Bədii ədəbiyyatın təsir gücü Mədəniyyət

Bədii ədəbiyyatın təsir gücü

5-ci yazı

XIII-XIV əsrlərdə monqol əsarətində olan Yaxın Şərq və Avropanın bir hissəsi kimi Azərbaycan da ağır dövrünü yaşayırdı, ədəbiyyatımız, mədəniyyətimizin inkişafına ağır zərbələr vurulurdu. Qarətlər, əhalinin qul kimi alınıb-satılması, yad ölkələrə aparılması alim və sənətkarların vətəndən uzaqlarda işləməyə aparılması, xalqın iqtisadi həyatının, maddi durumunun ağırlığı, törədilən qırğınlar, dəhşətlər xalqın bayatılarındadır. Xalq bu zülmlərdən cana doyur, dağlara çəkilir, silahlı dəstələr yaradır, istilaçılara qarşı mübarizə aparırdılar. Ağır iqtisadi bir durumunda xalq öz yaradıcılığını davam etdirir, müharibələrdə dağıdılmış ölkənin yeni mədəni abidələrini qururdular. Təbrizdə, Naxçıvanda, Bakıda, Zəngilanda, Marağada böyük məqbərələr tikilirdi. Bu dövrdə astronomiya, tarix, fəlsəfə ilə yanaşı, poetikaya aid əsərləri ilə Yaxın Şərqdə tanınmış Xacə Nəsirəddin Tusi Marağa rəsədxanasının banisi idi. Onun astronomiyaya aid "Zic-Elxani" əsəri Avropada da geniş yayılmışdı. XIII-XVI əsrlərdə Marağa rəsədxanası Yaxın Şərqdə məşhur bir elm mərkəzi idi.
Bu dövrdə elmdə, mədəniyyət kimi ədəbiyyatda da müəyyən məzmun dəyişikliyi duyulur. Saray ədəbiyyatı, qəsidə şeiri nisbətən zəifləyir. Monqol istilası feodal hakimiyyətlərini dağıtdığından saray ədəbiyyatı da zəifləmişdi. "Dövrün Fəzlullah Nəimi, Nəsimi, Əhvədi kimi görkəmli şairləri öz yaradıcılıqlarının ideya istiqaməti etibarilə saray ədəbiyyatına, məddahlığa tamamilə yabançı idilər". Bununla belə, Arif Ərdəbili, Seyid Zülfüqar Şirvani kimi saray şeirin ənənələrinidavam etdirən şairlər olsa da, onların da dünyagörüşü "ziddiyyətlidir". Z.Şirvani saray mühiti ilə bağlı olub feodalları mədh etməklə yanaşı, istedadlı bir sənətkar kimi dövrün ictimai hadisələrindən də kənar qalmayıb, zəmanədən şikayətləri qəzəl və rübailərində çoxdur. Monqol istilaçılarının ölkədəki özbaşınalığının doğurduğu ümidsizlik var onun bu əsərlərində.
Arif Ərdəbili yaradıcılığının yaxşı cəhətlərindən biri onun Nizami ənənələrini davam etdirməsi, onu təkrar etmədən, "Xosrov və Şirin" əsərinin təsiri ilə "Fərhadnamə" kimi orijinal bir əsər yaratmasıdır. XIV əsrdə onun "Fərhadnamə"si, Əssar Təbrizinin "Mehr və Müştəri" əsəri, Azərbaycanın ağır həyatı, zülm və ədalətsizliklərin bədii ifadəsi olan Marağalı Əhvədinin "Cami-Cəm" əsərləri əvvəlki əsərlərdən fərqlənirdi. Bu əsərlərdə həyat lövhələri, canlı insan surətləri "poeziyanın mistikadan uzaqlaşdığını, onun həyat ilə əlaqələrinin qüvvətləndiyini göstərirdi".
Yarı fəlsəfi, yarı dini-mistik cərəyan olaraq VII əsrdə Ərəbistanda və Suriyada meydana gələn sufizm ("suf" yun parça mənasındadır, sufi ideyalarını daşıyanların geydikləri paltar mənasında işlədilmişdir) dünyagörüşü XIII-XIV əsrlərdə Azərbaycanda da geniş yayılmışdı, Mahmud Şəbüstəri fəlsəfi və elmi fikrin inkişafında öz tərəqqipərvər fikirləri ilə əhəmiyyətli rol oynayan mütəfəkkir və alim kimi dəyərləndirilir.
