Tehranın Azərbaycana yönəli siyasətində fərqli baxış var Gündəm

Tehranın Azərbaycana yönəli siyasətində fərqli baxış var

İran prezidenti Pezeşkianın Azərbaycanla münasibətlərin müasir durumuna görə rəsmi Tehranı günahlandırması əslində İran-Azərbaycan münasibətlərinin tarixində yeni bir mərhələ aça bilər.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, bəllidir ki, tərəflər arasında münasibətlər qarşılıqlı hörmət, etimad və mənfəət prinsipləri üzərində qurulsa da, bu münasibətlərə ikilistandartlar həmişə ciddi təsir göstərib. Dövlətlərarası münasibətlərdə bir-birinin daxili işlərinə müdaxilə yolverilməz olduğu halda, İran bir qayda Azərbaycanın İsraillə münasibətlərinə siyasi qısqanclıqla yanaşıb, Təl Əvivlə münasibətlərə görə rəsmi Bakını daim qınayıb, bu məsələyə islam həmrəyliyi konteksindən yanaşaraq Azərbaycan tərəfini Fələstinə münasibətdə az qala xəyanətdə, islam həmrəyliyinə dönuk çıxmaqda ittiham edib və bu zaman uzun müddət Ermənistana enerji, habelə ərzaq təhlükəsizliyi problemlərinin həllində dəstək olduğunu İran görməzdən gəlib, halbuki özü İslam Əməkaşlıq Təşkilatının üzvü olaraq, həm də, ayrılıqda Ermənistanın Azərbaycana təcavüzünü dəfələrlə pisləmiş, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulamışdır:

"Azərbaycanın İsrailə münasibətlərə gəlincə, bunlar ilk növbədə regional təhlükəsizlik problemlərinin həllində İsrail tərəfdən dəstəyə, onun enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanı qane və təmin edəcək əməkdaşlığa hesablanıb. Azərbaycan ABŞ-ın bütün səy və israrlarına baxmayaraq ona öz ərazisindən strateji hücum silahları ilə İrana zərbələr endirmək üçün platsdarm təklif etməyəcəyini dəfələrlə bildirib və rəsmi Tehranın da nəzərinə bu mövqeyimiz çatdırılıb.

Bütün bunların fonunda Pezeşkianın İranın müsəlman dövlətləri ilə münasibətləri islam həmrəylik prinsipləri üzərində qurması və bu xüsusda Azərbaycanı da vurğulaması mahiyyət etibarı ilə rəsmi Tehranın Azərbaycana yönəli siyasətinə fərqli baxış olmaqla yanaşı, həm də Pezeşkian öz sələflərinin siyasətinə tənqidi rakursdan bir dəyər vermədir və yaxın perspektivdə İranın nəinki Azərbaycana yönəli həm də, regionun bir sıra təhlükəsizlik problemlərinin həllinə yeni baxışının inikasıdır".

Cavid