Yaradıcı aşıq Mədəniyyət

Yaradıcı aşıq

Aşıq Mustafa Borçalı aşıq mühitinin tanınmış simalarından biridir

Bu yaxınlarda Borçalı aşıq mühitinin tanınmış simalarından biri kimi tanınan Aşıq Mustafanın (Şıxlinskinin) "Ceyranım" adlı kitabı çar olunub. AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunan kitaba sənətkarın gəraylı və qoşmaları ilə yanaşı özünün yaratdığı "Mustafa və Əsmər" dastanı da daxil edilib. Kitabın redaktoru xalq şairi Zəlimxan Yaqub, tərtib edəni və çapa hazırlayan filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, rəyçi filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev toplayan Maarif Mustafa oğlu, sponsor Elbrus Maarif oğludur.
Ön sözdə tanınmış folklorşünas Elxan Məmmədli Aşıq Mustafanı necə görməsindən, necə tanımasından danışır: "Aşıq Mustafa Qarnet oğlu haqqında çox eşitmişdim. Eşitmişdim ki, sinəsi dolu, nitqi səlis, həm də şaqraq zənguləli meydangir aşıq olub. Borçalı aşıqları arasında öz sözü, öz çəkisi, öz səliqə-səhmanı ilə seçilib. Elə bu keyfiyyətlərinə görə də el içində dərin hörmət qazanıb. Uzaqdan baxana bir qədər təkəbbürlü, bir qədərə özündən razı görünsə də onu yaxından tanıdıqdan sonra ilk təəssüratın yalnış olduğuna şahid olanlar həmişə Aşıq Mustafa haqqında onun müsbət keyfiyyətlərindən ağızdolusu danışırdılar. Ustadın alicənablığı, qonaqpərvərliyi, meydangirliyi, aydın və məntiqi nitqi, həm də rabitəli saz ifaçılığı, məlahətli-ötkəm səsi onu tanıyanlar tərəfindən həmişə yüksək qiymətləndirilib. Aşıq Mustafa ilə şəxsi tanışlığımız olmayanacan onun haqqında Ustad Əmrahdan, Hüseyn Saraclıdan, Alxan Qarayazılıdan, Aslan Kosalıdan, Xan Kamandardan, xüsusən də Aşıq Göyçə ilə Əhməd Sadaxlıdan, bir də Məhəmməd Sadaxlıdan xoş sözlər çox eşitmişdim. Və bu eşitdiyim keyfiyyətlər, Aşıq Mustafa haqqındakı xoş sözlər məndə Borçalının bu ünlü sənətkarını tezliklə görmək arzusunu tezləşdirməyə tələsdirirdi. Nəhayət, belə bir xoş gün özünü gecikdirmədi. Günlərin bir günü Borçalıda səfərdə olarkən Aşıq Mustafa ilə görüşümüz baş tutdu.
Yaxşı yadımdadır, Borçalıya həm folklor nümunələri toplamağa, həm də o vaxtlar Azərbaycan radiosunda hazırladığım "Sarıtel", "Gözəlləmə" musiqili verilişlərinə yerli aşıqları yazmaq üçün getmişdim. Çox məhsuldar bir səfər oldu mənim üçün həmin günlər. İndi o günləri xatırladıqca gözlərim önünə kimlər gəlmir? - Aşıq Alxan Qarayazılı, Aşıq Mərdanə Hüseyn, Aşıq Göyçə, Aşıq Cəmil Qaçağanlı, Aşıq Əhməd Sadaxlı, Aşıq Nurəddin, Aşıq Bəkir, Aşıq Əmir, Aşıq Mustafa Təkəli, Aşıq Əlyar, Aşıq Xanış, Aşıq Allahyar, Aşıq Gülabı, Aşıq Əşrəf Qəni. Adlarını çəkdiyim bu saz-söz adamlarının hamısı onda sağ idilər. Bu səfərimdə indi dünyasını dəyişmiş ustadların əksəriyyətinə "Sarıtel" və "Gözəlləmə" verilişləri həsr etmişdim. Onlar cismən yoxdurlar. Lakin onların əksəriyyətinin vaxtilə hazırladığım verilişlərimdə yadigar ifaları və söhbətləri mənimlədir. Lent