“Ən gözəl bədii əsər həyatı tam mənası ilə dürüst göstərən əsərdir” Mədəniyyət

“Ən gözəl bədii əsər həyatı tam mənası ilə dürüst göstərən əsərdir”

İsmayıl Şıxlını hansı ədibin yaradıcılığı özünə cəlb edirsə, onu tərəddüd etmədən təhlil edib

Zaman-zaman İsmayıl Şıxlı ədəbi mühitə həssas münasibət bəsləyən ədib kimi ayrı-ayrı yazıçı və şairlər barədə fikirlər söyləyib, bir növ ədəbiyyatın real vəziyyətini təhlil etməyə çalışıb. Məsələn, o, Məmməd Aranlı barədə oxucuda təsəvvür yaratmaq üçün bütün imkanlardan istifadə edir: "Biz bir məktəbdə oxuyurduq. Hər ikimiz V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun – B.X.) ədəbiyyat fakültəsinin tələbəsiydik. Məmməd Aranlı məndən bir kurs aşağı idi. Mən onun özü ilə tanış olmazdan xeyli əvvəl qəzet və jurnallarda çıxan şeirlərini oxumuşdum. Məmməd Aranlı hələ Bakı Pedaqoji məktəbində oxuyarkən şeirlər yazırdı. O vaxt o, özünə təxəllüs götürməmişdi. Əsərlərinin altından "Ağazadə Məmməd" deyə imza atırdı. 1938-ci ildə, ali məktəbə daxil olduqdan sonra isə Məmmədin nəsrə həvəsi çoxaldı. Onun hekayələri çap olundu. Özünə "Aranlı" təxəllüsü götürdü".
İsmayıl Şıxlı Məmməd Aranlı barədə elə səmimiyyət, geniş ürək və səxavət göstərərək bəhs edir ki, oxucu bununla İsmayıl Şıxlının böyüklüyünə hörmət və ehtiram bəsləməli olur. Ədəbiyyat, ədəbi mühit də səxavəti və xeyirxahlığı tələb edir. Ancaq səxavət və xeyirxahlıq həddində, lazımi səviyyəsində olmalıdır. O, nə həddindən artıq, nə də həddindən aşağı olmamalıdır. Hər ikisi obyektivliyə kölgə salır, ədəbiyyatın və ədəbi mühitin ziyanına işləyir. Bu mənada İsmayıl Şıxlının Məmməd Aranlı barədə səxavətli və xeyirxah fikirləri həddində, lazımi səviyyəsində olduğundan obyektiv səslənir, bu fikirləri oxuyanın hər birinin qəlbinə yol tapır. Fikir verək: "O vaxt mən də (İsmayıl Şıxlı – B.X.) arabir şeir və hekayələr yazırdım. Lakin meydana çıxmağa qorxurdum. Məmməd Aranlı isə məşhur idi, bilmirsən gənc şairlərin azlığından idi, yoxsa o zaman şair olmaq istəyənlərin özlərini nümunəvi aparmalarından idi, nədənsə, tələbələr gənc şairləri çox sevirdilər. Öz şair-tələbə yoldaşlarının yelinə uçurdular. Tənəffüslərdə institutun foyesində gəzişərkən hamı gizlicə onlara baxırdı. Onlarla yaxından tanış olmaq, bir- iki kəlmə söhbət etmək çoxumuzun arzusu idi. Yaxşı yadımdadır, o zaman APİ-nin (indiki ADPU-nun – B.X.) böyük bir şair dəstəsi var idi. Böyükağa Qasımzadə, Tələt Əyyubov, Zeynal Cabbarzadə, Ənvər Əlibəyli, Həsən Qasımov, Nazim Sultanov, Teymur Əhmədli, Mirrəhim Ələsgərli, Sona Məmmədova qəzet və jurnallarda tez-tez çıxış edirdilər. Məmməd Aranlı da onların sırasında idi".
İsmayıl Şıxlı Məmməd Aranlının 1937- 1940-cı illərdə yazdığı "Fırtına", "Sevgi", "Baş tutmadı", "Görüş", "Son görüş", "Aşığın dərdi", "İzabella" adlı hekayələrini təhlil edir, onun kəskin süjet qurmağa qadir olduğunu söyləyir, qəhrəmanlarının arzu, istək və məslək uğrunda psixoloji vəziyyətlərinin bütün məqamlarını təsvir etmək qabiliyyətinə malik olduğunu qeyd edir: "Məmməd Aranlı yaradıcılığa başladığı andan günün aktual məsələləri ilə maraqlanıb. Onun mövzuları və təsvir etdiyi surətlər rəngarəng idi".
