

“Gürcüstan əvvəllər öz yolunu, strateji inkişaf hədəflərini, gələcəyini Avropa İttifaqı və NATO-ya inteqrasiya üzərində qurduğunu elan etmişdi. Hətta bununla bağlı Gürcüstan qanunvericiliyində də müəyyən müddəalar vardı. Ancaq Kobaxidzenin gəlməsilə daha əvvəllər başlayan Rusiya və Çinə meyillənmə getdikcə gücləndi. Hətta Kobaxidze özü inaqurasiya mərasimində açıq şəkildə artıq Rusiya və Çinlə yeni əməkdaşlığı inkişaf etdirəcəklərini bildirmişdi və Qərbi, ABŞ-ni və Avropa İttifaqını açıq şəkildə tənqid etmişdi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.
T.Rzayev bildirib ki, daha sonra seçkilər, seçkilərin nəticəsinin Qərb tərəfindən lazımi şəkildə tanınmaması və ya neqativ hallarla bağlı məsələlərin gündəmə gətirilməsi, eyni zamanda, xarici agentlər haqqında qanun, istər iqtidar-müxalifət toqquşmaları və s. münasibətləri gərdi: "Xüsusilə Gürcüstan hökumətinin Rusiya ilə yaxınlaşması, hava sahəsini açması, gediş-gəlişi bərpa etməsi və s. bu Qərbdə çox ciddi qəbul olundu və ABŞ ilə Avropa İttifaqı bununla bağlı Gürcüstana sanksiyalar tətbiq edəcəklərini bildirdirlər. Hətta vahid müxalifət lideri kimi xanım Salome Zurabişvilini dəstəkləyirdilər. Onun rəhbərliyi ilə müxalifəti hökumətə qarşı qoymağa çalışırdılar. Bu prosesdə açıq şəkildə hökuməti hədələdilər, sanksiya tətbiq olunacaq, Gürcüstana olan maddi yardım azalacaq və Gürcüstan Avropa İttifaqına öz namizədliyini dondurduğunu bildirdi. Eyni zamanda, Gürcüstanda bəzi rəhbər şəxslər, qurumlar sanksiya siyahısındadır”.
Siyasi şərhçi qeyd edib ki, Kobaxidze güman edir ki, Trampın gəlişindən sonra onlar bu siyasi xətti dəyişə bilərlər və bütün bunları Bayden və onun komandasının üzərinə ata bilərlər: “Beləliklə, Tramp administrasiyası ilə uğurlu bir dialoq qura bilərlər. Yəni buna ümid edirlər. Bunun üçün ABŞ ilə münasibətlərə yenidən başlamaqla bağlı müraciət etmişdilər. Ancaq buna uyğun bir cavab almayıblar. Kobaxidze düşünür ki, buna nail ola bilər. Amma burada bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-də əksər sahələrdə siyasətdə davamlılıq var. ABŞ-də rəhbərlərin, hakimiyyətdə olan partiyaların dəyişməsinə baxmayaraq ancaq indiki halda Gürcüstanla birdən-birə həddindən artıq yaxınlaşma olmasını, Gürcüstanın sanksiyalar siyahısından çıxarılmasını düşünmürəm”.
Röya İsrafilova