Kann Kinofestivalında Azərbaycan pavilyonu qurulub Mədəniyyət

Kann Kinofestivalında Azərbaycan pavilyonu qurulub

67-ci Kann Beynəlxalq Kinofestivalında Azərbaycan pavilyonu qurulub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, milli filmlərin nümayiş olunduğu pavilyonda xarici kino adamları - prodüserlər, rejissorlar, aktyorlar və digərləri ilə görüşlər keçirilir, birgə layihələr müzakirə olunur, Azərbaycanın turizm imkanlarını təbliğ edən çap və video materiallar ziyarətçilərə nümayiş etdirilir.
Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramında "Azərbaycanfilm" kinostudiyası ilə "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filmi nümayiş olunacaq. Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmov, baş rolun ifaçısı isə İdris Rüstəmovdur.
Nazirlikdən bildiriblər ki, festivalın "Rejissor ikihəftəliyi" proqramına "Torn" qısametrajlı filmi də daxil edilib. Filmin rejissorları Elmar İmanov və Engin Kundağ, baş rolun ifaçıları Rasim Cəfər və Zülfiyyə Qurbanovadır.
Bundan əlavə, "Qısa filmlər guşəsi" adlı sərbəst proqramda da Azərbaycan bir neçə qısametrajlı filmlə təmsil olunur.