Kəndimizə bu ənənələrlə qayıdacağıq… Mədəniyyət

Kəndimizə bu ənənələrlə qayıdacağıq…

Bu el xeyir-şər mərasimlərin özünəməxsus şəkildə qeyd edər, adət-ənənələrimizi yaşadar, inkişaf etdirərdi. Ətraf kəndlərin adamlarından dönə-dönə eşitdiyimiz “Xələflilər xeyir-şərdə bir-birinə yaxşı əl atır, kömək edirlər” ifadəsi əbəs yerə deyilmirdi. Xələfli kəndində hələ yanğın baş vermiş elə bir ev olmayıb ki, axıra qədər yanıb qurtarmış olsun. Bulaq sularına möhtac olan bu camaat sənəklə, vedrə ilə su daşıyıb, alovu söndürərdilər. Şəxsən özümün şahidi olduğum bir hadisəni qeyd etmək istəyirəm. Telefon vasitəsilə xəbər yayıldı ki, erməni kəndi Cilan od tutub yanır. Bütün kənd, məmə deyəndən, pəpə yeyənə kimi hamı Cilana axışdı. Evlər bir-birinə söykək olduğundan, yanğın bir neçə evin yanmasına səbəb olmuşdu. Ev sahibləri içəridən əşyaları daşıyıb bayıra çıxarırdılar. Bu zaman kəndin cavan “dığaları” evdən çıxmış stulu götürüb bir kənarda qoyaraq üstündə əyləşib, evlərin necə yanmağına tamaşa edirdilər. Xələfli cavanlarının hadisə yerinə çatması ilə su daşıyıb, alovu söndürməsi bir oldu. Gənclərimizin bu fədakarlığına ermənilər özləri də heyran qalmışdılar.
Ali təhsilimi başa vurduqdan sonra Cəbrayıl şəhərində yurd götürüb ev tikdim. Atam Əvəz evdə hər gün işləyir, çatışmayan hissələri düzəltməklə məşğul olurdu. Yaxınlıqda, oğlunun evində işləyən Salman oğlu Mürşüd, Əvəzlə söhbətləşərkən, söhbət əsnasında dedi: “Əvəz, səninlə mənim kimi övladın əziyyətin çəkən, övlada yanan adam olmaz”.
Bu sözləri bir neçə ay qabaq qonşuluqda, qızı evində işləyən Əhməd oğlu Ramazan da həmin qaydada demişdi. Bir müddət keçdikdən sonra Əzim oğlu Xasaydan; - “Əvəz, səninlə mənim kimi övladın əziyyətin çəkən, övlada yanan adam olmaz” sözlərini eşidəndə öz-özümə fikirləşdim, görəsən bir qayda olaraq hamı bir-birinə belə deyir, yoxsa hamı özün Əvəzlə müqayisə edir? Sonralar bu söz barədə çox fikirləşdim. Əslində kəndimizdə Hüsən oğlu İsbəndiyar, Əziz oğlu Zal, İsmayıl oğlu Məhəmməd, Fərhad oğlu Məhəmməd, Əhməd oğlu Bəylər, İmralı oğlu Fətyalı, Məhəddin oğlu Bilal, Yunus oğlu Hümbətalı və s. övladlarını oxutmuş, ev-eşik sahibi etmişdilər. Bir sözlə, bu kənddə hər kişi övladları yolunda şam kimi yanmağı bacarırdı.
Xələflidə kiminsə toy elədiyini və ya kiminsə hüzürü düşdüyünü eşitmək kifayət idi. Dərhal bütün kənd axışıb gələr, hər kəs özü ilə mağar qurmaq üçün lazım olan ağac, dəmir materialları gətirər, məclis sahibinin bir işə əl vurmasına imkan verməzdilər. Toy şənliklərində şənlənməyi, hüzürdə isə qədərində qəmlənməyi yaxşı bacarırdılar xələflilər.
İmaməli oğlu Nəsir, Hacı Qasım Çələbinin müridi olmuş, mollalığı yaxşı bacarırmış. Hacı Qasım Çələbi onun haqqında: “Nəsir mənim böyük oğlumdur” deyərmiş. Novruz oğlu Vəli Quran ayələrini gözəl avazla oxuyarmış.
Yaşlı nəslin nümayəndələri adətən spirtli içkilərdən uzaq olardı. Spirtli içkiyə, spirtli içki qəbul edən gənclərə istehza ilə baxardılar. Qaytaran oğlu Əvəz deyərdi: “Gör araq nə qədər acıdır, onu içəndən sonra acı soğan yeyirlər ki, acılığın qarşısını alsın.” Aslan oğlu Teyfurun isə araq haqqında öz mülahizəsi vardı. Onun fikrincə, içki məclisində ona görə çox yemək mümkündür ki, sərxoş adam nə yediyini hiss eləmir. Süfrədə olan hər şeyi götürüb ağzına dürtür.
Toylarda hər kəsin öz havası olardı. Qaytaran oğlu Rizvan “Sarıköynək”, Əmiraslanın oğulları Raqub, Yaqub, Qulam isə “Qazağı” havasına süzərdilər. Əmiraslan oğlu Qulamın, Telman Səlimoğlunun rəqsləri alqışla müşayiət olunardı. Yaslarda isə İmamqulu qızı Gilənin, Fərhad qızı Anaxanımın, Məmməd qızı Pərinin, Heydər qızı Şamamanın, Bədircahanın, Gülövşənin, Behbud qızı Zülfinin, Gözəlin, Əmiraslan qızı Güllərın, Rüstəm qızı Gülcahanın, Qaytaran qızı Lalanın ağı deməsi ən daşürəkli adamların belə hönkürtü ilə ağlamalarına səbəb olardı.
