Bilqamısın ölümsüz həyat axtarışları… Mədəniyyət

Bilqamısın ölümsüz həyat axtarışları…

"Ural Batır" dastanının da əsas mövzusu ölümlə barışmamaq, əbədi həyatın sirrini tapmaqdır. Dəli Domrul kimi, Ural Batır da insanın ölümü ilə barışmır, Əzrəki ilə vuruşub onu öldürməklə insanlığı ölüm qorxusundan qurtarmaq istəyir. Ölümün çarəsini axtarmaq və ölməzlik qazanmaq ideyası "Ural Batır"da özünün geniş əksini tapıb. Yanbirdənin dilindən deyilir: "Divlər şahlığında, uzaq torpaqda dirilik bulağı var, kim ondan içsə, bir andaca ölümsüz olur deyirlər".
Bunun ardınca ilan Ural Batıra deyir ki, baş tanrı Samraunun Günəşdən qızı doğulub. Adı Umaydır. Onu alsan ölməzliyin sirrini öyrənə bilərsən. Umay isə Ural Batıra həmin bulağın divlər padşahına məxsus olduğunu deyir: "Dirilik bulağı elə bir yerdə axır ki, hələ onu görməyib heç kim. O, divlər padşahına məxsusdur".
"Dirilik bulağı"nın divlər şahlığında olması, divlər padşahına məxsusluğu motivləri ona görə düşünülüb ki, qorxaq, gücsüz, iradəsiz, cəsarətsiz insanlar onu axtarmaq fikrinə düşməsinlər. Bilqamıs obrazında bunlar aydın verilib. Heç bir çətinlik, hətta ölüm belə onu bu yoldan döndərə bilmir. Eyni iradəni, cəsarəti və qəhrəmanlıq eşqini Ural Batırda görürük. Pənah Xəlilov "Dədə Qorqud"dakı və "Ural Batır"dakı bu motivi Şumer qaynaqları ilə müqayisə edərək hətta "Ural Batır"ın "Bilqamıs"dan daha qədim olduğu fikrini söyləyib: "Ölüm və insan süjetinə görə "Ural Batır" dastanı "Mahabharata"ya nisbətən qədim görünür". Demək "Kitabi-"Dədə Qorqud"un süjet xətti üzrə "Mahabharata"ya bağlanan köklərini daha qədim türk dastanlarında axtarmaq lazım gəlir.
Ölüm və insan ömrünün əbədiliyi probleminə gələndə bu ziddiyyətin qəhrəmanlıq dastanları səpgisində qoyuluşu və həlli sanki Şumer dastanından başlanır. Ancaq "Ural Batır" ondan da qədimdir. Qədimliyin də bir əlaməti odur ki, Bilqamısın ölümsüz həyat axtarışları axırda yeraltı Şirin sularda bitən əbədi ömür çiçəyini əldə etmə qisməti ilə bağlananda Şumer igidi bunun öhdəsindən gəlsə də, çiçəyi əldə saxlaya bilmir, ilan çiçəyini udur. Demək, ömür çiçəyinin insana çatmamasında ziyankar qüvvə olan ilan Şumer dastanının süjetində yalnız ötəri finaldırsa, başqırd qəhrəmanlıq dastanında Uralın ilanlar və divlər padşahlığına qarşı mübarizəsi geniş epik süjetlərlə zəngindir".
