Ay ellər, bu kəndin yiyəsi hanı? Mədəniyyət

Ay ellər, bu kəndin yiyəsi hanı?

Mərkəzdən uzaq, “ucqar” damğasıyla damğalanan rayonlarda müəyyən sosial problemlərin illərlə həll olunmaq əvəzinə qalaqlanaraq üst-üstə yığılması nəticəsində kəndlər yavaş-yavaş boşalır, iş o yerə çatıb ki, artıq bir neçə evdən ibarət, eləcə də sakini cəmi bir nəfərdən ibarət olan kəndlərin sayı çoxalır. Gedənlərin nisgili, qalanların qayğısı üzündən oxunur. Yurd sevgisi, yurd dərdi insanları danışdırır. Hər dövrün çətinlikləri olub. Sözsüz ki, bütün dövrlərdə bu çətinliklərin həll edilməsi dövlətin, hökumətin qarşısında duran ümdə məsələyə çevrilib, zaman-zaman məsələlər qismən də olsa həllini tapıb. Demoqrafik proseslərlə yanaşı urbanizasiya prosesi də hələ ötən əsrin sonuncu rübündən başlayıb, son illərdə demək mümkünsə kulminasiya – pik həddfinə çatıb.
Ötən əsrin səksəninci illərinin sonundan başlayaraq yüksələn xətt üzrə tənəzzül edən dağ kəndlərimizin dağ dərdləri ged-gedə böyüyüb, sonucda həyəcan təbilinin çalınmasına gətirib çıxarıb. Oğullar ata yurdlarını atıb gedirlər. Təkcə yurdumu? Xeyr, atılan təkcə yurd olmur, atanı da, ananı da, onların boya-başa çatdırdıqları oğulları haqqında arzularını da atıb gedirlər. Gedirlər utopik xəyallara, bu xəyalların yaratdığı illüziyaların dalınca. Adını da qoyurlar “çörək dalınca” gedirik. Doğrudanmı bu gedənlər hamısı çörək qazanmaq üçün gedib? Bəs minilliklərdir bu yurdlarda sakin olanlar əcəba çörəksizmi olublar? Amma cox da uzaq olmayan keçmişdə bu gün şəraitsizlik ucbatından boşalan yurdlar Aran zonasını, qonşu rayonların əhalisini çörəklə təmin ediblər. Bəs ata-babalarımız burda çörəyi necə tapıb, necə yaşayıb?
Gedənlər ata-babalarının yaşayış tərzini bəyənmədilər, daha çox qazanmaq, şan-şöhrət, var-dövlət arzusu ilə baş götürüb bu yurddan getdilər. Sonuc olaraq isə bu balaca qara balıqlar çox vaxt balinalara yem oldular. Kimi istəyinə çatdı, kimininsə bəxti yatdı. Şəhərdə də dincliyə yetişmədi, bütün ömrü boyu çabaladı, axırda kasıb gecəqondusunda ömrünü başa vurdu.
Özünüdərk yox, özünütərk adı verdiyim bu acınacaqlı prosesdə heç şübhəsiz ziddiyyətlərin, təzadların da rolu böyükdür. Kənddə qalanlara elə gəlir ki, şəhərdəkilər kefdədir. Düzdür, maddiyyat, pul çox şeydir, amma hər şey demək deyil. İnsan əlində olanın qədrini əlində olduğu müddətdə bilmir, itirəndən sonra yanıb-yaxılır. Ta bundan sonra ha ufulda, nə xeyri...İtirəndə dərk edir ki, nələri itiriblər. Şəhərə gedən kəndli də çox gec – qocalanda başa düşür ki, o pul qazanmağa gəlmişdi, bu pulu qazandıqca özünün mənəvi azadlığını, paklığını, kəndin saf havasını, suyunu, torpağını, düz halal insanlarını, ən başlıcası Ata yurdunu, öz həyət-bacasını itirib, əvəzində bir gecəqondu, yaxud betondan hörülmüş bumbuz, soyuq divarlarla əhatələnmiş qutu mənzilini qazanıb. Bir az da irəli gedərək yaşadıqca özü, yaşamını itirdikdə isə ruhu da qəribliyə qovuşub.
