Şah İsmayılın dövlətçiliyimiz və folklor irsimiz üçün göstərdiyi xidmətlər Mədəniyyət

Şah İsmayılın dövlətçiliyimiz və folklor irsimiz üçün göstərdiyi xidmətlər

1499- cu ildə Şah İsmayılın rəhbərliyi altında başlanan qızılbaş hərəkatı Səfəvilərin əvvəlki çıxışlarından (Cüneyd, Heydər, Soltan Əli) əhəmiyyətli dərəcədə fərqlənirdi. İ.P.Petruşevski yazırdı: "Əgər Şeyx Heydər yalnız Azərbaycanı birləşdirməyi öz qarşısına məqsəd qoymuşdusa, İsmayılın müridlərinin və tərəfdarlarının məhz qonşu ölkələrdə fəal çıxışları onun qarşısında daha geniş vəzifələr qoydu. O, Azərbaycanı birləşdirdi. O.Əfəndiyev yazır ki, "hekayə üslubunda olan mənbələr qızılbaşlar hərəkatının ideologiyası, yəni onun iştirakçılarının ictimai və siyasi məramı haqqında mühakimə yürütməyə imkan vermir. Bu cəhətdən Şah İsmayıl Xətayinin öz divanı (şeirlər külliyatı) böyük əhəmiyyət kəsb edir..."
Şah İsmayıl ilahiləşdirilmiş bir şəxsiyyət idi. Qızılbaşlar onu çox sevir, xalq ona xilaskar kimi inanırdı. Xalqın ona olan sonsuz sevgisi və inamı onun hərbi yürüşlərdə qazandığı zəfərlərin əsas qüvvəsi idi. Şah İsmayıl bir çox əski türk dəyərlərini, dili, mədəniyyəti milliləşdirmişdi. Türkcə rəsmi dil idi. Sufilik dövlətin ideologiyası səviyyəsinə yüksəlmişdi. Qızılbaşlıq ideologiyasının əsasında dincə islam, məzhəbcə şiəlik, təriqətcə əhli-həqlik dayanırdı. Ölkənin problemləri bəylərin toplandığı şah divanında müzakirə olunurdu. Divan dövlətin parlamenti funksiyasını yerinə yetirirdi.
Şah İsmayılın dövlətçiliyimiz və folklor irsimiz üçün göstərdiyi misilsiz xidmətlərdən biri də onun xalq mədəniyyətini, musiqisini, şeirini, sözünü və sənətini, dilini və inamını xalqın özünə qaytarması idi. Aşıq sənətinin təşəkkülü də onun adı ilə bağlıdır. Türk kökü və türk ruhu ustundə köklənmiş sazı da saraya o daxil edir. H.İsmayılova görə Şah İsmayılın divanı "baş divani" saz havası ilə açılıb, "Ruhani" havası ilə bağlanarmış. Bu havanı Səfəvi dövlətinin himni də saymaq olar. Bu ənənə sonralar aşıqlar tərəfindən məclislərdə davam etdirilir. Professor A.Attar türk tarixində Səfəvilərin yerini belə səciyyələndirir: "Səfəvi dövləti idari, əsgəri, siyasi, mədəni strukturuyla bir türk dövləti olub. Şərqi Anadolu, İran, İraq, Azərbaycan, Orta Asiyanın bir hissəsini içinə alaraq toplam 2 milyon kvadrat kilometrdən çox bir ərazini içinə alaraq Yaxın və Orta Şərqin mərkəzində bir imperatorluq qurmuş olan Səfəvilər 200 ildən çox bir müddətdə bölgənin tarixi taleyinə hökm edib. Siyasi səviyyəsi nəzərə alındığından Osmanlı, Baburlu və Şeybanilərlə birlikdə dönəmin dörd böyük türk dövlətindən biri olub. Bu baxımdan bəzi Qərb tarixçiləri XVI əsrə Türk Əsri adını verməkdədirlər. Səfəvilər dönəmində ilk dəfə türkcə İranda sarayda geniş şəkildə işlənmiş və bir xanədan dili səviyyəsinə gəlmişdi. Sənət sahəsində isə özəlliklə rəsm və memarlığın ən böyük əsərləri bu dönəmdə yaradılmışdı. İsfahan o dönəmin ən böyük yadigarlarından biri olaraq canlılığını bu gün də qorumaqdadır. Türk milli dəyərləri önə çəkildiyindən İran bir türk ölkəsi halına gəlmiş və 1925- ci ilə qədər türklər bölgənin ən yetkin etnik qrupu kimi özünəməxsusluqlarını qorumuşlar. Bu gün də İranın əhalisinin önəmli bir hissəsinin türklərdən ibarət olması Səfəvilərin apardığı siyasət sayəsində gerçəkləşib. Dolayısıyla Səfəvi tarixi hər yönüylə türk tarixində bir zirvə olub". Səfəvilər dövrünün folklor gerçəkliyi, Xətayi yaradıcılığının folklorla əlaqələri və Şah İsmayılın xalq mədəniyyətinə verdiyi böyük önəm tədqiqatlarda yüksək qiymətləndirilir. F.Bayatın yazdığı kimi, oğuzçuluq ideologiyası nəticəsində Azərbaycanda və Ön Asiyada Qaraman bəyliyi, Qaraqoyunlu və Ağqoyunlu, nəhayət Səfəvilər