““Leyli və Məcnun”un Moskvada nümayişi tarixi hadisədir” Mədəniyyət

““Leyli və Məcnun”un Moskvada nümayişi tarixi hadisədir”

Oktyabrın 16-da "Leyli və Məcnun" operasının ilk dəfə Rusiyada nəzərdə tutulan nümayişi ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirib ki, Üzeyir Hacıbəylinin müəllifi olduğu, Şərqin ilk operasının Moskvada nümayiş olunması tarixi və fövqəladə hadisədir: "Şadam ki, bu tarixi hadisəyə şahidlik edəcəyik. Musiqi tariximizdə belə hadisələr bir neçə dəfə olub. Məsələn, 1938-ci ildə Moskvada Azərbaycan dekadasının keçirilməsini deyə bilərəm. Sevinirəm ki, musiqi tariximiz üçün böyük hadisə olan bu tarixi premyerada Milli Konservatoriyanın da payı, rolu oldu. "Leyli və Məcnun" bir neçə ölkədə nümayiş olunsa da, bunun Rusiyada nümayişi xüsusi əhəmiyyət kəsb edir".
Siyavuş Kərimi qeyd edib ki, səhnə əsəri Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq.
Simfonik orkestrin dirijoru, xalq artisti Yalçın Adıgözəlov, xalq artisti Mənsum İbrahimov, xanəndə Arzu Əliyeva tamaşanın Moskvada nümayişini xüsusi mədəniyyət hadisəsi kimi dəyərləndiriblər.
Qeyd edək ki, operanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, simfonik orkestrin dirijoru xalq artisti Yalçın Adıgözəlovdur.
Tamaşada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.