yazılarında qorunan, mənim üçün çox doğma və müqəddəs olan bu səsləri vaxtilə Azərbaycan Dövlət Səslər Arxivinə təqdim etmişəm. Nə qədər Azərbaycan Dövləti, nə qədər xalqımız mövcuddur bu səslər də bir tutiyə kimi qorunacaq, bu gün də, gələcəkdə də alimlərin və mütəxəssislərin tədqiqat obyektinə çevriləcək. Aşıq Mustafa Təkəlinin də səsi, şirin söhbəti bu gün tərəfimizdən yazıya alınmış nümunələr sırasında əbədi "ömrü"nü yaşamaqdadır.
...Adını eşitdiyim, haqqında dəyərli məlumatlar əldə etdiyim Aşıq Mustafa ilə ilk görüşüm 15 iyul 1997-ci ildə onun Təkəli kəndindəki evində baş tutdu. Neçə gün idi ki, Qaçağan kəndində Aşıq Cəmilin qonağı idim. O, rəhmətliyin təşəbbüsü və təkidi ilə onun şəxsi "QAZ-24"-də bir neçə gün dalbadal kəndlərə gedib aşıqları "Sarıtel"ə yazırdıq. Bir axşam Aşıq Cəmilin evində onun özünə gözəl bir "Sarıtel" hazırladıq. Qərara gəldim ki, növbəti gün Aşıq Cəmillə Qasımlı kəndinə gedib Aşıq Nurəddinlə oğlu Həvəskarı da "Sarıtel"ə yazaq. Aşıq Cəmil məsləhət bildi ki, Nurəddingilə sabah yox, bu axşam gedək. Həm də vaxta qənaət edək. Gecə Aşıq Nurəddini və oğlunu yazıb qayıdaq. Bir qədər dincəldikdən sonra səhər Aşıq Nurəddin də, oğlu Həvəskar da gəlsinlər Qaçağana və birlikdə Təkəli kəndinə - Aşıq Mustafagilə gedək.
Elə də oldu. Yağışlı-çovğunlu bir gecədə Qasımlıya çatdıq. Güclü yağış, bir yandan şimşək, külək. Güclü küləyin-yağışın təsirindən elektrik dirəkləri də dözməyib kəndin çox yerində aşmışdı. Kənd qaranlığa qərq olmuşdu. Yaxşı ki, özümlə səsyazan cihaza təzə batareyalar götürmüşdüm. Bir sözlə, ürəyim istəyən bir "Sarıtel"imiz alındı. Üstəlik, ata-balanın (Nurəddinlə Həvəskarın - E.M.) ifasında 90 dəqiqəlik bir kasset də yazdıq. Çox gözəl oxudular o axşam. Həmin kasset sonralar əl-əl gəzdi, çoxları bu ifaların üzünü köçürüb yayırdılar.
Bakıya çatanda həmin ifaların əsasında "Gözəlləmə" proqramı da hazırladım. Hazırda Azərbaycan radiosunun fondunda qorunur.
...Danışdığımız kimi, Aşıq Cəmil, Aşıq Nurəddin, Aşıq Həvəskar, bir də mən gündüz saat 12 radələrində (15 iyul 1997) Aşıq Mustafanın həyətinə daxil olduq. Ustad üzünü taraş eləyirdi. Bir azdan üzünü qırxıb, yuyunub, geyinib-kecindi, bizimlə görüşməyə gəldi. Evdən çıxanda elə bil bir cəlallı bəy kimi çıxdı. Başında qaragül aşıq papağı, üst-baş tərtəmiz, çəkmələri qapqara şəvə kimi par-par parıldayırdı. İlk dəfə gördüyüm bu səliqə-sahmanlı insanın belə görüntüsü məni valeh etdi. Üzümü Aşıq Cəmilə tutub dedim, ay ustad, Aşıq Mustafa nə dambat aşıqdır (Borçalıda adətən səliqə-sahmanlı geyinən adamlara, xüsusən də kişilərə "dambat" deyirlər - E.M.) dedim. Aşıq Cəmil dedi, qardaş oğlu, sən bu Mustafanın nəyini görmüsən? Onun kimi səliqə-sahmanlı aşığı çətin tapmaq olar.