Monqol işğalından sonra daha dəhşətli bir istilaya məruz qalan Azərbaycanın Teymurləng işğalları zamanı həm sənətkarları, həm mədəniyyəti, həm insanları talan və qırğınlara məruz qaldı. Xalq asanlıqla təslim olmurdu, feodal istismarları, aramsız qətl və qarətlər əhalinin həyatını ağırlaşdırdığı şəraitdə Azərbaycanda hürufilik təriqəti meydana çıxdı. Öz fəlsəfi məzmunu ilə sufizm ilə üzvi surətdə bağlı olan hürufilik təriqətinin banisi Fəzlullah Nəimi saraydan uzaq ömür sürən, xalqla, sənətkarlarla bir olan bir insan olub və hürufilik təlimini "Cavidannamə" əsərində şərh edib. Onun bu əsərini dostu və sirdaşı Şeyx Əbülhəsən nəzmə çəkib.
Fəzlullah Nəimi öz əsərlərində ilahi eşqi əsas götürür, "Allahın insanda təcəlli etməsini, insanın müqəddəsləşərək, nəhayət Allaha qovuşmasını, bədəndə olan fəna ünsürlərin məhv olmasını, yalnız ilahi təcəllinin qalmasını irəli sürür". O, kamil insanı müqəddəsləşdirmiş olur, "özünü mal-dövlət əndişəsi ilə məşğul edən zülmkarlara, qaniçən hökmdarlara yaltaqcasına xidmət edən riyakar və fitnəkar şəriət xadimlərinə qarşı qoyur". Buna görə də, hakim feodal-ruhanilər kafir, din düşməni kimi onun ölümünə fitva verdilər. Onun qətlindən sonra bu ideyaların ən böyük təbliğatçısı olan Nəsiminin (XIV əsrin sonu, XV əsrin əvvəli) yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində "yeni bir mərhələnin başlanğıcı" kimi dəyərləndirilir. Nəsiminin böyük tarixi xidmətləri öz ana dilində yazıb-yaratmasıdır, Azərbaycan ədəbi dilini, şeir dilini Həsənoğlu və Qazi Bürhanəddindən sonra inkişaf etdirməsidir. O, Azərbaycan dilində yaradılmış şeirin böyük ustadlarından biri kimi yüksək qiymətləndirilir.
XIII əsrin ikinci yarısında, XVI əsrin əvəllərində yaşayıb-yaradıb İzzəddin Həsənoğlu vaxtilə Azərbaycanda, Rumda, Misirdə şöhrət qazanmışdı, "Divanı" olduğu söylənsə də, əlimizdə dörd qəzəli var ki, bunlardan biri farsca, üçü türkcədir. XIII əsrdən başlayaraq xalq dili əsasında inkişaf etmiş Azərbaycan-türk yazılı ədəbi dili XV əsrdə yüksək səviyyəyə çatır. Bu dövrdə Azərbaycan dilində-doğma ana dilində yazılan əsərlərin sayı artır. "XIII əsrdən ölkədə ədəbi dilin üçləşməsi müşahidə olunur. Ərəb, fars dilləri ilə yanaşı Azərbaycan (türkdili də dövlət, sənət, elm dili kimi işlənmək hüququ qazanır" (T.Hacıyev).
İzzəddin Həsənoğlu, Əbdülqadir Marağayi, Şah Qasım Ənvar, Sultan Əhməd kimi şairlərin yaradıcılığı, onların əldə olunan şeirləri Nəsimiyə qədərki yazılı ədəbi dilimizin abidələri kimi tarixi əhəmiyyətlidir. Əbdülqadir Marağayi böyük istedad sahibi kimi həm də incəsənət aləmində məşhur idi. Gözəl səsə malik olan şair yüksək təfəkkür sahibi olub, "musiqi sənətinə hərtərəfli yanaşan musiqi alimi" olub, "maraq dairəsinin böyüklüyü, zehniyyətinin vüsəti, görüş üfüqlərinin genişliyi etibarilə zamanının görkəmli alimi, mümtaz musiqişünası və mahir ustadı sayılır" (Əfrasiyab Bədəlbəyli).
Əbdülqadir Marağayinin şairliyi və xəttatlığı haqqında İran alimi məlumat verir. Onun "Məqasidül-Əlhan" ("Təranələrin məqsədləri") və "Cameül-Əlhan" ("Təranələr külliyyatı") əsərləri əlyazma nüsxələri əsasında, Təqi Binişin tərtibatı ilə çap edilib. Birinci əsərinin sonuna şairin farsca və türkcə bir sıra şeirləri daxil edilib. Müəllif onları bəstələdiyi musiqi əsərlərinə mətn kimi yazıb. Onun "Məqasidül-əlhan" kitabında "Ey canü cəhan bəhər səfa, bizi unutma" misrası ilə başlanan şeiri yazılı ədəbi dilimizin ilk nümunələrindən biri kimi qiymətləndirilir.
