
Su qıtlığı problemi: Azərbaycanda təhlükə varmı?
27 Avqust 23:45
Kamran Bayramov: “Regional əməkdaşlıq yeni reallıqlar fonunda daha da dərinləşir”
İsrafil Kərimov: “Üçtərəfli əməkdaşlıq formatı isə gələcək uğurların və strateji layihələrin xəbərçisi kimi tarixə düşdü”
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Türküstanda keçirilən üçtərəfli sammitin yekunları üzrə “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul edilib.
Bəyanatda deyilir ki, Azərbaycan, Türkmənistan və Özbəkistan regional və qlobal miqyasda sülhün, sabitliyin, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsi istiqamətində uzunmüddətli kursun sarsılmazlığını təsdiqləyir. Türkmənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə qarşılıqlı əməkdaşlığın üç xalqın çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ruhunda davam etdiriləcəyi qeyd olunur. Tərəflər ən yüksək və yüksək səviyyədə sıx təmasların davam etdirilməsinin, üç ölkənin xarici siyasət fəaliyyətində qarşılıqlı fəaliyyətin və müasir çağırış və təhdidlərə qarşı birgə mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Liderlər həmçinin beynəlxalq və regional təşkilatlar, xüsusilə də BMT çərçivəsində dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini davam etdirmək barədə razılığa gəliblər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Kamran Bayramov deyib ki, əsrlər boyu ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri bu gün regional əməkdaşlığın dərinləşdirilməsi və qlobal miqyasda birlik modelinin yaradılması yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyevin Türkmənistana son işgüzar səfəri də bu baxımdan xüsusi önəm daşıyır. Bu səfər yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi ilə kifayətlənmir, eyni zamanda Azərbaycan, Türkmənistan və Özbəkistan arasında çoxşaxəli əməkdaşlığın yeni mərhələsinə yol açır.
K.Bayramov bildirib ki, bu görüş, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və regionda sülhün, sabitliyin təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan və Türkmən xalqları təkcə dil və mədəni baxımdan deyil, ortaq türk kökləri, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri ilə də bir-birinə bağlıdır. Bu dərin bağlar əsrlər boyu Xəzərin iki sahilində formalaşmış ortaq kimlik və qardaşlıq ruhuna söykənir. Bu gün də həmin ortaq dəyərlər üzərində qurulan əlaqələr strateji əməkdaşlığa doğru inkişaf edir.
Prezident İlham Əliyevin Türkmənistan səfərinin ən mühüm məqamlarından biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilmiş yüksək səviyyəli üçtərəfli görüş oldu. Səfər çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirilmiş, regional əməkdaşlıq və strateji tərəfdaşlıq məsələləri müzakirə olunmuşdur. Dövlət başçımız çıxışında xüsusi olaraq vurğuladı ki, bu üç qardaş ölkə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən olduqca əhəmiyyətli coğrafi mövqeyə sahibdir. Bu üstünlüyü real iqtisadi gücə çevirmək üçün nəqliyyat və tranzit sahəsində yeni imkanlar meydana çıxıb. Görüşdə də qeyd olunduğu kimi, Orta Dəhlizin inkişafı, liman infrastrukturunun genişləndirilməsi, dəmir yollarının bir-birinə bağlanması və bu sahədə koordinasiyanın gücləndirilməsi konkret gündəmdədir.
Deputat diqqətə çatdırıb ki, son illər Türk dövlətləri, o cümlədən Türkmənistanla münasibətlərin inkişafı ölkəmizin xarici siyasətində yeni, strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Xüsusilə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri və onun işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə yerində tanışlığı bu əlaqələrin dərinliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində Füzuli şəhərində məscidin inşa olunması qərarı isə təkcə dini abidənin yaradılması deyil, iki qardaş xalqın mənəvi birliyinin simvolu kimi tarixə düşəcək. Eyni zamanda Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma protokolunun imzalanması mədəni-humanitar sahədə münasibətlərə yeni nəfəs verir.
K.Bayramov əlavə edib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə baş tutan üçtərəfli yüksək səviyyəli görüş bir daha göstərdi ki, türkdilli dövlətlər arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də çoxşaxəli və strateji mahiyyət daşıyan yeni platformalara çevrilir. Görüşdən sonra liderlərin mətbuata verdikləri bəyanatlar bu əməkdaşlığın yaxın gələcəkdə hansı istiqamətlərdə inkişaf edəcəyinə dair aydın mesajlar verdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu format bölgədə sülhə, sabitliyə və tərəfdaşlığa yönəlmiş yeni, perspektivli əməkdaşlıq modelidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu tarixi görüşün nəqliyyat, ticarət və energetika dəhlizlərinin inkişafına təkan verəcəyini və regional inteqrasiyanı gücləndirəcəyini xüsusi vurğuladı. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov isə bu görüşün üç ölkə arasında əlaqələrin yeni mərhələyə keçidinə xidmət etdiyini bildirdi.