"Koroğlu" dastanındakı Qoşabulaq da ölməzliyin rəmzidir, dirilik bulağıdır. Ona görə də "Ural Batır"dakı "Dirilik bulağı"nı "Koroğlu"dakı Qoşabulaqla eyniləşdirmək mümkündür. Qoşabulağın suyundan içdikdən sonra Koroğluya qeyri-adi aşıqlıq, şairlik və nərə verilmişdir. Qıratın da bir çox keyfiyyətləri Qoşabulağın suyu ilə bağlıdır. Bunların hamısı ilahi qüvvələr tərəfindən verilib. Qoşabulağın 7 ildən bir qaynamağı da "Bilqamıs və ölməzlər dağı" dastanındakı 7 sayı ilə semantik eynilik təşkil edir. Bir çox alimlər "Koroğlu" dastanında Koroğlunun ölüm səhnəsinin yoxluğunun səbəbini düzgün başa düşmür, görə, onun süni şəkildə bərpasına çalışırlar. Bilmək lazımdır ki, Qoşabulaqda Koroğluya və Qırata həm də ölməzlik verilib. Əgər Koroğlu Qoşabulağın suyundan gətirə bilsəydi, atası Alı kişi də ölümsüz olacaqdı.
1890-cı ildə N.F.Katanov "Ölməz insanlar və dirilik suyu" adlı bir mətn yazıya alıb. Bu əsərin qəhrəmanı olan ovçu öz ölkəsindən uzaqlaşıb böyük bir bataqlığın o biri tayına keçir və orda ölməz insanların yaşadığını görür. Bu nağılın bir variantını da 1972-ci ildə R.A.Şerxunayeva yazıya almışdır. Sonuncu nağıl "Menge su" (əbədi su) adlanır. "Ölməz insanlar" və "ölməzlər ölkəsi" motivlərinin türk folklorunda geniş yayılması bu anlayışların təsadüfi səciyyə daşımadığını, qədim və dərin köklərə malik olduğunu göstərir. Bizim araşdırmalarımız və bir çox yazılı qaynaqlar ölməz insanlar ölkəsini Azərbaycanla, Bilqamısın dibindən dirilik çiçəyini çıxartdığı dənizi, ovçunun keçdiyi bataqlığı Xəzərlə eyniləşdirməyə tam əsas verir. Burada deyilənlərlə üst-üstə düşən başqa bir fakta da diqqət yetirməyə dəyər. Kivaməddin yazır ki, Əbu-İsmaili-Ənsarinin farsca "Kəşfül əsrar" adlı təfsirində, Salevinin ərəbcə "Elarais" adlı əsərində Azərbaycanda ağaca tapınmadan söz açılır. Həmin əsərlərdə "Res" ya bir quyu, ya da bir dəniz kimi təsvir edilir. Ağac da bu dənizdədir. Bütün hallarda ağacın və dənizin Azərbaycanda olduğu bildirilir.
Şumer mətnlərində Dilmunu "təmiz", "namuslu", "ayıbsız", "işıqlı ölkə" adlandırırlar. Burada xəstəlik və ölüm yoxdur. Dilmun ölməz insanların yaşadığı yerdir. Ziusudranın vətənidir. Bilqamısın ölməzlik axtararkan Urukdan Ziusudranın yanına gedərkən 7 dağ aşması Bilqamısın yolunu dəqiq müəyyənləşdirməyə imkan verir: Şumer - Aratta- Azərbaycan! Əbədi həyat, ölməzlik axtarmaq motivinə dünaynın əksər xalqlarının folklorunda rast gəlinir. Mütəxəssislərin fikrincə, bu motiv dünyanın bütün xalqlarına şumerlərdən keçib. Ona görə bu motiv Amerikada, Çində, Avropada, Yaxın Şərqdə yayılmasından asılı olmayaraq bir-birinə oxşayır. Bu oxşarlıq onların genetik cəhətdən eyni qaynağa bağlı olduğunu göstərir.