XV əsrdən etibarən Azərbaycan ədəbiyyatı əsasən milli dildə inkişaf etməyə başlayır: "Teymurilərin qovulmasından sonra Cənubi Azərbaycanda təşəkkül edən Ağqoyunlu və Səfəvilər dövlətlərinin Azərbaycan dilinə əhəmiyyət verməsi, xüsusən Səfəvilər dövlətinin bu dildən dövlət dili kimi istifadə etməsi Azərbaycan dilinin ədəbi-bədii dil olaraq sürətlə inkişaf etməsinə şərait yaradır. Hələ XIV əsrdən başlayıb inkişaf etməkdə olan Azərbaycan ədəbi-bədii dili XV əsrdə möhkəmlənir, XVI əsrdə isə yüksək zirvəyə çatır; "bu əsrdə əsas əsərlərini bu dildə yaratmış cahanşümul sənətkarlar yetişir".
Bu dövrdə fars dilində də şeir yazan şairlər vardı. Katibi, fars dilində "Həqiqi" təxəllüsü ilə şeirlər yazan Şahcahan, fars dilində "Xəmsə" yazan Marağalı Əşrəf kimi şairlərlə yanaşı, bu dövrdə ölkədə baş verən siyasi hadisələrlə razılaşmadıqlarından vətəni tərk edənlər də vardı; Türkiyəyə köçüb yaradıcılıqlarını davam etdirən Hamidi, Haşimi (XV əsr), Süruri, Şahi, Həbibi, Xəlili, Matəmi, Arifi, Qasimi, Gülşəni, Bidari, Pənahi, Hafiz, Xəlifə, Xəzani, Həsiri, Mir Qədri vardı; Əlişir Nəvainin başçılıq etdiyi ədəbi məktəbə maraq göstərib Herata köçən, orada hörmət qazanandan sonra vətənə dönən, Nəvai dilinə yaxın bədii dili olan əsərlər yaradan Azərbaycan şairləri (Xülqi, Allahi, Ziyayi) vardı. Qəzvində doğulub Təbrizdə yaşayıb-yaradıb, öz ana dilində yazdığı şeirləri ilə müasirlərindən fərqlənən Kişvəri, dostu Həbibi, "dünyəvi meyilləri, canlı, sadə dili ilə xalq kütlələri içərisində geniş yayılmış və Azərbaycan şeirinin sonrakı inkişafında müəyyən müsbət rol oynamış", "aşıq şeiri üslubunda, sadə, canlı xalq dili ilə yazılan və saz havalarına uyğun gələn" qoşmalar müəllifi, Azərbaycan dilində məsnəvi tərzində yazılan ilk əsərlərdən olan "Dəhnamə" poemasının müəllifi, üç dildə şeir yazmaq qabiliyyətinə malik "Divan", didaktik mənzumələr, lirik qoşmalar, "Nəsihətnamə" məsnəvisi, "Dəhnamə"si olan Şah İsmayıl Xətayi vardı; Nizami, Xaqani ədəbi ənənələri ilə qidalanmış, o ənənələri davam və inkişaf etdirərək Azərbaycan ədəbiyyatına yeni məzmun, yeni bədii keyfiyyətlər gətirib, üç dildə ölməz əsərlər yaradıb, dünya ədəbiyyatına, xüsusilə, Yaxın Şərqin ədəbi həyatına, Türkiyə, İran, Orta Asiya xalqlarının ədəbiyyatına dərin təsir göstərmiş, Azərbaycan poeziyasında lirikanın ən gözəl nümunələrini yaradan və onu yüksək zirvəyə qaldıran, qəzəl ustadı, Azərbaycan bədii dilinin banisi, dilinin sadəliyini, təbiiliyini göz bəbəyi kimi qoruyan, dili məcaz və təşbehlərlə, istiarə və mübaliğələrlə, əlvan epitet və surətlərlə zəngin dili olan, Azərbaycan poeziyasını vəzn cəhətdən zənginləşdirən, vəznlərə yeni ruh, yeni ahəng gətirən" bir sənətkar kimi dəyərləndirilən Füzuli kimi qüdrətli sənətkarlar vardı və onlar təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə tanınmış sənətkarlar olub. Xüsusilə, Füzuli "əsərlərinin dərin elmi, fəlsəfi məzmunu, mövzu cəhətdən rəngarəngliyi, yüksək obrazlılığı və forma gözəlliyi əsrlər boyu ədəbi inkişafa təsir göstərib, yalnız Azərbaycanda deyil, bütün Yaxın Şərqdə yetişən şairlər üçün əsl yaradıcılıq məktəbi olub".

Gülxani Pənah
filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas