Əlim dizlərimdə buraya qədər... Mədəniyyət

Əlim dizlərimdə buraya qədər...

Tural Qulun şeirlərini oxucularımıza təqdim edirik

Əkəsən bir çiçəyi dərə-dərə,
Sonra durasan qayğısında:
Bit deyə təkidlər.
Tikəsən bir arzunu sökə-sökə,
Sonra güləsən ümidlərə:
Sus deyə tərsliklər.
Əslində bu şeirlər kövrək insanların qəddarlığıdır. Varlığını unudanlar viranələr içindəki qəsrlərdə neyləsinlər?! Şairlərin fikirləri çoxbaşlıdır, inanarlar. Tərəddüdsüz baş qoyarlar ümidlərin karvanına. Ya qarışqa xatirəsi böyüdərlər ömür boyu, ya fil boyda ürəklərdə titrəyərlər ölüm boyu. Mənim yolum dəyişmədi ömrüm boyu. Mənim izim yol kəsmədi. Mənim sözüm əl kəsmədi. İndi nədəndir ki, ədalətsiz darğaların cəlladları baş kəsmədi?!
İndi son nəfəsdə silkələnən əllərimin izləri var yanaqlarda. Quruyan ağacları da gördüm, qurudulmuş olan yarpaqları da; unutduğum gecələrdən əsir gələn insanları da. Deyin mənə, neylədim ki? Mən əlimi vermədim ki, izim qalsın. Mən gözümü vermədim ki, gözüm qalsın sizdən ötrü. Daş ürəyim dağa döndü sözdən ötrü.

Arafda

İndi yollarımı körpülər kəsir,
Bir duman içinə yerləşməliyəm.
Körpünün sonunda insanın səsi,
Tülkünün səsinə öyrəşməliyəm.

Qırılıb iz qoyan ayaq yerində
Yarımçıq yolumun ağacları da.
Yığılıb bu gecə bir miskin üçün
Darılmış gözümün qanadları da.

Səs salır səsimi kəsən gecələr,
Altından bir günəş mənə meyl edir.
Yalana bükülüb bu sərzənişim:
Libasım boynuma yenə meyl edir.

Ölümə verilməz ölümsüzlüyüm,
Dərin çuxurları qazan kimiyəm.
Mənim ümidimin ölümsüzlüyü:
Bir inci bağçası tapan kimiyəm...


Buraya qədər


Ömür yollarında gül sancıları,
Tikanlı günlərim buraya qədər.
Sevgim arzuludu, eşqim ümidli...
Ümidli illərim buraya qədər.

Can da ağrıyandı, can da yanandı,
Dağ da ağlayandı, dağ da yanandı.
Canım dediyim yar – canım, amandı,
Yaşlarım tökülür buraya qədər.

Gediş ucalıqmı, eniş zirvəmi?
Ayağım altında torpaq inlədi.
Dişlərim dilimi yenə çeynədi,
Sözüm dodağımda buraya qədər.

Dənizə dönürəm, sahilim uzaq,
Səhraya dönürəm, günəşim uzaq,
Bir bağa dönürəm, bağbana yasaq,
Əlim dizlərimdə buraya qədər.

Çəkilim kənara, düşünüm yenə,
Qayıdım özümə, qayıdım yenə.
Sevincim kədərə nanəcib deyə,
Mən kədər istərəm buraya qədər.


Atlarımın şahları

Divar da istisiz, divar da səssiz,
Səsli qapılarda açarlar ölüb!
Orda at üstündə cəlladlar kəsir,
Burda atlarımın şahları ölüb!

Kimi arzu alır qorxulu dillə,
Kimi arzu verir qoruyub dildə.
Nə qara, nə ağın fərqi dəyərdə,
Burda atlarımın şahları ölüb!

Özünə sığınan alqışlanacaq,
Özünə üsyankar qarğışlanacaq,
Biz kimə küsdüksə bağışlanacaq,
Burda atlarımın şahları ölüb!

Həyat da yükünü azıdır bizdən,
Ömür də gizlədir: ən azı bizdən.
Fırlanan zamanı vaxtla əkizlə...
Burda atlarımın şahları ölüb!

Kənarda mənliyim, burda bərabər,
Hədəf taxtasını bədənim gizlər.
Məndən ayrılanı qələmim səslər:
Burda atlarımın şahları ölüb!


Xalqımın dərdi var

Xalqımın dərdi var – dərd böyüdürəm,
Haqsız darğaların qarşısındayam.
İki gənc anası, bir əlil yaşı –
Qəribə acılar qarğışındayam.

Düşünməz, anlamaz mərhəmət nədi,
Bu şahın əlləri qanmı izləri?
"Heykəl keçmişi"ni unutduracaq
Qanlı əlləriylə dərsmi öyrədir?!

Yerlər göy üzündə insan səsindən,
Bir kəsin səhvindən asılan da var.
Burda rəzilliyin hər türlüsünə
Əl atıb, göz yumub, satılan da var.

Bir az tez, bir az gec qollarım bağlı,
Ayağım buxovlu gətirəcəklər;
Mənim son arzumu, son sözlərimi
Xalqımın çiynində bitirəcəklər...


Tar səsi

Üzümün izləri yaşların izi,
Məzardan məzara başladı izim!
Şəhid baş daşları daşladı bizi,
Məni tar səsinə aparmasınlar!

Qaranlıq gecədə qapqara mənəm,
Həyalı səhərdə sapsarı mənəm.
Kəs səsi, yum gözü, bir də ki, hələ
Məni tar səsinə aparmasınlar!

"Çarəsiz" – bu sözün kəndiri kimdə?
Naləm parça-parça, zənciri kimdə?
Vaxtım külə dönür zaman səsində,
Məni tar səsinə aparmasınlar!


Edam səhpasında

Gizlənən gözlərin duyulur səsi,
Arzu ümidimin son sərmayəsi...
O fil karvanının kəsilsin səsi,
Qarışqa yükünə –
Dərdinə asılıram.

Mənim arzularım söz ağacından,
Baxıram, görürəm göz ağacından.
Kağızlar çəkinir öz ağacından,
Qarışqa yükünə –
Dərdinə asılıram.

Tutdular qələmi, qəhər çırpınır,
Mürəkkəb altında bəhər çırpınır.
Aldım gecələri, səhər çırpınır,
Qarışqa yükünə –
Dərdinə asılıram.


Al ümidimi

Kağızım çəkilib qəlbimin üstə,
Qələmim əriyir qəlbimin üstə...
Bu gecə bölünüb dərdimin üstə
Biri sənə düşəcəksə,
Al ümidimi!

Yandırma bu şamı – yandırma məni,
Söndürmə o şamı – söndürmə məni.
Gözüm kipriyimdə gözləyir səni;
Biri sənə düşəcəksə,
Al ümidimi!

Qırdım zəncirləri, əllərim səsli,
Dönürəm özümə soyuq nəfəsli.
Bizim xatirəmiz nələri kəsdi?!
Biri sənə düşəcəksə,
Al ümidimi!