İsmayıl Şıxlı həyat hadisələrini çox gözəl, müasir tələblərə uyğun təsvir etməyi bacaran Əbülhəsənin ədəbi fəaliyyətini yüksək qiymətləndirir. Onu mövzular axtarışının "ilk təşəbbüskarı" hesab edir. İstər mövzu, istərsə də ədəbi mühitdəki rolu baxımından özü təzə iz salan, özünəməxsus yolu olan sənətkar kimi qiymətləndirir. İsmayıl Şıxlıya görə, Əbülhəsən gördüyü, müşahidə etdiyi adamların surətini yaradarkən, məharətlə ümumiləşdirmələr aparır, mürəkkəb məsələləri, ziddiyyətli xarakterləri, ictimai problemləri, psixoloji sarsıntıları ustalıqla verməyi, təsvir etməyi bacaran nasir kimi xarakterizə olunur. Məsələn, "Tamaşa qarının nəvələri" əsərini birnəfəsə oxumağa vadar edər nədir? Əlbəttə ki, bəzi valideynlərin kölgə kimi övladlarının arxasınca sürünməsi, qapılar döyməsi, zorla onları irəliyə itələməsi. Təkcə bumu? Yox. Həm də bəzi valideynlərin övladlarının zehni və mənəvi zənginliyinə çalışmaması, oğru – doğru yolla əldə etdikləri pulları onların cibinə doldurmaları və bununla da övladlarını şikəst etmələri, tərbiyələrini pozmaları, mənəvi cəhətdən müflis etmələri və s. Bu cür təhlükələr bütün zamanlarda cəmiyyətin problemi olub. Odur ki, Əbülhəsənin yazıçı duyumuna söz ola bilməz. Bu mənada İsmayıl Şıxlı Əbülhəsənin yazdıqlarına, o cümlədən "Tamaşa qarının nəvələri" əsərinə olan rəğbətini gizlətmir. Birnəfəsə "Azərbaycan" jurnalından oxuduğu "Tamaşa qarının nəvələri" əsəri barədə sevincini gecədən xeyli keçməsinə baxmayaraq İsa Hüseynovla bölüşür.
İsmayıl Şıxlını hansı ədibin yaradıcılığı özünə cəlb edirsə, onu tərəddüd etmədən təhlil edir, məsələlərin təhlilinə ürəkdən yanaşır, mövqeyini dürüst şəkildə ortalığa qoyur, izahları və qeydləri isə məntiqli görünür. İsmayıl Şıxlı Mehdi Hüseynin həm özünə, həm də əsərlərinə dərindən bələd olan qələm əhli idi. Ona görə də İsmayıl Şıxlının istər 1966-ci ildə yazdığı "Mehdi Hüseyn" məqaləsində, istərsə də 1967-ci ildə yazdığı "Qranit kimi sərt" xatirə yazısında Mehdi Hüseynlə bağlı hər bir söz, hər bir sətir, hər bir cümlə səmimi və təbiidir. Onu son mənzilə yola salan zaman keçirdikləri hisslər də, bu barədə yazdıqları da, eləcə də Mehdi Hüseynin yaradıcılığı barədə yazdıqları da. "Biz əklillərlə dolu olan maşında, tabutun yanında (Mehdi Hüseynin tabutu – B.X.) oturmuşduq. Onunla axırıncı dəfə yoldaşlıq edirdik. Zehnimiz bizə deyirdi ki, Mehdi Hüseyn artıq yoxdur, amma hisslərimiz ona bağlı idi. İnana bilmirdik. İnanmaq istəmirdik. İnanmaq çətin idi!
İsa Hüseynov tabutun baş tərəfində mənimlə üzbəüz oturmuşdu. Dirsəklərini dizinə, çənəsini isə əllərinə söykəmişdi. Barmaqlarının arasındakı papiros müştüyə qədər yanmışdı. O, bundan xəbərsiz idi. Elə bil beli də azacıq əyilmişdi. Onu hələ belə məhzun görməmişdim. Hətta atası faciəli şəkildə həlak olanda da toxtaqlığını itirməmişdi.
Artıq son mənzilə yaxınlaşırdıq. Fəxri xiyabanın girəcəyinə çatanda hələ torpağı tamam yapıxmamış qəbrin baş tərəfindəki şəkil nəzərimizə çarpdı. Səməd Vurğun idi. O bizə baxırdı. Gülümsər gözlərində gizli bir kədər duyulurdu. Hiss olunurdu ki, ürəyi qubarlıdır. Baxışları isə dostunu danlayır ki, "Axı mən tələsdim, 50 yaşında dünyadan köçdüm, bəs sən nə tez gəldin?"
Deyirlər, bir məclisdə Üzeyir Hacıbəyov Müslüm Maqomayevin şərəfinə sağlıq deyib. O deyib ki, mən Qoriyə, seminariyaya oxumağa getdim, dalımca gəldin. Mən musiqiyə həvəs göstərdim, dalımca gəldin. Mən Terequlovun qızını aldım, dalımca gəldin, bacanaq olduq. Mən opera yazdım, dalımca gəldin, yaxşı elədin. Amma bir xahişim var. Mən öləndə dalımca gəlmə!"
Mehdi Hüseynin dəfn mərasimi ilə bağlı onun keçirdiyi hissləri bundan artıq, bundan təsirli, bundan emosional, bundan güclü necə ifadə etmək olardı.