...Nə isə, Mustafa əmi xoş təbəssümlə hamımıza "xoş gəldin" eliyib boynumuza sarıldı. Üzünü mənə tutub dedi: "Qardaş oğlu, üzbəüz görüşməsək də səni yaxşı tanıyıram. Radio verilişlərinə də, televiziyadakı proqramlarına da baxıram. Çox xoşum gəlir. Hələ üstəlik kəndinizə də yaxşı bələdəm. Faxralı ağır eldi, ordan qoçaq kişilər həmişə çıxıb. Üzünüz ağ olsun, xalqımızın ölməz sənətini yaşadırsınız". Beləcə, söhbətə ayaq verdik. Verilişimizi hazırladıq. Həmin verilişdə Aşıq Nurəddin də, Həvəskar da, Aşıq Cəmil də öz ifaları və söhbətləri ilə verilişə bir az da dad qatdılar.
Söhbət əsnasında mənə məlum oldu ki, Aşıq Mustafa aşıqlığı ilə yanaşı həm də gözəl şairdir. Belə aşıqlara "yaradıcı aşıq" deyirlər. Və aşığın nəzərinə çatdırdım ki, ustad, mən həm də sənin əziz oğlun, gözəl gənc sənətçi Maariflə də dostam. Xahiş edirəm, bu şeirlərinizi bir yerə cəm eləyib Maarifə çatdırın, yaxın vaxtlarda bu şeirləri kitab halında nəşr etdirək. Bu təklifimdən Aşıq Mustafa çox məmnun oldu və bildirdi ki, belə bir iş görsəniz, məni çox sevindirərsiniz, həm də ömrümü uzadarsınız. Ustada necə söz vermişdim, elə də Bakıya gələn kimi aşığın oğlu Maariflə görüşdüm. Söz verdi ki, 10-15 günə atasının bütün külliyyatını gətirib nəşrə hazırlamaq üçün mənə təqdim edəcək.
Bir qədər keçmişdi Maarif Mustafa oğlu mənə çox pərişan halda zəng edib dedi ki, atasının şeir və dastanlardan ibarət qovluğu şəxsi avtomobillərindən oğurlayıblar. Ancaq Maarif söz verdi ki, atasının poetik yaradıcılığını ciddi-cəhdlə axtarıb bərpa edəcək. Artıq o vaxtdan illər keçdi. İllərcə aşığın şeirlərini gözləmişdim. "Bu gün, sabahlar" çox uzandı. Aşıq Mustafa öz şeirlər kitabını görə bilmədi. Kimin günahından, kimin laqeydliyindən? Bunu deyə bilmərəm. Atalar demiş "ya vəlvələdən, ya zəlzələdən".
Ancaq rusların bir deyimi bu məqamda yadıma düşdü, tərcüməsi belədir: "Heç olmamaqdansa gec olmaq yaxşıdır".
Nəhayət, ustad aşığımız Mustafa Təkəlinin şeirləri sizlərin qarşısındadır, əziz oxucular. Maarif Mustafa oğlunun axtarıb araya-ərsəyə gətirdiyi kitabdakı nümunələri sizlərlə üz-üzə qoyuram".
Aşıq Qaracan Kərimov: "Aşıq Mustafa 1929-cu ildə Qazax mahalının Şıxlı kəndində məşhur Şıxlinskilər ailəsində dünyaya göz açıb. Hələ Mustafa balaca körpə ikən atası Qarnet ağa digər qohumları ilə bərabər 1931-ci ildə Şura hökuməti tərəfindən Sibirə sürgün edilmişdi. Atasız qalan balaca Mustafa çətinliklə də olsa həddi-buluğa çatana kimi Şıxlıda yaşamışdı. Sonralar Borçalı mahalının Təkəli kəndinə köçmüş və ömrünün sonuna qədər bu kənddə ömür sürmüşdü. İlk sənət dərsini hələ balaca ikən atası Qarnet ağadan almışdı. Anası Sənubər xanımın ən çox sevdiyi "Dilqəmi" havası aşığın ifasında xüsusi orijinallıqla səslənərdi. Əsmər adlı bir qızla ailə quran aşığın beş oğlu və iki qızı olur. Çox gənc yaşlarında ölən oğlu Arif (o da atasının yolunu davam etdirirdi) və qızı Aidənin ölümü aşığı çox sarsıtmışdı.
Aşığın oğlu Arifin vaxtsız vəfatına yazdığı şeirində, bu faciədən sonra onun bir daha sazı sinəsinə almayacağını desə də, ancaq yenə təsəllisini sazdan alacağını görürük:

