“Xaricdə daha çox şəxsi əlaqələrimiz, dost-tanış hesabına çap olunuruq” Mədəniyyət

“Xaricdə daha çox şəxsi əlaqələrimiz, dost-tanış hesabına çap olunuruq”

Əjdər Ol: "Dünyada heç bir dövlət gecə-gündüz öz ədəbiyyatının təbliği ilə məşğul olmur" -

Əjdər Olun APA-ya müsahibəsi

- Əjdər müəllim, son vaxtlar az çap olunursunuz, ədəbiyyat tədbirlərində görünmürsünüz. Hərçənd işin yaradıcılığınıza mane olmadığını dəfələrlə deyibsiniz, amma görünən odur, deyəsən, belə deyil axı...
- Yox, əslində mən binadan çox tədbirdə iştirak etməyi sevməmişəm. Mənim aləmimdə hər kəs ən azı hərdən öz içi ilə baş-başa qalsa, daha yaxşı olar. Ümumiyyətlə, tünlüyü sevmirəm. Lap uşaqlıqdan özüm-özümlə söhbət etməyə, düşünməyə daha çox vaxt ayırmışam. Eyni zamanda mən heç vaxt darıxan adam olmamışam. Bunun səbəbi çox sadədir: içimdə özümlə o qədər söhbətlərim var ki, onu heç vaxt başa çatdıra bilmirəm. Tutalım, istəyirəm kənara çəkilib keçmişdə olan bir hadisəni axıra qədər xatırlayım, imkan tapmıram. Obrazlı desəm, keçmişimi xatırlayıb qurtara bilmirəm. Bəzən biz tədbirlərdə həddən artıq çox vaxt itiririk. İndi vəziyyət lap çətinləşib: yolda itirilən vaxt, tədbirin özündə itirilən vaxtdan daha çox olur. Onu da deyim ki, az göründüyüm yerlər varsa, çox göründüyüm yerlər də var.
- Tədbir və iclas adamı olmaq anadangəlmədir, yoxsa sonradan qazanılan vərdişdir?
- Çevrəmdə çox adamlar var ki, onlar həmişə darıxırlar. Darıxdıqlarına görə, həyatındakı boşluğu doldurmaq üçün yığıncağa gedirlər, kiminləsə görüşürlər, televizora baxırlar, musiqi dinləyirlər, yaxud istəyirlər başlarını hansısa yolla qatsınlar və s. Belə adamları heç vaxt başa düşməmişəm. Mənim şüarım belədir: "Boş oturmaqdansa, havayı işləmək yaxşıdır". Həyatımda boşluq yoxdur ki, onu belə-belə şeylərlə doldurum.
- Qəribə fikir formalaşıb: sanki ədəbiyyat adamı həmişə darıxmalıdır...
- Bir məqamı deyim: dəfələrlə mənə irad tutublar ki, sən bizim yanımızda darıxırsan, elə bil harasa getmək istəyirsən. Başa düşməyiblər ki, mən özüm üçün darıxıram, özümlə baş-başa qalmaq istəyirəm. Mənim aləmimdə yaradıcı adam öz zamanını, asudəliyini tapmağı bacarmalıdır. Yəni yazıçı elə vaxt seçməlidir ki, o vaxt heç kim onun qapısını döyməsin, işindən təcrid etməsin, qələmindən ayırmasın. Son illər səhərin gözü açılmamış işləməyi sevirəm. İstəyirəm səhərin duru yerindən öz payımı, qismətimi götürüm. Onda nə zəng edən olur, nə də qapı döyən! Adam özü-özünə şərait yaratmasa, heç kim onun əvəzinə bu işi görməyəcək, ona vaxt hədiyyə etməyəcək. Azərbaycan ədəbiyyatında böyük işləri olan adamlar olub: məsələn, Mirzə Cəlil o boyda jurnal buraxıb. Əslində hamı öz işinin məmurudur: biri qəzet məmurudur, biri məktəb məmuru, digəri dövlət məmuru. Bu gün Azərbaycan ədəbiyyatında böyük dövlət işlərində çalışmaqla yanaşı, yaradıcılıqla məşğul olan ədəbiyyatçılar da var.