Eposu xalq yaradır və xalq üçün yaradır. Eposun anonimliyi məhz buradan irəli gəlir. Hər bir anonim folklor əsərinin altında onu yaradan xalqın imzası var. Epos xalqın özü tərəfindən yazılmış tarixidir. Burada söhbət yaddaşlara yazılmaqdan gedir. Şumer və türk dastanlarında tarixi hadisələrin epik təcəssümü aydın nəzərə çarpır. "Dədə Qorqud", "Koroğlu", "Manas", "Ural Batır", "Maday Qara", "Alpamış" kimi türk dastanlarının tədqiqatçıları onların tarixi hadisələrlə yaxından səsləşdiyini qeyd ediblər. Türk qəhrəmanlıq dastanlarının böyük əksəriyyəti ayrı-ayrı tarixi şəxsiyyətlər haqqındadır. Bu dastanlar qəhrəmanların həyatda tutduqları mövqeyin, göstərdikləri igidliklərin, xalqın onlara sevgisinin, məhəbbətinin bədii təcəssümündən başqa bir şey deyil.
Bilqamıs haqqındakı dastanlardan biri "Bilqamıs və Ağa" adlanır. Bilqamıs tarixi şəxsiyyətdir. I Uruk sülaləsinin dördüncü çarıdır. Onun haqqında indiyə qədər beş dastan tapılıb. Ağanın da çarlar siyahısında adı çəkilir. O da I Kiş sülaləsinin axırıncı çarıdır. Ağa öz atası En-Mebaragesidən sonra çar olub. Üstündə Ağanın atası En-Mebaragesinin adı yazılmış bir gips gülqabının tapılması da onların tarixi şəxsiyyətlər olduğunu təsdiqləyir. Bəzi alimlərə görə, onlar təxminən II erkən sülalələr dövründə- e.ə.2615-2500-cü illərdə yaşayıblar. Dastanın ilk tərcüməçisi S.N.Kramer isə bu tarixi təxminən e.ə. 2800-cü ilə aid edib ki, bu da I erkən sülalələr dövründən 50 il qədimdir.
İ.T.Kaneva da əsərdə təsvir edilən tarixi hadisələrdən çıxış edərək yazır ki, onu II erkən sülalələr dövrünə aid etmək doğru deyil. Şumer mətnlərini hərtərəfli araşdıran Torkill Yakobson paytaxtın Urukdan Ura e.ə. 2850-ci ildə köçürüldüyünü yazıb. Bilqamısdan paytaxtın Urukdan Ura köçürüldüyü vaxta qədər Urukda 7 çar bir-birini əvəz edib. 7 çarın hakimiyyət dövrünü də 2850-nin üstünə gələndə Bilqamısın e.ə. 3000-ci ildən əvvəl yaşadığı aydın olur. Bəzi qaynaqlarda Bilqamısın həqiqətən e.ə. IV minillikdə yaşadığı göstərilir. "Bilqamıs və Ağa" dastanında Şumerin iki böyük şəhəri- Kiş və Uruk arasındakı birincilik davasından bəhs edilir. Əsərin ilk sətirləri Kiş şəhərinin çarı Ağanın elçilərinin Uruka gəlməsi ilə başlayır:

En-Mebarages oğlu
Ağanın elçiləri
Gəldilər Kişdən Uruka,
Bilqamısın yanına.

Ağanın elçiləri Uruka hansı tapşırıqla gəlmişdilər? Ağa onları niyə göndərmişdi? Kiş çarı Uruk çarından nə istəyirdi? Bütün bunlar barədə elçilərin öz dillərindən heç nə deyilmir. Ancaq Bilqamısın söylədiklərindən aydın olur ki, Ağa Uruku özünə tabe etmək niyyətindədir. Bilqamısın milli xarakterinin açılmasında bu dastanın böyük elmi əhəmiyyəti var. Ağanın tələblərini Bilqamıs Uruk şəhərinin ağsaqqallar şurasının müzakirəsinə qoyur. Ağsaqqallar elçilərin tələblərini qəbul etməyi, Kiş şəhərinə tabe olub, müharibəyə girməməyi məsləhət görürlər.