"Perspektivsiz ərazi" damğası vurulmuş bu torpaqlar ildən-ilə boşalır, boş qalan bu yurdları gördükcə düşünə bilən insanlar dəhşətə gəlir. Amma şöhrət, vəzifə, var-dövlət eşqi ilə şəhərə üz tutmuş bu adamların az bir qismi öz imarətində arxayın (guya) yaşayır, ata mülkünü aylarla, illərlə yada salmır. Oğlunun ərköyünlüyünə görə on min, iyirmi min xərcləyən ata, doğulub boya-başa çatdığı ata mülkünə bir qutu rəngi də qıymır. Xöşbəxtlik ardınca şəhərlərə, xarici ölkələrə üz tutanların heç də hamısı xoşbəxt olmur. Atanı, ananı, yurdu qız-gəlin ümidinə qoyub xarici ölkələrə gedən, başqa xalqların qızlarına xidmət edən, onlara övlad bəxş edən, manqurtlaşan, pis vəziyyətə qaldıqda yurd yadına düşən Xoşqədəm vasitəsilə bomj halında yurduna dönən “kişilər” səhvlərini başa düşdüklərini etiraf edirlər. Amma ta nə fayda..
Fiziki kəmiyyətcə təsirin əks təsirə bərabərliyi hamıya gün kimi aydındır. Və birdə, bilənlər bilir, fəlsəfi kateqoriya olaraq inkarı inkar qanunu labüddür. Belə ki, bu gün ata-anasını, yurdunu qoyub qaçan oğullar bilməlidirlər ki, bir gün də onları qoyub qaçacaqlar. Ata-ananın övladı ilə bağlı arzularını çilik-çilik edən, ata-anaya xidmətdən qaçan, kənddə özü üçün işləmək istəməyib, gedib özgə üçün işləyən, qəpik-quruşa görə tər tökən, söz düşəndə bol-bol anadan, yurddan danışanları gördükdə müsahibinə qarşı qəlbində sadəcə ikrah hissindən başqa bir hissi cücərdə bilmirsən.
Uzun müddətdir ki, yaradıcılığını izlədiyim həmyerlim Naibə xanım Yusublunun yaradıcılığında yurd sevgisi, yurd dərdi aparıcı bir xətt kimi davam edir: şairə xanım öz ata yurdunun misalında həmyaşıdlarına, özündən qabaq və sonra gələnlərə, ümumən oxucularına, dinləyənlərinə sözünü poetik dillə, anlaşıqlı şəkildə, başa düşüləsi biçimdə deyir. Ata mülkündən üz döndərənlərin diqqətini doğma yurda, boş qalmış elə-obaya yönəldir. Tənha qalmış evin, dağılmış hasarların, alaq basmış yol, rizin, bağ-bostanın, insan əlinə həstət həyət-bacanın, dam-dirəyin, boş qalmış evin dərd-sərini dilləndir:
Dərddən dər-divarlı, qəmdən qubarlı,
Bu kəndin, ay ellər, yiyəsi hanı?
Mamırdan bəzəkli, hisdən nübarlı,
Bu kəndin, ay ellər, yiyəsi hanı?
Perikib evlərdən körpə nəfəsi,
Dolaşmır səmanı sevda həvəsi.
Nazlanır gül üstə dərdin dəvəsi,
Bu kəndin, ay ellər, yiyəsi hanı?
Qolu baltalanan zümrüd meşətək,
Boynuna qısılan tər bənövşətək.
Yiyəsi köç edən yetim köşətək.
Bu kəndin, ay ellər, yiyəsi hanı?
Xiffətdən don geyib dağların qarı,
Xəzandan sonalı bağların barı.
Sızlayır yurdumun qışı, baharı,
Bu kəndin, ay ellər, yiyəsi hanı?

Nə qədər gec deyil yurdlarımız bərpa olunmalı, öz əvvəlki görkəminə qaytarılmalıdır. Yoxsa bir müddətdən sonra daha gec olacaq. Onda isə adımıza,-
Eh, gör bir nələri vermisən bada..,
Gedən ki, qayıtmır, ha yan, ha qorul.
Sənin bir adın var indi dünyada -
Ata ocağını söndürən oğul.- deyəcəklər!

Malik Balaşov, tarixçi-publisist