənin səsyazma firmasında vala yazılıb. Həmin vallarda “Azərbaycan”, “Reyhan”, “Qonaq gəl bizə”, “Sevən könül”, “Lalələr”, “Ay qəlbi kövrək”, “Tələbəlik illəri” və başqa mahnılar yer alıb. Valların üstünə müğənninin şəkli vurulub, firmaya isə “Zeynəb” adı verilib.

Zeynəb Xanlarova musiqimizin və mədəniyyətimizin tarixində əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır. Zeynəb səsi, Zeynəb ifası sanki bütün keçilmiş yolun yekunu, qazanılmış təcrübənin məcmusu və zirvəsidir.

Bütün bunlar bir daha deməyə tam əsas verir ki, Zeynəb Xanlarova təkcə yaşadığı zamanın deyil, bütün zamanların sənətkarıdır.