Bilqamıs qürurludur, məğrurdur. Öz gücünə arxayındır. Ona görə ağsaqqallar şurasının qərarı ilə razılaşmır. Məsələni Urukun Gənclər Şurasının müzakirəsinə qoyur, yəni özü bu dəfə gənclərə müraciət edir. S.N. Kramer bunu tarixdə "İlk ikipalatalı parlament" adlandırıb. Əslində Bilqamısın bu müraciətini onun hökmü adlandırmaq olar. Burada onun xarakterindəki qətiyyətlilik və içindəki azadlıq duyğusu üzə çıxır. Heç cür Kişə tabe olmayacağını bildirir. Uruk gəncləri də Bilqamısı dəstəkləyirlər. Bilqamıs Kişə tabe olmur, Urukun azadlığını və müstəqilliyini qoruyub saxlayır. Gil lövhələr zədələndiyindən hadisələrin sonu bir qədər qaranlıq qalır. Ancaq qalmış mətnlərdən bəlli olur ki, iş müharibə dərəcəsinə çatdırılmır, Bilqamıs işləri necə qurursa, Ağa könüllü olaraq fikrindən daşınır, Urukun mühasirəsindən əl çəkir, həm müharibə baş vermir, həm də Uruk Kişin tabeçiliyini qəbul etmir. V.K.Afanasyeva doğru olaraq bu əsəri "Bilqamısın qələbə nəğməsi" adlandırıb.
İnannanın əsas evi Uruk şəhərində olmuşdur. "Bilqamıs" dastanında İnannanın qəhrəman, igid Bilqamısa vurulduğu öz ifadəsini tapıb. "Bilqamıs və Ağa" dastanında Kişlə müharibəyə girərkən Bilqamısın İnannaya güvəndiyini, onun üçün igidliklər göstərdiyini görürük. İnanna Urukun himayəçi tanrısı idi. Urukda nə baş verirdisə, İnannanın razılığı olmalı idi: Bilqamısın İnannaya güvənməyi, "Bilqamıs" və "Bilqamıs və Ağa" dastanlarında Bilqamısla İnannanın münasibətləri maraqlı səhnələrdən biri olsa da, onlar bir-birindən fərqlənir. "Bilqamıs" dastanında Bilqamıs haqqındakı digər dörd dastanın motivlərinə çox rast gəlindiyi halda, "Bilqamıs və Ağa" dastanından istifadə olunmayıb.
"Bilqamıs" dastanında Bilqamıs Enkidu ilə ilk dəfə görüşür və onunla dost olur. "Bilqamıs və Ağa" dastanında isə Enkidu Bilqamısın yanındadır. Bilqamıs-İnanna və Bilqamıs-Enkidu paralellərindən aydın görünür ki, "Bilqamıs" dastanında "Bilqamıs və Ağa" dastanından daha qədim bir əsərin motivlərindən istifadə edilib. "Bilqamıs" dastanındakı bir çox mifoloji, kosmoqonik düşüncələrin güclü olduğu səhnələr, zoomorfik obrazlar var ki, bunlar "Bilqamıs və Ağa" dastanında yoxdur. Mətndən göründüyü kimi, "Bilqamıs və Ağa" dastanında Bilqamıs hələ Urukun çarı yox, Kulabın kahinidir. Görünür, Bilqamıs Urukun çarı olmamışdan qabaq xalq arasında böyük şan-şöhrət qazanıb, bir qəhrəman kimi sevilib, onun haqqında ilk poetik örnəklər də məhz həmin vaxtdan yaranmağa başlayıb. Bu nəğmələr uzun illər boyu yaddaşlarda yaşayıb, yayılıb, nəhayət, bir neçə dastan şəklində formalaşıb. Bunlar leo Oppenheymin bir fikrini təkzib etməyə tam əsas verir. L.Oppenheym "Bilqamıs" dastanını "milli epos" adlandıranlara qarşı çıxır və yazır ki, Bilqamıs haqqında dastan Şumerdə geniş yayılmayıb, onların ədəbiyyatında xüsusi yer tutmayıb, az tanınıb.

İslam Sadıq
araşdırmaçı