

“Paşinyan və Putin münasibətləri son illər necə davam edibsə hesab edirəm ki, bundan sonra da o cür davam edəcək. Ən azı o baxımdan ki, əslində Paşinyan bir çox hallarda Rusiyanın siyasətinə zidd mövqe nümayiş etdirsə də, Rusiya formatlarında fəaliyyət göstərən təşkilatların işində aktiv iştirak etməsə də, xüsusilə də KTMT-dən xeyli dərəcədə uzaqlaşsa da Paşinyan Ermənistanda real hakimiyyət sahibidir və onu hələki devirəcək ciddi siyasi qüvvə ortaya çıxmayıb. Bu səbəbdən Moskva onu əvəz edəcək, alternativ ortaya qoya biləcək siyasi fiquru ortaya çıxarana qədər əlbət ki, Paşinyanla işləməyə davam edəcək”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.
Onun bildirdiyinə görə, Rusiya Paşinyanın siyasətindən məmnun deyil, ona çox böyük şübhə ilə ilə yanaşır: “Amma bütün hallarda Rusiya da digər dövlətlər kimi real hakimiyyətə malik olan qüvvə ilə işləmək məcburiyyətindədir. Paşinyanın siyasi və təhlükəsizlik sferasında Rusiyadan məsafəli davranmasına baxmayaraq Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi son 3 ildə ən azı 5 dəfədən artıq artıb və məhz Paşinyan Ermənistanı Rusiyanı tətbiq olunan sanksiyalardan yayındıran əsas ölkələrdən biri statusundadır. Bu da bilinən bir məsələdir”.
O.Qasımov Ermənistanda keçiriləcək növbəti seçkilərə təxminən 1 il vaxt olduğunu deyərək əlavə edib ki, o vaxta qədər şübhəsiz ki, Rusiya özünə yaxın qüvvələri gücləndirməyə və Ermənistanda hakimiyyəti dəyişməyə çalışacaq: “Necə ki, bunu əvvəllər də etməyə çalışıb. Amma nəzərə alsaq ki, hazırda Rusiyanın dəstəklədiyi siyasi liderlər və siyasi qüvvələr Ermənistan cəmiyyətində kifayət qədər aşağı nüfuza malikdir və onların vasitəsilə siyasi hakimiyyəti dəyişmək kifayət qədər problematik görünür”.
Röya İsrafilova