Qədim Naxçıvan – folklor beşiyi Mədəniyyət

Qədim Naxçıvan – folklor beşiyi

I yazı

Qədim Naxçıvan torpağı - xalqımızın qədim yaşayış məskəni folklorumuzda da əksini tapıb. Bu, təkcə naxçıvanlı soydaşlarımızın zəngin folklor irsini özlərilə ta qədimdən bu günə yaşatmaları ilə ölçülmür. Həm də Naxçıvan adlı ulu məmləkətimizin adında, ünvanında folklorlaşan tariximizin yaşaması ilə ölçülür. Bu qədim diyarın hər sakininin sinəsində folklor xəzinəsi yaşadığı kimi, hər bölgəsinin də ünvanında folklorumuzun möhürü əks olunub. Bunu Naxçıvan torpağı ilə bağlı yaranmış saysız-hesabsız folklor örnəkləri də təsdiqləyir. Məsələn, "Nuhun tufanı", "Xəzinə qaya" (Şahbuz rayonu), "Cincili bulaq" (Şərur rayonu), "Nuhdaban" (Ordubad rayonu), "İlandağ" (Culfa rayonu), "Qırxlar" (Culfa rayonu), "İtqıran kəndi" (Babək rayonu) və başqa bu kimi Naxçıvanın ayrı-ayrı rayonlarını əhatə edən yer-yurd adları ilə bağlı yaranmış əfsanə və rəvayət mətnləri də birbaşa göstərir. Deməli, qədim yurdun qədim sakinləri yaşadıqları yerə-yurda öz yaşam tərzlərinə, etnoqrafik görüşlərinə uyğun da folklor nişanı vurublar. Eyni zamanda bu yerin sakinləri təkcə regionun özü ilə bağlı yox, dünyanın, zamanın yaranışı ilə də bağlı mifik görüş və təsəvvürləri əks etdirən örnəklərin daşıyıcılarıdır. Məsələn, Naxçıvandan toplanmış olan "İl adları" adlı mətndə bütün dünyada populyar olan illərin hansı heyvan ili üstə təhvil olmasına dair bilgilər belə əks olunub: "Qabaxlar adamlar bilmirmiş ki, illəri necə adlandırsınlar. Novruz bayramında bilicilər yığışıb çıxırlar gəzişə. Deyillər ki, qabağımıza hansı heyvan çıxsa, o heyvanın adını verəcəyik bu ilə. Bıların qabağına on iki adda heyvan çıxır. O heyvanların addarıynan on iki ilə ad verillər. Özü də il hansı heyvanın üstündə təhvil olsa, adamlar o heyvanın xasiyyətində olur.
Birinci siçan ilidi. İnsannar siçan kimi olallar, hər şeyi gəmirip dağıdallar.
İkinci, öküz ilidi. İnsanlar işlək olarlar.
Üçüncü, pələng ilidi. İnsannar pələng kimi yırtıcı olallar.
Dördüncü, dovşan ilidi. İnsanlar dovşan kimi qorxaq olallar.
Beşinci balıx ilidi. İnsannar suda çox hərəkət edəllər bı ildə.
Altıncı, ilan ilidi. Bı ildə də insannar bir-birrərin zəhərrər.
Yeddinci, at ilidi ki, bında insannar dözümlü olullar.
Səkkizinci, qoyun ilidi, bında insannar həlim, mehriban olarllar.
Doqquzuncu, meymun ilidi. Bında insannar meymun kimi oyunbaz olallar.
Onuncu, toyuq ilidi. İnsannar bı ildə havada uçallar.
On birinci, it ilidi ki, bında da insannar it kimi boğuşallar, müharibə-zad olar.
On ikinci ili donquzunan tuşdaşmışdılar. Donquz ilində insannar salamat olallar".
Naxçıvandan toplanmış folklor örnəyi kimi təqdim etdiyimiz bu mətndə nələrə işarələr yoxdur? Zamansızlıq dövründən – yəni xaotik zaman kəsiyindən kosmik nizamlı zaman epoxasına keçid ərəfəsi təsvir olunur. Deməli, dünya nizamının quruculuğu prosesində birbaşa iştirak edən xalq dünyanın ən qədim sakinidir. Bu nizamı qurmaq üçün bilicilərin yığışıb bir araya gəlməsi və gəzişə-səyahətə çıxması anlamı isə həm də o deməkdir ki, artıq bəşər nəslinin təkmil ictimai harmoniyası – yəni böyük-kiçik yeri bilmə, ağsaqqallar (bilici) şurası deyilən bir mədəniyyət formalaşmış imiş. Bunun sayəsində də yığışıb məsləhətləşib illərin nizamını düzmək üçün qərar qəbul edirlər. Bu, artıq xalqın mövcud qədim mədəniyyətinin göstəricisi olan bir folklor informasiyasıdır. Folklor xalqın qədim keçmişinin, yaşam tərzinin sözlü şəkildə və eyni zamanda mərasimi hərəkətlər fonunda əks olunan görüntüsüdür. Bu mənada Naxçıvandan toplanmış yuxarıdakı mətn bir folklor hadisəsi olaraq xalqımızın qədim keçmişindən soraq verən folklorlaşmış tarixin əks-sədasıdır. Özü də burada təsvir olunanların sırf milli