Bədii ədəbiyyatın təsir gücü Mədəniyyət

Bədii ədəbiyyatın təsir gücü

4-cü yazı

XI əsr poeziyamız özündən əvvəlki dövrlərdə yaranmış ərəbdilli Azərbaycan ədəbiyyatının əvvəlki ənənələrinin zəruri inkişafının təzahürüdür: "Bu dövrdə Mənsur Təbrizinin ədəbiyyatı siyasi vuruşlar meydanına çevirməsi, ona yüksək amallar carçısı kimi baxması, habelə İskafi Zəncaninin mühüm ictimai problemləri öz şeirlərinin mövzusu etməsi, Nizami Təbrizinin şeirlərindəki vətənpərvərlik ruhu yalnız XI əsr Azərbaycan bədii fikrinin deyil, ümumiyyətlə, Yaxın və Orta Şərq xalqlarının estetik təfəkkürünün nailiyyəti kimi" (M.Mahmudov) qiymətləndirilir.
XII əsrdə Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyamız xeyli inkişaf edib. Bu əsrdə Eyn əl-Quzatın şəxsində bədii nəsrin ilk nümunələri yaranır və ədəbi-bədii fikrin tərkibhissəsinə çevrilir. XII əsrdə farsdilli poeziya geniş şöhrət tapsa da ərəbdilli ədəbiyyat öz mövqeyini saxlayırdı. Dövrünün məşhur şairi, şairlər xaqanı təxəllüsü almış Xaqani fars diliylə yanaşı ərəb dilində də gözəl əsərlər yaradırdı. Bu da ərəb dilinin hər sahədə oduğu kimi ədəbi sahədə də bu dövrdə işlədildiyinə sübutdur. XII əsrdə fars dili Azərbaycan poeziya dili kimi hakim mövqe tutmasına baxmayaraq, ərəb dilində yazan sənətkarlar olub, onlar elmi və bədii əsərlərini bu dildə yazıblar.
Sührəvərdi Şərqin mədəniyyət və elmində qüdrətli bir filosof olmaqla yanaşı şairdir. O, 38 illik ömründə özündən sonra böyük fəlsəfi bir irs ("Hikmət əl-işraq", "Həyakil ən-nur", "Ət-Təlvihat əl-lavhiyyə va-l-ərşiyyə"), "Risalə fi itiqad əlhukəmə", ("Əl-Mutarahat"), ("Əl-Əlvah əl-imadiyyə"), "Əl-Muqavamat", "Əl-Məaric" və s.) qoyub gedib. Təbiət və cəmiyyət məsələləri, həyatın hikmətinə aid nəzəri fikirləri verilən bu əsərləri ilə yanaşı, o, qələmini poeziya sahəsində sınayıb, lirik incə qəlbli bir şair kimi tanınıb. Mənbə və məxəzlərdə onun poeziya yaradıcılığı haqqında qiymətli fikirlər var. Sührəvərdinin divanı Həmid Araslı tərəfindən tapılıb və əlyazmasının fotosurəti respublikamıza gətirilib. Bu tapıntı filosof şairin yaradıcılığını geniş və hərtərəfli tədqiq etməyə imkan verir. Həcmcə kiçik divan tamamlanmayıb. Onun yaradıcılığı ərəbdilli Azərbaycan poeziyasında xüsusi yer tutur. VII-VIII əsr şairlərinin ənənələrini davam etdirmiş, keyfiyyətcə zənginləşdirib.
Ona qədər poeziyada real hisslərin tərənnümü qüvvətli idi, Sührəvərdinin şeirlərində isə "rassionalist istiqamət, fəlsəfi dərinlik, romantik vüsət" üstünlük təşkil etdiyi, onun poeziyasının "fəlsəfi ümumiləşdirmənin, əqli mühakimənin gözəl nümunələri kimi" diqqəti cəlb etdiyini qeyd edən alimlər bildirirlər ki, "Əgər Musa Şəhəvat ərəbdilli Azərbaycan poeziyasına ictimai motiv gətirmişsə, İsmayıl ibn Yəsar onu siyasi və ideoloci vuruşmalar meydanına çevirib, Mümkan Təbrizi isə sənətin xalq həyatı ilə bağlılığı ideyasını meydana atmışdır. Həmin poeziyanın filosofu isə məhz Sührəvərdi olub".
Zəncan yaxınlığındakı Sührəvərdi şəhərində anadan olan, Marağada təhsil alan, elmi, biliyi ilə diqqəti cəlb edən, Hələbə gələrkən oranın hakiminin hörmətini qazanan, bilik və bacarığına həsəd aparılan, "cəsarətli fəlsəfəsindən qorxuya düşən "Hələb fəqihləri alimin qətlinə fitva verirlər". Onun kimi tale sahibi Eyn əl-Quzat dövrünün böyük filosofu, həm də nasiri və şairi olub. Babası dövrünün tanınmış şairlərindən olub. Eyn əl-Quzatın Azərbaycanın fəlsəfi, ictimai, siyasi, ədəbi fikir tarixində rolu alimlər tərəfindən yüksək dəyərləndirilir. Ərəbləşdirmə siyasətindən narazı Yaxın Şərq xalqlarının üsyan və mübarizələri Əməvilər sülaləsini süquta uğratdı və Abbasilər sülaləsi hakimiyyət başına keçdi. Onların hakimiyyətə gəlməsində fars zadəganlığı xüsusi rol oynadığından ərəb dili öz hakim mövqeyini saxlamaq istəsə də, fars dili də xilafət sarayına yol tapdı. IX əsrdən fars dili poeziya dili oldu: "Dini və elmi əsərlər ərəb dilində yazılır, şəriət qanunları ilə əlaqədar məsələlər bu dildə aparılırdı, ərəb dili din dili kimi öz hüququnu saxlasa da, fars dili şeir dili olaraq şöhrətləndi və bu dil Orta Asiya, İran və Azərbaycan feodal saraylarında rəsmi dövlət dili və ədəbi dil kimi möhkəmlənməyə başladı".
