Sirli-sehrli uşaq dünyası Mədəniyyət

Sirli-sehrli uşaq dünyası

II yazı

"Pəlağac" oyununda əsas məsələ oyunçunun pəlli çilingi ilk mərhələdə çox çiləməsi, sonrakı mərhələdə isə mərədən (oyunun başlandığı yerdən) uzağa vurub atmasıdır. İlk mərhələdə çox çiləyən oyunu başlamaq şansı qazanır. Onun ağacla çiləyib atdığı çiliyi başqa oyunçu rəqibi gətirməlidir. Əvəzlənmə o çağa kimi davam edir ki, mərədəki səhv etsin, çiliyi qaytara bilməsin. Bundan sonra onun davamlı (udana kimi) "işləməsi" başlayır.
"İşlətmək" anlayışı "Çilingağac" oyununda da var. Yəni mərədə olanlar "işlədənlər", çilingi mərəyə atıb udmaq, mərəyə (başa) keçmək istəyənlər isə "işləyənlər" adlanır. "Çilingağac"dan fərqli olaraq "Pəlağac" oyununda iştirakçı adətən iki nəfər olur, istisna hallarda dörd nəfər iştirak edir.
"Topağac" oyunu - Oyunda ən azı 2, ən çoxu isə bir neçə oyunçu iştirak edir. Müəyyən mərə (mərkəz) seçilir. Həmin yerdən oyunçular növbə ilə balaca əl topunu ağacla vururlar. Kim topu daha uzağa vurarsa, o, qalib hesab olunur. Bu oyun da eynən "Çilingağac" oyunu kimidir.
"Maça-maça" oyunu – Oyunda 2 nəfər iştirak edir. Hərənin əlində əl boyda daş parçası olur. Təxminən 4-5 metr aralıda dururlar. Müəyyən olunmuş mərkəzdə 1 daş (əldəki maçadan kiçik) qoyulur. Növbə ilə oyunçular əlindəki maça ilə hənin daşı vururlar. Vurulan daş isə qoyulan yerdən sürüşən (atılan) addımla (məsələn, 50 addım) ölçülür. Kim vurarsa, oyunu udmuş olur. Uduzan isə udanı arxasına alıb bir neçə metr aparmalıdır. "Udanı arxasına (kürəyinə) alıb aparmaq" tələbinə-şərtinə bir çox Kalva uşaq oyunlarında rast gəlirik.
"Vuran kimdir?" oyunu - Oyunda azı 3, ən çoxu isə 5-6 oyunçu iştirak edir. Növbə ilə oyunçulardan biri sağ əli gözünün üstündə, sol əli isə həmin qolun altında əli açılı vəziyyətdə durur. Qalan oyunçular isə sıra ilə həmin oyunçuların arxasında dururlar. Oyunu aparıcı idarə edir. Şillə ilə oyunçunun açıq əlinə tək – tək vururlar. Hər vuranda aparıcı vurulandan soruşur: "Vuran kimdir?" Oyunçu vuranı tapsa, arxaya keçir. Oyun bu qayda ilə davam edir.
Burada cəld hərəkətlərin meydanı yoxdur, daha çox uşaqların intuisiyası (fəhmi) iştirak edir.
"Çörəkyapdı" oyunu - Əsas etibarilə qız uşaqları oynayırlar. Göyərdilmiş təndir palçığından balaca təndir düsəldilir. Uşaqlar isə hərəsi evlərində xəmir (təxminən 100 qr. undan) yoğururlar. Böyükləri yamsılayaraq, guya ki, təndir qalayır və növbə ilə çörək "yapırlar". Kimin çörəkləri səliqəli formada "bişirilərək" ortaya qoyulursa, həmin şəxs qalib hesab olunur. Bu oyunun əhəmiyyəti olduqca böyükdür. Belə ki, qız uşaqları əsl zəhmətə alışaraq gələcək həyata hazırlanır.
"Su altında qalma" oyunu – yalnız oğlan uşaqları oynayırlar. Uşaqlar axar çayın üstündə çay daşları və palçıqla böyük nohur tikirlər. Qabaq hissədə (çayın yatağında) "kürəbənd" deyilən su yolu qoyulur. Adi vaxtda çayın suyu həmin kürəbənddən axıb gedir. Elə ki çimmək zamanı yetişdi, o balaca "qapı" iri, hamar daşla və palçıqla tutulur, hovuz tam dolur. Təxminən qayış bağlanana-kəmər yerinə qədər qalxanda oyun başlayır. Oyunçular növbə ilə əllərini - baş barmaqlarını qulaqlarına, çəçələ barmaqlarını isə burunlarına keçirərək suyun altına otururlar. Bayırdakı uşaqlar sayırlar: 1, 2, 3... Kim 100-ə qədər qalırsa, o, qalib hesab edilir. Bu oyunda uşaqların gələcək həyata – dözümə, hər cür təhlükəli hallara hazırlanması, fitri imkanlarını aşkarlamaq istəyi və gerçəkliyi ortadadır.