dövləti kimi köçəbə - maldar prinsipli dövlətlər yarandı. Müəllifin müşahidələrinə görə, Səfəvilərin təbliğ etdikləri şiəlik də əski türk şamançılığına çox yaxın idi... inamla demək olar ki, Şah İsmayıl şiəlikdə şamanlığı əridib, dövlətdə türk törəsini bərpa edirdi. "Göründüyü kimi, Xətayi bütün siyasi və ədəbi şəxsiyyəti ilə Oğuz-Türk varlığından qopmuş, bu varlığın daşıyıcısı olmaqla onun mövcudluğu, yaşarılığı uğrunda mücadilə etmişdi. Mücadilənin etnopsixoloji mayasında oğuzçuluq dururdu. Oğuzçuluq isə bir ideologiya kimi Oğuz türklərinin ulu əcdadı Oğuz Kağanla bağlı oğuznamə mətnlərinə dayanırdı. Bu isə birbaşa olarak Oğuz türklərinin folklor yaddaşı, epos yaddaşı demək idi. "Xətayi və folklor" münasibətləri ən geniş baxış müstəvisində "Xətayi və epos (etnik yaddaş, etnoepik ənənə)" deməkdir. Xətayi və folklor münasibətlərini bu şəkildə xarakterizə edən S.Rzasoya görə "folklor Xətayi üçün bir tərəfdən hərəkət enerjisi aldığı etnoepik yaddaş, digər tərəfdən davranış formulları aldığı düşüncə qaynağı olub. Xətayi Oğuz-türk törəsinə əsaslanan Azərbaycan etnopolitik varlığının qurulmasında davranış formullarını folklordan almışdı. Bu baxımdan, Xətayinin dayandığı, söykəndiyi folklor onun təmsil etdiyi etnosun tarixi statusunda olmuşdu. Xətayi öz siyasi, ictimai, ideoloji, təsəvvüfi-irfani, ədəbi, kültürəl fəaliyyəti ilə təkcə folklordan qidalanmayıb, eyni zamanda folkloru qidalandırıb (onun adı epikləşib, dastanlaşıb)".
Xalqımızın yaddaşında yaşayaraq ən əski zamanlardan çağdaş dövrə qədər gəlib çatan dövlətçilik ənənəsi öz növbəsində milli ruhu və milli ideyanı folklorun sonsuz enerjisi hesabına qidalandırıb və artıq XX əsrin əvvəllərində bir ideologiya kimi formalaşıb. Ayrı-ayrı zamanlarda türkçülük, oğuzçuluq, islamçılıq kimi ictimai və rəsmi dövləti meyllər mövcud olub. Nəhayət, bu meyllər mədəni türkçülük kimi meydana gəlir.
Mədəni Türkçülük öz prinsip və müddəalarını aşağıdakı istiqamətlər üzrə formalaşdırır:
Türk millətinin bütövlüyü, bir millət olmasının əsasını təşkil edən soykökün dərk olunması.
– Milli şüur və milli vicdanın aktivləşdirilməsi.
– Türk milləti və Türk dili anlayışlarının həm rəsmi, həm də kütləvi şəkildə qəbul edilməsi.
– Türk tarixinin vahid bir millətin tarixi kimi öyrənilməsi.
– Türk xalqlarının ortaq ədəbiyyatının yaradılmasını.
– Türk xalqlarının vahid əlifbasının qəbul edilməsi.
– Türk xalqları arasında mədəni əlaqələrin qurulması.
– Türkcənin sadələşdirilməsi, təmizlənməsi və inkişaf etdirilməsi.
XX əsrin əvvəllərində formalaşan bu ideyaya görə Turançılıq türkçülüyün son həddi sayılır. Bu hədəfə doğru gedən yolu türkçülük fikrinin böyük mütəfəkkirlərindən biri olan Z.Göyalp üç mərhələdə görürdü: Türkiyəçilik, Oğuzçuluq, Turançılıq. Siyasi türkçülük isə müstəqil türk dövlətlərinin yaradılmasını nəzərdə tuturdu. O dönəmdə Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə, Türkiyədə Mustafa Kamal Atatürk, Krımda Seyidəhməd Krımər türkçülüyün siyasi məfkurəsini, ideoloji əsaslarını hazırlayan böyük liderlər idi.
Bütün türk dünyasında tanınan və türkçülük ideyasını hazırlayan və yayan görkəmli ideoloqlar isə Azərbaycanda Əli bəy Hüseynzadə, Krımda İsmayıl bəy Qaspıralı, Türkiyədə Ziya Göyalp olub. Türkiyədə cümhuriyyətin qurucusu Atatürkün yaratdığı ideoloji sistem özündə bunları ehtiva edir: cümhuriyyətçilik, millətçilik, dövlətçilik, dünyəvilik, inqilabçılıq, xalqçılıq. Atatürk milli ideoloji görüşlərini belə ifadə edirdi: "Biz Türk millətiyiz. Bunu bilməliyiz ki, milli mənliyini bilməyən millətlər başqa millətlərə yem olur. Bir millətin ruhu zəbt olunmadıqca, o millətə hakim olmaq imkanı yoxdur".

Ağaverdi Xəlil
filologiya üzrə fəlsəfə doktoru