Fars dilində şeir yazdırmaq dəb şəkli aldı, xalq kütlələrindən fərqlənmək üçün dillərinə xor baxan feodallar idi. XI əsrdən etibarən fars dili uzun müddət ədəbi dili olduğundan ana dilində yazan sənətkarlar fars dilində də əsər yazmaqməcburiyyətində qaldılar. "Bu dövrdə yaranan şifahi xalq ədəbiyyatı qədim atəşpərəstlik ənənələrini mühafizə etməklə xalqın şikayətlərini, etirazlarını, baş verən gündəlik tarixi hadisələri, eyni zamanda məişət, adət və ayin məsələlərini əhatə edirdi. Şifahi xalq ədəbiyyatı dünyəvi hadisələri tərənnüm edirdi. Bu ədəbiyyatı xalqın içərisindən çıxmış sənətkarlar yaşadır və bunlar nəsildən-nəslə keçərək ağızlarda dolaşırdı.
Dini dairələr bu ədəbiyyatı dindən xaric, dinə, şəriətə zidd adlandırıb təqib edirdilər". Belə bir dövrdə Azərbaycan ədəbiyyatının qüdrətli qələm ustadları dilimizin yüksək bədii ifadə vasitələrindən istifadə etməklə, Azərbaycan şeirinin şah əsərlərini həm öz dilində, həm ərəb, həm də fars dilində yaratmağa məcbur oldular. Qətran Təbrizi, Əfzələddin Xaqani, Nizami, hakim feodal ruhani görüşləri təbliğ edən Əbül-Üla Gəncəvi, Fələki, İzzəddin Şirvani, Qivami Mütərrizi, Məhsəti, Mücirəddin Beyləqani kimi şairlər yazıb-yaradırdılar.
Xaqaninin yaradıcılığının onun özündən sonra gələn şairlərin yaradıcılığına böyük təsiri olmuş, onun sənətkarlıq şöhrəti bütün Yaxın Şərqdə, Hindistan, İraq, İran, Orta Asiyada yayılıb, Mücirəddin Beyləqani onu öz ustadı sanıb, xarəzmli Rəşidəddin Vətvat, Fərqanəli Əsir Axsiketi kimi şairlər onunla şeirləşməyə çalışsalar da, "Xaqani sənəti öz qüdrət və üstünlüyü ilə həmişə qalib gəlmişdir". Onun "Qəsideyi-şiniyə" əsəri XII əsrdə klassik Şərq poeziyasında elə bir yenilik oldu ki, dünyanın böyük ustadlarını yerindən tərpətdi. Qəsidənin məzmunundan "təsirlənmiş" XIII əsrin böyük hind şairi Əmir Xosrov Dəhləvi "Meratüs-səfa" (saf güzgü) adlı 174 beytlik qəsidəsini, böyük tacik şairi Əbdürrəhman Cami (XIV əsr) "Cilair- ruh" ("Ruhun cilası") 130 beytlik qəsidəsini, Füzuli "Ənisül-qəlb" 138 beytlik əsərini yazır, onun bu qəsidəsinə hamıdan öncə Nizaminin nəzirə yazdığını Əbülqasim Şirazi Əmri Xaqaninin qəsidəsinə nəzirə olaraq yazdığı "Ənvarülüyun " ("Gözlərin işığı") qəsidəsində qeyd edir, o qəsidə bizə gəlib çatmayıb. Xaqani yaradıcılığının özündən sonra gələn sənətkarların yaradıcılığına böyük təsir göstərdiyini sübut edən bu siyahını artırmaq olar. "Xaqani dühasına pərəstiş və onun ayrı-ayrı əsərlərinə nəzirə yazmaq ənənəsi ən çox Azərbaycan ədəbiyyatında dərin izlər buraxıb. Xaqaninin əsərləri Azərbaycan klassik şairləri tərəfindən daha çox sevilib.
Zəmanəsindəki ictimai hadisələrə həssas və coşğun münasibət, yüksək sənətkarlıq kimi gözəl xüsusiyyətlər Xaqanini Azərbaycanın bir çox şairləri üçün müəllim və ustad edib. Nizami Gəncəvi, Mücirəddin Beyləqani, Füzuli öz əsərlərində Xaqaninin sənətkarlıq xüsusiyyətlərindən istifadə ilə onu daha da inkişaf etdirib".
Nizaminin yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlanıb.
Misilsiz sənətkarlıqla yazılmış əsərləri xalqının ibrətamiz, hikmətamiz, mütərəqqi əxlaqi görüşləri ilə zəngin olub. Dünya ədəbiyyatı tarixində "Xəmsə" adlanan beş böyük əsəri bədii sözün dəyərini bilənlər tərəfindən ölməz əsərlər kimi dəyərləndirilib, bu misilsiz bədii qüdrətə malik əsərləri bütün dünyaya yayılaraq hələ sağlığında belə ona dünya şöhrəti qazandırıb. XIII əsrdən başlayaraq Nizami motivləri əsasında əsərlər yaranmağa başlayır. Sədi Şirazinin "Bustan", Cəlaləddin Ruminin "Məsnəvi" əsərlərini görürük. Onun "Xəmsə"si əsasında XIII əsrin klassik şairi Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami "Xəmsə"lər yaratdılar. Yaxın və Orta Şərq xalqlarının ədəbiyyyatına böyük təsir göstərib, XVII əsrdən Avropa, Amerika alimləri (fransız şərqşünası dErbelo, Hammer Purqştal, F. Erdman, Eduard Braun, M.Xautsma, R.Levi, Xorn, F.B.Şarmuan, V.Baxer, Y.Rıpka, Y.E.Bertels, Çaykin, Z. Dunayevski, Y.Marr, A.N.Boldıryev, V.Dəstgirdi, S.Nəfisi və b.) dünyanın başqa qitələrinə yayılmış əsərlərin müəllifi Nizaminin qüdrətli bir sənətkar olduğunu qeyd edirdilər. Ana dilində yazılan əsərləri əlimizə gəlib çatmasa da, bu böyük sənətkarın öz dilinə, xalqına sevgisi farsca yaratdığı bu əsərlərin qanında, canındadır. "Leyli və Məcnun" əsərinin yazılmasını istəyən Axsitandan şair əsərin hansı dildə-türk, yoxsa fars dilində yazılmasını soranda hökmdarın ona:

