“Bu, məqsədli bir hadisədir” Gündəm

“Bu, məqsədli bir hadisədir”

“Rusiya tərəfi artıq bir neçə dəfədir ki, bu cür addımlar atır, Azərbaycanın enerji obyektlərinə xətər yetirir. Rusiya tərəfindən Ukraynada Azərbaycana məxsus enerji obyektlərinin vurulması bu məsələnin məqsədli şəkildə baş verməsindən xəbər verir. Yəni bu hadisə sadə bir məsələ deyil, məqsədli şəkildə törədilmiş hadisədir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.

C.Məmmədov Azərbaycanın bu hadisəni qətiyyətlə pislədiyini vurğulayaraq bunu ikitərəfli münasibətlərə çox ciddi xələl gətirən bir məsələ kimi qiymətləndirib: “Rusiya ilə Azərbaycan arasında çox yaxşı münasibətlər olub. Amma son dövrlər Rusiya gah Azərbaycan təyyarəsini vurur, gah Ukraynada Azərbaycanın enerji strukturuna zərər yetirir. Hər halda bu proses onu göstərir ki, bu, düşünülmüş, məqsədli bir hadisədir. Rusiya tərəfi bu cür təxribatlara, bu cür məsələlərə son qoymalıdır və ikitərəfli əlaqələrə xələl gətirən addımları atmaqdan çəkinməlidir. Əgər Rusiya bununla nəyəsə nail olmağa çalışırsa, yanılır və bu məsələ yalnız və yalnız münasibətləri daha da kəskinləşdirir. Buna görə də düşünürük ki, Rusiya tərəfi bu cür təxribatları törətməkdən qəti şəkildə əl çəkməlidir, buna son qoymalıdır”.

Röya İsrafilova