Bəzən olur coşub eşqə dalıram,
Təsəllimi telli sazdan alıram.
Qəmlənəndə "Yanıq Kərəm" çalıram,
Onda bil ki, bürüyübdü çən məni.

Aşıq çox iradəli bir şəxsiyyət idi. Qətiyyəti çox sevirdi, meydangir sənətkar idi, mən onunla çox ünsiyyətdə olmuşam. Çox sevdiyi havalar adətən qəhrəmanlıq havaları idi. Məsələn, Koroğlunun bütün havaları, "Osmanlı divanı", "Keşişoğlu", "İrəvan çuxuru" və sair.
Sənətkar yaradıcı aşıq idi. Amma hər zaman məclisə girəndə əvvəlcə ustad sənətkarlardan - Ələsgərdən, Alıdan, Abbasdan, Şair Nəbidən, Ağacandan və s. söhbət açardı. Sonra elin çox sevdiyi və öz yaradıcılığının məhsulu olan "Əsmər və Mustafa" dastanını danışardı.
Yaxşı yadımdadı, 1963-cü ilin 1 may günündə mən aşığın böyük oğlu Qasımla (o vaxt ikimiz də 8-ci sinifdə oxuyurduq) onlara getdik. Aşıq çalıb-oxuyurdu. Bizi görcək dedi ki, gəlin qulaq asın, yeni şeir yazmışam. O vaxtdan bu şeir mənim yaddaşımdadır:

... Qəmlər çəkən Mustafadı,
Səndən kam alıb doymadı.
Günahkar fələk qoymadı,
Qovuşmağa, a ceyranım.

Hazırda bəzi aşıqlar və müğənnilər tərəfindən bu şeirə edilən dəyişikliklərə baxmayaraq, ustadın dilindən çıxan orijinal variantını mən təqdim etdim.
Aşıq gənc yaşlarında Borçalı mahalının Təkəli kəndinə köçüb və orada məskunlaşıb. Elin hörmətini qazanan aşıq Mustafa qısa müddət ərzində nəinki Təkəlinin, bütün Borçalı və Qazax mahalında sayılan sənətkarlar sırasında özünə möhkəm yer tutmuşdu. Hazırda Aşıq Mustafanın oğlanlarının dördü və iki nəvəsi ustadın sənətini davam etdirirlər. Təəssüf ki, aşığın yazdığı şeirlərin çox hissəsi itib, tam qorunub saxlanmayıb. Aşıq Mustafa 2003-cü ildə yaşadığı Təkəli kəndində vəfat edib".

Uğur