Bu çıxışlar onu deməyə əsas verir ki, regional əməkdaşlıq yeni reallıqlar fonunda daha da dərinləşir və Türk dünyası daxilində strateji yaxınlaşma əyani şəkildə özünü göstərir. Göründüyü kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında formalaşan yeni əməkdaşlıq modeli regionda sabitliyin, iqtisadi inkişafın və nəqliyyat-tranzit potensialının gücləndirilməsinə xidmət edir. Bu strateji tərəfdaşlıq Türk dünyasının birlik və həmrəyliyinin real təzahürüdür.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsrafil Kərimov deyib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra özünün xarici siyasətində Mərkəzi Asiya ölkələri, ö cümlədən qədim tarixi dostluq və əməkdaşlıq əlaqələri olan Türkmənistan və Özbəkistanla münasibətlərə hər zaman xüsusi diqqət yetirilib. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra ölkəmizin xarici siyasətində əsas prioritetlərdən biri Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirmək olub. Bununla bağlı son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin region ölkələrinə çoxsaylı rəsmi, dövlət, işgüzar səfərləri, eyni zamanda, region ölkələrin liderlərinin Azərbaycana səfərləri intensiv zarakter alıb.
Ortaq tarix, mənəvi yaxınlıq, etnik soy-kök birliyi də bu xalqlar, dövlətlər arasında münasibətlərin dərinləşməsində böyük rol oynayır. Son illərin iqtisadi göstəricilərə nəzər yetirsək görərik ki, ticarət dövriyyəsi xeyli artıb.
Bəyannamə bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. Tədbirin sonunda Azərbaycan, Türkmənistan və Özbəkistan respublikalarının rəhbərləri bu üç ölkə arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, "Bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatı yaradılır”. Prezident İlham Əliyev bunu tarixi bir gün adlandırıb: “Bildiyiniz kimi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Qarabağın yenidən qurulmasında qardaş ölkələrin iştirakı isə böyük mənəvi və siyasi dəyərə malikdir. Bu yaxınlarda Qurbanqulu Berdiməhəmmədov Füzulidə olarkən ölkəsinin hədiyyəsi olan məscidin tikintisi ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevə təklif irəli sürmüşdü. Hörmətli Prezidentimiz də bu təklifi minnətdarlıqla qəbul etmişdi. Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli qoyulacaq. Ölkə başçımız Zirvə görüşündə çıxışı zamanı bunu türkmən xalqının, Türkmənistan liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi və qardaşlığımızın təcəssümü kimi qiymətləndirdi.
Prezident İlham Əliyev həmçinin, çıxışında Şavkat Mirziyoyevlə birgə Füzulidə Özbəkistanın hədiyyəsi olan dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin açılışında iştirak etdiklərini və Xankəndidə yaradılmış tikiş fabrikinin fəaliyyəti ilə tanış olduqlarını vurğuladı. “Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir”, - deyə dövlətimizin başçısı vurğulayıb. Hesab edirəm ki, bu kimi təşəbbüslər Azərbaycan xalqına göstərilən səmimi dəstəyin nümunəsidir və azad edilmiş ərazilərimizin bərpasında qardaş ölkələrin yanımızda olduğunu bir daha nümayiş etdirir”.
Zirvə görüşünün ən mühüm nəticələrindən biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasıdır. Bu əməkdaşlıq nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz sahələrini və mədəni əlaqələri əhatə edəcək. Beləliklə, üç qardaş ölkə təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əməkdaşlıq müstəvisində yeni model formalaşdırır. Bu model bölgədə sabitlik, inkişaf və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəm təməlini qoyur: “Prezident İlham Əliyevin Türkmənistana səfəri yeni əməkdaşlıq istiqamətləri baxımından olduqca əhatəli keçdi. Görüşlər çərçivəsində nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft və qaz sahələrində tərəfdaşlığın daha da dərinləşəcəyinə heç bir şübhə yoxdur. Üçtərəfli əməkdaşlıq formatı isə gələcək uğurların və strateji layihələrin xəbərçisi kimi tarixə düşdü”.
Cavid