İsmayıl Şıxlı Mehdi Hüseynin yaradıcılığının müəyyən bir hissəsinin ədəbi tənqidlə bağlı olduğunu nəzər alır və bu cəhətdən də onun yaradıcılığının böyük əhəmiyyətə malik olduğunu söyləyir. İsmayıl Şıxlı yazır: "Mehdi Hüseynin tənqidi də, bədii yaradıcılığı kimi həm əhatə etdiyi mövzu, həm də poetikası baxımından rəngarəngdir. Belə ki, o bir neçə ədəbi janrda əsər yazdığı kimi, tənqidin də müxtəlif sahələrinə əl atıb. Biz onun tənqidi əsərləri içərisində ədəbiyyat tarixinə, müasir ədəbi məsələlərə, teatr tənqidinə, aktyor sənəti haqqında mülahizələrə, rus və dünya ədəbiyyatı barədə çox qiymətli fikirlərə rast gəlirik".
İsmayıl Şıxlı Mehdi Hüseynin bir münəqqid və ədəbiyyatşünas kimi söylədiyi fikirləri iki yerə ayırır: birincisi, münaqişələr dövründə (1937-ci ilə qədər) söylənilən fikirlər, ikincisi, münaqişələrdən sonrakı dövrdə yaranan ədəbi-tənqidi mülahizələr. Onun hər iki dövrdə yazdığı ədəbi-tənqidi məqalələri barədə düzgün mövqeyini bildirməklə yanaşı, ayrı-ayrı yazıçılar barədə yanlış mülahizələrini də diqqətdən qaçırmır. Ədəbi münaqişələr dövründə M.Hüseynin yazdığı ədəbi-tənqidi məqalələr müxtəlif məfkurə və fikirlərin çarpışması dövrünə təsadüf edir. Bu dövrdə kəskin konfliktlər özünü göstərir. İsmayıl Şıxlının fikrincə desək "Bu dövrdə "proletar ədəbiyyatı necə olmalıdır?", "Hansı əsaslarla inkişaf etməlidir?", "Keçmiş klassik irsə nə cür münasibət bəsləmək lazımdır?" kimi suallar bütün ədəbi ictimaiyyəti məşğul edirdi".
Məhz belə bir dövrdə Mehdi Hüseyn onlarla məqaləsini və 1931-ci ildə "Ədəbi döyüşlər" kitabını yazır. Tarixi təcrübə bu dövrün ədəbiyyatına müxtəlif münasibətləri üzə çıxardı. Bəziləri bu dövrün ədəbiyyatını inkar etməyə çalışdı, bəziləri müəyyən yanlış məqamları tənqid etdilər, bəziləri isə bu dövrün ədəbiyyatını inkar etməyə çalışdı, bəziləri müəyyən yanlış məqamları tənqid etdilər, bəziləri isə bu dövrü ədəbiyyat tarixinin bir mərhələsi kimi qəbul etdilər.
İsmayıl Şıxlıya görə Mehdi Hüseynin ədəbi – tənqidi görüşlərinin ikinci mərhələsi, dövrü 1938-ci ildən sonrakı fəaliyyəti ilə bağlıdır. Bu dövrdəki fəaliyyətində Mehdi Hüseynin
tənqidçidən nə tələb etdiyini İsmayıl Şıxlı bir sistem halında təqdim edir. Məsələn, "Tənqid aydın və obyektiv olmalıdır. Çünki tənqidin məqsədi ədəbi inkişafımızda olan ayrı-ayrı qüsurları göstərib islah etməkdir". Yaxud: "Ən gözəl bədii əsər, həyatı tam mənası ilə dürüst göstərən əsərdir. Bu səbəbə görə də tənqidçi həyatla bədii əsəri tutuşdurub qiymətləndirməlidir". Bundan başqa Mehdi Hüseynin tənqidin qərəzsiz olması barədə söylədiyi fikir də İsmayıl Şıxlıya görə, meyardır: "Əsasən haqsız və yanlış tənqidlər belə (əgər onun müəllifi müqəddəs bir qayə üçün çarpışırsa) ədəbi inkişafa mane ola bilməz. Əksinə, bəzən bu tənqidlər müəllifi – dramaturqu yeni-yeni fikirlər ətrafında müəyyən tədqiqlər aparmağa məcbur edir. Burasını da unutmamalıdır ki, ən istedadlı yazıçıları belə riyakar təriflər öldürə bilər. Əgər o gəncsə, onu inkişafdan saxlaya bilər".
İsmayıl Şıxlı Mehdi Hüseynin ədəbi tənqidinə qiymətləndirdiyi bir cəhət də tənqiddə aydınlığın olmasıdır. Odur ki, Mehdi Hüseynin tənqiddən tələb etdiyi aydınlıq belədir: "Əgər tənqidin özü də izaha möhtac olsa, oxucuda təəccüb oyatsa və bir sıra yeni sualların çıxmasına səbəb olsa, o heç vaxt xalqın qabaqcıl hissəsinin rəyini ifadə edə bilməz".

Buludxan Xəlilov,
professor