YARAT-da “Yeddinci tənhalıq” adlı qrup sərgisi təqdim olunacaq Mədəniyyət

YARAT-da “Yeddinci tənhalıq” adlı qrup sərgisi təqdim olunacaq

İyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzində “Yeddinci tənhalıq” adlı qrup sərgisi açılacaq.

YARAT-dan AZƏRTAC-a verilən məlumata görə, ekspozisiya YARAT-ın sifarişi ilə hazırlanan, həmçinin son illərdə yaradılmış Hüseyn Haqverdiyevin, Tərlan Qorçunun, Orxan Hüseynovun, Ramal Kazımın, Novruz Məmmədovun, Fərəc Rəhmanovun, Eltac Zeynalovun, İsmayıl Səfərəlinin və Nadir Eminovun əsərlərini bir araya gətirir.

Sərgi alman filosofu F.Nitşenin fəlsəfə əsərlərində irəli sürdüyü “Yeddinci tənhalıq” sirli anlayışına əsaslanaraq, sosial kontekstdə müasir uzaqlaşma, yadlaşma, varlıq və əbədi qayıdış kimi fundamental dəyərləri əlaqələndirməyə çalışır.

Tempi yüksək olan çağdaş həyatımızda insanların çoxluğuna baxmayaraq, onların arasında olan sıx təmaslar ünsiyyət imkanlarını genişləndirmir. Sosial-psixoloji stereotiplərin, zövqlərin, qiymətləndirmənin, davranış və qavrayış formalarının “konveyer istehsalı” individual fərqliliklərin xüsusiyyətlərini məhv edərək, faktiki olaraq şəxsiyyətin parçalanmasına gətirib çıxarır. Aydın məsələdir ki, müasir cəmiyyətdə “Yeddinci tənhalığ”a çatmaq üçün tərki-dünya olmaq müəyyən sosial kontekstə də bağlıdır. Bu anlamda tənhalıq fiziki deyil, cəmiyyətdən mücərrədləşərək mənəvi olmasını da nəzərdə tutur. Bunların fonunda, şüurlu şəkildə tənhalığa üz tutan individlərin sirli “Yeddinci tənhalıq” axtarışında olması sərginin əsas leytmotivini təşkil edir.

Sərgi “tənhalıq” məfhumunun ilkin təzahüründən “Yeddinci tənhalıq” deyilən daha yetkin və çoxsaylı metamorfozlara uğramış durumdan bəhs edir. Bu durum, dərkedilmiş seçim olaraq azadlıq, “mənə” aparan yol, varlıq kimi anlayışlarla bağlıdır. Tənhalığı özünə əsas istiqamət kimi işarələyərək, həmçinin fövqəlinsana aparan fərdi, şəxsi təcrübə və müşahidələri işıqlandıran sərgi, həm də bu yolun tərkib hissəsinə çevrilmiş məqamları da vurğulayır. Azadlıq, dəyərlər sistemi, məqsəd və ümidlər, haqq və güc, itaət, instinktlər və s. Bu tənhalıq şəxsi mənsubiyyəti araşdıraraq, onun digər sosial mühitlərdən üstünlüyünü diqqətə çatdırır.

Qeyd edək ki, “Yeddinci tənhalıq” adlı qrup sərgisi iyunun 8-dən oktyabrın 22-dək davam edəcək.