- Dünya və Azərbaycan ədəbiyyatından yaradıcı mətbəxinə qibtə etdiyiniz imzalar var?
- Nə dünya, nə də Azərbaycan ədəbiyyatında xüsusi aludəsi olduğum yazıçı yoxdur. Heç bir yazıçını özüm üçün kumirə, bütə çevirməmişəm. Bütövlükdə ədəbiyyatı sevirəm, ona min tellə bağlıyam. Ümumiyyətlə, hər kəs özü üçün oxuyur. Mütaliəni, çox kitab oxumağını kiməsə nümayiş etdirmək ciddi məsələ deyil.
- İlk yazınızın çıxmağından danışaq...
- 1981-ci ildə "Azərbaycan" jurnalında ilk şeirlərim çap olundu. O vaxt "Azərbaycan" jurnalı 70-80 min tirajla çıxırdı. Təsəvvür et, sənin iki şeirin çıxır və az qala bütün Azərbaycan səni tanıyır, oxuyur. Mənim heç bir əsərim redaksiyadan geri qaytarılmayıb. İlk gündən ta bu vaxta qədər... Şeirlərimi o vaxt Fikrət Qocaya verəndə dedi ki, bir həftədən sonra gəl. İki həftə sonra redaksiyaya getdim ki, içəridə qələbəlikdir, adam çoxdur. İndiki kimi yadımdadır: Fikrət Qoca, Nüsrət Kəsəmənli, Siyavuş Sərxanlı, Natiq Səfərov, Vidadi Məmmədov... daha kimlər söhbət edirdilər, utanıb geri çəkiləndə Fikrət Qoca dedi, a bala, gəl, kimsən, nə istəyirsən? Dedim, Fikrət müəllim, Əjdər Cəbiyevəm, sizə şeirlərimi vermişdim. Adımı eşidən kimi hamı bir nəfər tək ayağa durdu. Sən demə, beş dəqiqə əvvəl burda mənim söhbətim gedirmiş, Fikrət Qoca şeirlərimi oxuyubmuş. İndiki kimi yadımdadır, Vidadi Məmmədov dedi, qardaş, bütün Azərbaycana axtarış vermişik, sən hardasan? Həmin gündən yazıçılar ailəsinin bir üzvünə çevrildim.
- Və necə deyərlər, sonra gənclikdən gələn şöhrət "azarı" başladı...
- Yox, buna şöhrət azarı demək olmazdı. Mən ta uşaqlıqdan həmişə mərkəzdə, hadisələrin içində, diqqət mərkəzində olmağı sevmişəm. Görünür, şöhrətpərəstlik hər insanın içində olur. Amma bir məsələ də var: gərək diqqət mərkəzində özünü apara biləsən. Yəni demək istəyirəm, diqqət mərkəzinə gəlib çıxmış, amma sonradan uzaqlaşdırılan o qədər adamlar var ki. Bəlkə qəribə səslənəcək: düzü, şeirlərimin çıxmağına o qədər də sevinmədim. Fikirləşdim ki, belə də olmalıdır, başqa necə ola bilər?! O vaxt İsmayıl Şıxlının rəhbərliyi ilə Şüvəlanda gənc yazıçıların respublika müşavirəsi keçirilirdi, "Kommunist" qəzetində iki nəfərin adını "Ədəbiyyatda yeni nəfəs" adı ilə başlığa çıxarmışdılar: mənim və Namizəd Xalidoğlunun. "Azərbaycan" jurnalında çıxan ilk şeirimdə belə bir misra vardı:

