

"Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir".
Xalqcebhesi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktubunda qeyd edib.
"Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir", - Prezident bildirib.