Hər məclisi dövrünə uyğun şəkildə yola verərdilər. Əlaslan oğlu Əmiraslan toylarda bəylə gəlinin yanaşı oturub iştirak etməsinə qeyri-adi baxardı. “Bizim vaxtımızda belə olmazdı”, - deyərdi. “Yadımdadır, toyum olanda məni yamaca qoyun otarmağa göndərdilər. Dağın dalından, Dağdağandan hərdən boylanıb kəndə, qara zurna ilə müşayiət olunan toyuma baxırdım. Bir dəfə toya baxanda, bir neçə dəfə də ətrafa göz gəzdirirdim ki, birdən mənə baxan olar, xəlvətcə öz toyuma tamaşa etdiyimi görərlər”. Qeyd edək ki, Əmiraslanın toyu 1920-ci illərdə olmuşdu.
Toy və yas mərasimlərində yeməkləri bişirmək üçün xüsusi adamlar təyin olunardı. Adətən bu işləri Aslan qızı Güləndama, Vəli qızı İzzətə və ya Səvdimalı arvadı Suduşa həvalə edərdilər. Ümumiyyətlə, Xələflinin özünəməxsus mətbəxi vardı. Müəyyən adamlar müəyyən yeməkləri bişirməyinə görə və ya təmizkarlığına görə seçilərdilər. Məsələn, Həsən qızı Fatının bişirdiyi xamıralı çörəyi qıp-qırmızı xına kimi qızarar, ətrindən adam məst olardı. Yaxud, Rza qızı Rənanın təmizkarlığı haqqında Aslan qızı Güləndam xüsusi ifadə ilə: “Allah, Rəna yansın, elə bil güldür, gümüşdür”, - deyərdi. Alça, gavalı qurusu və ya turşusu (lavaşı) hazırlamaqda, tut bəhməzi bişirməkdə Şəkəralı qızı Gülzadə xüsusi məharət sahibi idi. Qaytaran qızı Lalanın, Buludxan qızı Sərvinazın, Səlim qızı Rəfiqənin tutduğu pendir dillə deyilərdi.
Müharibədən sonrakı illərdə maddi çətinliklə bağlı olaraq toylar nisbətən yığcam şəkildə keçirilirdi. Danışırlar ki, Camalxan oğlu Məhəmməd, Mirkişi qızı Şamama ilə ailə qurarkən başlıq üçün verilən bütün kəsiməti Nemət oğlu Şahməmməd şəllənib qız evinin həyətinə aparıb. Xatırladaq ki, bu başlıq qənd, çay, düyü, yağ və s. olmaqla bərabər, bir hissəsi, bunları bişirmək üçün lazım olan odun imiş. İnsanların maddi vəziyyəti yaxşılaşdıqca mərasimləri daha da geniş və əhatəli keçirməyə başladılar.
Artıq 1970-1980-ci illərdə qız üçün verilən başlıq maşınlarla daşınırdı. Həmin illərdə toyların keçirilmə qaydaları da yeni forma almışdı. Toydan üç gün qabaq “qırım” (paltar biçdi, qayçı kəsdi də deyilirdi) keçirilirdi. Qırımda xanım üçün alınmış paltarlar nümayiş etdirilərdi.
Bu işi adətən Qaytaran qızı Lala və ya Mirkişi qızı Şamama icra edərdi. Şamama xanım nümayişi ortada dayandırıb, adamları şənləndirmək üçün: “Allah, Məhəmməd ölsün, niyə saxlayıb məni indi almadı ki, mənə də bu qədər pal-paltar verələr”- deyərdi. Paltar nümayişi sona yetəndə, iştirakçılar qırıma pul salardılar. Siyahıya adı düşən hər qadına, kağızdan tikilmiş kiçik kisələrdə şirniyyat (buna nəmər deyirdilər) verilərdi. Toy adətən həftənin şənbə günü günortadan sonra başlanardı. Qara zurnanın “qaqqıltısı” mərasimin başlandığını bütün kəndə car çəkərdi. Gecə saat 12-yə, 1-ə qədər şənlik davam edərdi. Davamı bazar günü səhər tezdən başlayıb, günorta bir saat fasilə verməklə gecə saat 12-yə qədər çəkərdi. Günortadan sonra qara zurnanın müşayiəti ilə gəlini gətirməyə gedərdilər. Zurnaçılar dəstəsi qabaqda, onun arxasınca bəyin qohum-qardaşları, ən qabaqda isə bəyin yaxınlarından biri əlində tüfəng gedərdi. Qara zurnanın sədaları altında irəliləyən toy adamlarını, hərdən tüfəngin gurultusu diksindirərdi. (Bəzən dastançı aşıqlar da dəvət olunardı ki, gecə keçdikdən sonra söz onlara verilərdi.) Sonda bəy tərifi ilə başa çatardı. Bəy tərifində xanəndə:
Nə gözəldir bu yerlərin butası,
Gəlib xələt versin bəyin atası,
Dəryada qərq olub Nuhun gəmisi,
Gəlib xələt versin bəyin əmisi.
Yaxud
Göydə bir ulduz var, adı Talıbdı,
Bəyin dayısında xələt qalıbdı.
- kimi beytlərlə bütün qohum-qardaşın adını çəkərək xələt alardı. Məclislərin buraxdığı təəssürat uzun müddət adamların yaddaşından silinməzdi…

Sabir Şirvan
Yusf Dirili