Azərbaycan BMT Baş Assambleyasının yüksək səviyyəli gənclər tədbirində təmsil olunub Siyasət

Azərbaycan BMT Baş Assambleyasının yüksək səviyyəli gənclər tədbirində təmsil olunub

Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının yüksək səviyyəli gənclər tədbirində iştirak edib.

Xalqcebhesi.az xəbər verir ki, "Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının (WPAY) qəbul edilməsinin 30 illiyi" mövzusuna həsr edilmiş yüksək səviyyəli plenar iclasda ölkəni Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdirinin müavini Ülviyyə Axundova təmsil edib.

Nümayəndə heyətində NAYORA-nın sədr müavini Güldanə Dadaşova və Goranboy Gənclər Evindən Elnur Arifzadə də yer alıblar. Nümayəndə heyətinin tərkibində Güldanə Dadaşova "Heç kəsi kənarda qoymadan Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının icrasının irəlilədilməsi" mövzusunda keçirilən birgə nəsillərarası paneldə çıxış edib.

Qeyd edək ki, nümayəndələr səfər müddətində həmçinin Gənclər Festivalı çərçivəsində keçirilən müxtəlif tədbir və görüşlərdə iştirak edərək beynəlxalq həmkarlarla əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, BMT Baş Assambleyasının yüksək səviyyəli gənclər tədbirində üzv dövlətlər, nazirlər, vətəndaş cəmiyyəti nümayəndələri və gənc liderlər bir araya gələrək son 30 ilin təcrübəsini bölüşüb, əldə edilən nailiyyətləri müzakirə edib və gələcək üçün ortaq əməkdaşlıq yolları barədə fikir mübadiləsi aparıblar.