"Üzük-üzük" oyunu – Uzun qış gecələrində böyük uşaqların oynadığı bir oyundur. Növbə ilə oyunçular kiçik qənd, alma, yaxud nəyisə bir əlinin içərisində gizlədirlər. Amma hər iki əlini yumruq şəklində oyunçulara uzadırlar. Kim tapsa, həmin əşyanın yiyəsi olur. Tapılmazsa, həmin oyunçu yenə əvvəlki qaydada oyunu davam etdirir. Bu oyuna bir az başqa biçimdə Novruz bayramında qızlar arasında keçirilən "Üzük falı"nda daha çox rastlanır.
"Bənövşə" oyunu – Əsasən yeniyetmə oğlan-qız oyunudur. Üz-üzə, iki cərgə ayaq üstə dayanırlar (əl-ələ tutmaq şərtilə). Komandanın başçısı dillənir: "Bənövşə, bəndə düşə, bizdən sizə kim düşə". O biri komandadan isə deyilir: "Adı gözəl, özü gözəl filankəs". Növbə ilə uşaqlar bir-bir cumaraq, bir növ səddi yarır, yəni özünü əl-ələ tutmuş uşaqlara çırpır. Əgər yarıb keçsə, o cərgədən birini öz sıralarına gətirir. Yarmazsa, həmin uşağı o cərgə tutub saxlayır. Bu hesabla, hansı komandada çox uşaq olarsa, həmin komanda qalib hesab olunur. Bu oyuna da Azərbaycanın çox bölgələrində rast gəlinir, yayğın uşaq oyunlarındaddır.
"Daşatma" oyunu - ən azı 2 nəfər, çoxu isə 3 – 5 nəfər də iştirak edə bilər. Yastı daşlardan 4-5-i sıra ilə dik və yan-yana düzülür. Təxminən 4-5 metrlik məsafədən əlindəki daşla daşları bir-bir vurub yıxır. Hansı oyunçu sıra ilə düzülmüş həmin dik daşların hamısını vurub yıxarsa, o da qalib hesab edilir.
Uzaq məsafədən hədəfə atmaq, hədəfi vurmaq bir çox oyunlarda ("Çilingağac"da, "Pəlağac"da, "Qala-qala" və s.) var. Burada isə hədəf daşla vurulur. Hədəfin müxtəlif əşyalarla (daşla, çilinglə və s.) vurulması uşaq oyunlarının əlvanlığını, zəngiliyini və yaradıcılıq imkanlarının genişliyini göstərir.
"Nənə-nənə" oyunu – Oyunda 5-dən 10-a qədər uşaq iştirak edir. Onların ən güclüsü, müəyyən bir ağacdan bərk yapışır. Qalan uşaqlar isə bir-birinin belindən iki əllə möhkəm yapışırlar. Sonra isə var gücləri ilə bir-birilərini bərk çəkirlər. Hansı uşaq dartma zamanı buraxarsa, o, cəzalandırılır. Ən birinci və ağacdan yapışan oyunçuya "dibdaşı" deyilir.
"Qayış-baldır" oyunu – Bu oyunda ən azı 4-5 uşaq iştirak edir. Diametri təxminən 1,5 - 2 m olan bir çevrə cızılır. Oyunçulardan biri əlində qayış, çevrədən çıxmamaq şərtilə orada fırlanır və bayırdakıları vurur. Bayırdakılar isə çevrənin içərisindəki oyunçunun baldırlarına təpiklə vururlar. İçəridəki özünü qoruyur. O, elə etməlidir ki, heç bir zərbə almasın, təpik dəyməsin. Kimin təpiyi içəridəki oyunçuya dəyərsə, o, həmin şəxsi əvəz edir. Oyun bu qayda ilə davam edir.
Sonuncu iki oyunda fiziki cəldlik əsas şərtdir. "Qayış-baldır" oyunu müəyyən cəhətləri ilə "Başqoruma" oyununa oxşayır.
"Yoldaş, səni kim apardı?" oyunu – Oyunda 5 və daha çox uşaq iştirak edir. Növbə ilə bir oyunçunun gözü dəsmalla bağlanır, qalanları isə onun arxasında gizlənirlər. Gözü bağlanan uşağın kürəyindən oyunçulardan biri tutur və oyunçu addım-addım irəliləyir. İrəliləyən uşağa sual verilir:
- Yoldaş, səni kim apardı?
Cavab doğru olarsa, həmin oyunçunu deyilən (tapılan) oyunçu əvəz edir. Tapmazsa, oyun yuxarıdakı qaydada davam edir.
"Ənzəli" oyunu - Oyunda 5-10 uşaq iştirak edir. Növbə ilə uşaqların biri belini əyərək, əllər və ayaqlar yerə dayaq şəklində durur. Qalan uşaqlar sıra ilə cumub, əllərini qoşa şəkildə həmin oyunçunun belinə vuraraq tullanır. Kim qaydaya əməl etməsə, o, əvvəlki oyunçunu əvəz edir.