zəminə söykənməsinə işarət edən bir aşkar əlamət də var. Bu, illərin sıra düzülüşünü müəyyən etmək məqamının məhz Novruz bayramında icra olunması anı ilə bağlıdır. Məlumdur ki, Novruz bayramı məhz Türk dünyasına xas olan təqvim (zaman) bayramıdır. Biz türklər yeni ili – ilin təzələnməsini bineyi-qədimdən ta Novruz bayramından qeyd eləmişik. Deməli, illəri necə adlandırmaq məsələsi qarşısında dayanıb, bu barədə ölçü götürmək – müəyyən qərar çıxarmaq üçün məhz Novruz bayramı günündən hərəkət etməyin – gəzişə çıxmağın və illəri müvafiq qaydada qarşılarına çıxan heyvanların adları ilə adlandırmağın özündə bir milli psixologiyaya və milli dünyagörüşü sisteminə uyğun olan təbii məntiq var. Bu, birbaşa bu mətnin Novruz bayramı adlı milli möhürlə təsdiqi deməkdir.
Nəticədə adamların – bilicilərin qabağına çıxan on iki adda heyvanın sayına uyğun on iki ilə ad verilməsi qərara alınır. Beləliklə, 12 sayı əvvəl-axır münasibətlərini simvollaşdırır. Tsiklik bir zaman vahidi formalaşdırılır, davamlı şəkildə bu 12-li say sistemi qapalı dövrə ətrafında təkrarlanır və bu əsasda da insanlar öz zaman sistemini qururlar. Olumdan ölümə və təzədən doğulmaya – təzədən yaradılmağa gedən qapalı həyat zənciri illərin (zamanın) simasında da bu cür kodlaşdırılır. Burada bir cümlə də diqqəti çəkir: "İl hansı heyvanın üstündə təhvil olsa, adamlar o heyvanın xasiyyətində olur" cümləsi. İnkarolunmaz həqiqətdir ki, mifoloji düşüncə tarixən həm də insanların şüurunda bədii-poetik düşüncəyə yol açıb. Bu mənada insanın hansısa heyvanın xasiyyətinə uyğun tutulması alleqorik düşüncə tipi üçün, "Ezop dili" üçün bir zəmin hazırlayıb. Bu gün artıq bədii ədəbiyyatda təmsil janrında mənəvilik qazanmış heyvan obrazları – məsələn, tülkünün hiyləgərliyi simvolizə və alleqorik obraz kimi hiyləgər simanı ifadə etməsi, yaxud canavarın acgözlük, ayının axmaqlıq, şirin güclülük və s. rəmzləri özlüklərində daşıması artıq öz rişəsini yuxarıdakı məlum mifik mətndə işarə olunan mifik dünyagörüşündən aldığı şübhəsizdir.
Eyni zamanda elə burdaca onu da qeyd edək ki, obrazlı danışıq dili hansı xalqa daha çox xasdırsa, o xalq da dünyanın ən qədim mədəni xalqlarından hesab olunmalıdır. Bu mənada "İl adları" adlı mifik mətn təkcə bir əski şüur, düşüncə hadisəsi olaraq yox, həm də bir məcazi deyim mədəniyyətinin mövcudluğunu göstərən fakt olaraq da xalqımızın qədim tarixə malik xalq olduğununun göstəricisi kimi qavranılmalıdır.
Digər bir mətnə üz tutaq: "Deyilənə görə, Nuh Nəbi bilirmiş ki, tufan baş verəcək, dünyanın üzünü su alacaq. Odur ki, böyük bir gəmi düzəltmək qərarına gəldi. Günbatanda bir meşə var idi. Gün arxasına keçəndə kölgəsi günçıxanı tuturdu. Ağacların gövdəsinə qırx arşın ip-kəndir çatmazdı.
Meşədə Ac adlı bir pəhlivan yaşayırdı. Biləyində öküz zoru var idi. İşi-peşəsi el-obanın ilxısına, naxırına zərər vurmağıydı. Hər öynədə bir öküz yeyir, üstündən üç tuluq su içib doymurdu.
Nuh Nəbi pəhləvanı yanına çağırdı:
- Sənə doyunca yemək verərəm, - dedi. Günbatandakı meşədən bir xeyli ağac kəs.
Ac təəccüblə Nuhdan soruşdu:
- Kişi, sən məni necə doyduracaqsan? Bilirsən ki, mən nə qədər yesəm də, elə acam.
Nuh Nəbi dedi:
- Səbr edib mən deyənə əməl etsən, mən deyən də olar.
Ac razılaşdı.
Nuh onun gücünə görə də balta düzəltdiridi.
Pəhləvan baltanı götürüb ac qurd kimi meşəyə girişdi. On gün bəs deyincə kəsib tökdü.
Nuh pəhləvana bir öküz kəsdi. Ətini qızardıb qabağına qoydular. Pəhləvan öküzün bir budunu yedi, üstündən də bir tuluq su içib geri çəkildi. Doymağına heyrət etdi.
Nuh Nəbi dedi:
- Pəhləvan, bu halal zəhmətin qazancıdır. Onun üçün də doydun. Haram yemək səni doyurmaz.
Pəhləvan o gündən əvvəlki peşəsindən daşındı".

Şakir Albalıyev
fəlsəfə doktoru, dosent