O boylu qadına oxsayan məzar,
nə səni, nə məni dogmaz ki, dogmaz.

Nüsrət Kəsəmənli həmin misraları əzbər deyəndə, mənə ləzzət elədi.
- Öz ədəbi nəslinizi başqa ədəbi nəsillərdən bir boy yüksəkdə tutmağınız olub?
- Yox, heç vaxt! Ədəbiyyatda yaş məsələsini heç vaxt qəbul etməmişəm. Bir də görürsən, adam 20 kitab çap etdirsə də, uğur qazanmayıb, başqası bir əsəri ilə şöhrət qazanıb, dilə-dişə düşüb. Ədəbiyyat dəstəbazlıq deyil ki bir nəsil o birindən üstün, güclü olsun. Ümumiyyətlə, ədəbi əsərə qiymət vermək zaman tələb edir, görürsən, adam sağ ikən məşhur olur, amma öləndən sonra əsərləri heç on ili o tərəfə keçib yaşaya bilmir.
- Çoxdandır portret yazılarınız çap olunmur. Yenisi var?
- Mənə elə gəlir, müşahidə qabiliyyətim bir az fərqlidir. Uşaqlıqdan üzü bu yana müəyyən şeyləri müşahidə edirdim və elə bilirdim, mənim gördüyümü başqaları da o şəkildə görür. Sonra başa düşdüm ki, yox, adamlar çox şeyi unudurlar. Portret yazan adamın yaddaşı gərək çox güclü olsun. Hazırda böyük həcmli bir yazını bitirmək üzrəyəm. 88-93-cü illərdə olan çaxnaşma dövrünü əks etdirən bir əsərdir.
- Bir dəfə demişdiniz ki, Ziya Bünyadovun, Tahir Salahovun, Azad Mirzəcanzadənin portretlərini yaratmaq istəyirəm. Əslində Avropada bu ənənə çoxdan var, bizdə isə bu işlə məşğul olan adamlar olmayıb...
- Böyük enerjisi, vaxtı olan cavanlara həmişə tövsiyə etmişəm ki, indi yaşayan adamların portretlərini yaratsınlar. İndi gənclər mövzu axtarırlar, bəzən boş-boş şeylər yazırlar. Amma bir adamı tədqiq etsələr, araşdırsalar bu həm ədəbiyyatımızı zənginləşdirər, həm də vətəndaşlıq borcudur. Klassiklərimiz, alimlərimiz, siyasətçilərimiz, hərbçilərimiz, başqa ziyalılarımız var ki, artıq yaşlanıblar, fəaliyyətlərini dayandırıblar. Onların xatirələrini yazıb gələcək nəsillər üçün miras qoymaq olar. Yadımdadır, 19 yaşımda Leninqrada Ermitajla tanış olmağa getmişdim. Muzeydə rus tarixindəki generalların portretlərini sıra ilə divardan asmışdılar. Həsədlə baxırdım ki, kaş bizim də muzeylərdə tariximizdə olan generalların portretləri sıra ilə asılsın və mən fəxarətlə onlara tamaşa edim. Belə şeylər adama hansı xalqın oğlu olduğunu dərk etdirir, özünlə, keçmişinlə qürur duyursan.
- Son günlər Türkiyədə iki kitabınız çıxıb. Türkiyədən başqa hansı ölkələrdə kitabınız çap olunub?
- Xaricdə kitablarım daha çox son illərdə çap olunub. Almaniyada, Polşada, Gürcüstanda, İranda çap olunmuşam.
- Ədəbi cameədə bir fikir formalaşıb: kimin maddi imkanı çoxdursa, xaricdə məhz həmin yazıçı çap olunur. Belədirmi?
- Bir həqiqət var ki, ədəbi əlaqələr əvvəlcə şəxsi münasibətlər hesabına yaranır. Tutalım, bir var böyük və varlı ölkənin yazıçısı olasan, bir də var Azərbaycan kimi gənc ölkənin. Təbii ki, Azərbaycana maraq İngiltərəyə olan maraq səviyyəsində deyil. Biz ingilis, fransız dillərində olan əsərləri götürüb özbaşına çap edirik. Azərbaycana, bizim ədəbiyyatımıza maraq isə indi-indi yaranmağa başlayıb. İqtisadiyyatımız inkişaf edir, ölkədə böyük siyasət aparılır və bütün bunlar Azərbaycana marağı daha da artırır. Xaricdə bizim iqtisadiyyatımıza və neftimizə daha böyük maraq var, nəinki ədəbiyyatımıza. Ona görə də biz xaricdə daha çox şəxsi əlaqələrimiz, dost-tanış hesabına çap olunuruq. Məsələn, mənim hekayələr kitabımın alman tərcüməçisi türk dilini gözəl bilir. Türkiyədə çap olunan kitabımdan bir hekayə oxuyub alman dilində çap etdirmişdi və dediyinə görə, dostları hekayəni çox böyük maraqla qarşılayıblar. Daha sonra başqa bir hekayəmi Almaniyada çap etdirdi və beləliklə, kitabımı tərcümə etmək eşqinə düşdü. Demək istəyirəm, burda qeyri-adi nəsə yoxdur. Bilirsən, imkanı həmişə tapmaq olar, əsas ünsiyyəti qurmaqdır. Dünyada heç bir dövlət gecə-gündüz öz ədəbiyyatının təbliği ilə məşğul olmur. Ona görə də şəxsi əlaqələrdən istifadə edib ədəbiyyatın təbliği ilə məşğul olmaq lazımdır. Məsələn, mənim Türkiyədən bir dostum gəlirsə, o, həm də digər yazıçıların əsərləri ilə tanış olur, onları tərcümə etmək istəyir. Xaricdə çap olunmaq o demək deyil ki, gedib onların ədəbiyyatına şərik çıxdıq.
- Xaricdə çap olunan kitablarınızdan qonorar alırsınız, yoxsa...
- O kitabları xaricdə böyük tirajla çap etmirlər. Məsələn, son iki kitabım hərəsi iki min tirajla çap olunub. Bilmirəm onların vəziyyəti necə olacaq, amma əvvəlki kitablardan qonorar almadım. Çünki mən kitablarımı nəşriyyata bağışlayıram. Mənim kitablarım nəşriyyata o qədər divident gətirmir ki, böyük tirajla çap etsin, mənə qonorar versin. Amma yazılarıma görə böyük məbləğdə mükafatlar almışam.
- Azərbaycanda yazı-pozu adamlarının maddi rifahı yaxşı deyil. Ev, iş problemləri olan, dolanışığı aşağı səviyyəli yazarlar çoxdur. Əjdər Ol yalnız ədəbiyyatdan gələn gəlirin ümidinə qalsaydı, vəziyyəti necə olardı?
- Ədəbiyyatın həddən artıq az gəliri var, ona görə də yazar qənaətlə yaşamağa məcbur olur. Amma sırf ədəbiyyatla olmasa da, qələmlə yaşayan dostlarımız çoxdur. Onlar müxtəlif saytlarda, qəzetlərdə çalışırlar, yazıçılıqla bərabər jurnalistika ilə məşğuldurlar. Əjdər Ol da qələmə pul verilən yerdə işləyərdi və yaşayardı...