Bununla bağlı şeirli, təxminən 10-12 misralı söyləmə var:
Ənzəli,
İkilər xan əkbəri,
Üçdə bir yan vurarlar,
Dörddə dünbüz əzərlər və s.
"Yumbalatma" oyunu – Bu oyun oturaq formada həyata keçirilir. Nisbətən maili bir yer seçilir – (təxminən 50 sm - 1 m uzunluğunda). Oyunçuların əlində alça, alma, qoz, fındıq və s. olur. Birinci oyunçu maili yerin təpəsindən əlindəki meyvəni buraxır. Meyvə diyirlənə-diyirlənə üzüaşağı hərəkət edərək, müəyyən bir yerdə dayanır. O biri oyunçu da onun ardınca əlindəki meyvəni buraxır. Əgər meyvə gedib əvvəlki meyvəyə dəyərsə, o, udmuş hesab olunur. Oyun bu qayda ilə davam edir.
"Çərpələng" oyunu - Bu oyun güclü külək əsdiyi vaxt keçirilir. Qəzetdən, qalın kağızdan və nazik parçadan kvadrat şəklində hazırlanır. Onun ucları sapla bərkidilir. Bir sapla, yəni sap çarxına bağlanır. Külək hazırlanmış çərpələngi havaya qaldırır. O qalxdıqca oyunçu sapı açaraq buraxır. Kimin çərpələngi yüksəyə qalxırsa, o, qalib hesab olunur.
"Furqon" (araba) yarışı – keçən əsrin 50-60-cı illərində traktorların kütləvi şəkildə kəndə axını əvvəlki kəl-öküz kotanlarını əvəz etməyə başladı. İşlənməyən kotan çarxlarından çoxlu əl arabaları, hətta dördçarxlı furqonlar düzəldilirdi. Onun arxa çarxları böyük, qabaq çarxları isə kiçik olurdu. Axşam, günbatana yaxın 5-10 furqonçunun arasında Çalabağdan başlayaraq, kəndə qədər yarışı başlanırdı. Oyunçu irəlidə oturub, ayaqlarını kiçik çarxların yanına qoyaraq, ona bağlanmış iplə arabanı asanca idarə edirdi. Yol üzüaşağı olduğu üçün furqon asanlııqla hərəkət edirdi. Kimin furqonu daha uzağa gedirdisə, o, birincilik qazanırdı.
"Xizək yarışı" - Meşə ağacından yonularaq hazırlanan xizəklərdən keçən əsrin ortalarında daha çox istifadə edilirdi. Yarışlar məsafəsi 50-100, hətta 200 m olan üzüaşağı (meylli) sahələrdə keçirilirdi. Hətta xizəyi olmayanlar delə, böyük mis sinilərdə, nimçələrdə sürüşürdülər. Kim daha uzağa sürüşə bilirdisə, o, yarışı udmuş sayılırdı.
"Xan-vəzir" oyunu – Oyunda ən azı 5 nəfər iştirak edir. Kiçik kağızlara ayrı-ayrılıqda "xan", "vəzir", "cəllad", "oğrutapan", "oğru" sözləri yazılır. Hamısı eyni qaydada bükülür və yerə atılır. Hərə bir kağız götürür. Yalnız oğrutapan dillənərək deyir ki, mən oğrunu tapacağam.
Oyun başlanır: Xan oğurluqla bağlı məşvərət edir, vəzir-vəkillə məsləhətləşir. Oğrunun tapılması üçün əmr edir. Oğrutapan oğrunun kim olduğunu deyir. Kağızda adı oğru çıxan şəxsə cəza verilir. Məsələn, get bulaqdan su gətir, bağdan meyvə gətir. Gətirməsə, yenidən "cəzalandırılır". Oyun bu qayda ilə davam edir.
Kalvadakı uşaq oyunlarının sayı bununla bitmir. Bütün bu oyunlar, yeniyetmə və gənclərin sağlam inkişafına təkan verir. Onların dostluğunu, birgəliyini, həyati hadisələrə dözümlüyünü təmin edir. Təəssüf ki, həmin qədim oyunların əksəriyyəti bu gün artıq unudulub.
Gedişat göstərir ki, indi Azərbaycanın ucqar yaşayış bölgələrində belə uşaqların kütləvi şəkildə ənənəvi oyunların hamısını oynaması demək olar, müşahidə edilmir. Ancaq uşaq psixologiyası, xarakteri elədir ki, o, daim oyuna meyllidir. Deməli, bu halın onun ağlında, imkanları açılmağa başlayan ruhunda diri, yaradıcı saxlanmasında, köklənməsində ailənin, məktəbin rolu, görəvi olduqca böyükdür.

Elçin Qaliboğlu