Fars, ərəb dilində vur ona ziynət,
Kamal cövhərinin xəzinəsindən.
Gör kimin sapına inci düzürsən,
Türk dili yaramaz şah nəslimizə.
Əskiklik gətirər türk dili bizə.
Yüksək olmalıdır bizim dilimiz,
Yüksək yaranmışdır bizim nəslimiz

- deyən şahın doğma dilinə "yuxarıdan aşağı" baxmasına dözmür.
Axsitanın bu təklifinə bərk əsəbiləşən şair "Şahın halqasının qulağıma taxıldığını gördükdə, qan ürəyimdən beynimə vurdu. Nə bu təklifi rədd etməyə cürətim var idi, nə də xəzinəyə yol tapmaq üçün gözüm..."-deyir, şahın əmrini rədd etmək istəyirdi. Ancaq öz "canından əziz tutduğu" oğlu Məhəmmədin xahişi ilə bu əsəri yazmağa razılıq vermiş olduğu, misralarında dilinə sevgisini, məcburən farsca yazmalı olduğunu göstərən tutarlı faktlar var. Bununla belə, söz, sənət xiridarı, bədii təfəkkür nəsibi olan, bu cəhətdən dünyanı heyrətdə qoyan Azərbaycan bədii şeir təfəkkürü ilə zəngin Nizami hansı dildə yazmasından asılı olmayaraq ədəbiyyatımızın qüdrət və vüsətini dünyaya nümayiş etdirib. Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum romanı ("Xosrov və Şirin") ilə öz zəmanəsinin artıq böyük şairi kimi tanınan Nizaminin "misilsiz istedadına, yüksək dühasına, qabaqcıl ideyalarına pərəstiş edənlərin" öz dövründə belə sayı artmışdı. Xaqaninin əlimizə gəlib çatan bir məktubunda Nizamiyə böyük bir sənətkar kimi hörmət bəslədiyi, ona yüksək ehtiram göstərdiyi aydın olur.

Gülxani Pənah
filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas