Milli-mənəvi dəyərlərimiz varlığımız, milli kimliyimizdir Layihə

Milli-mənəvi dəyərlərimiz varlığımız, milli kimliyimizdir

Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərib, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayıb. Azərbaycan xalqının bir millət kimi formalaşması və milli dövlət qurmasının əsas amillərindən biri zəngin mənəvi dəyərlər sisteminə malik olmasıdır, başqa sözlə, zəngin mənəvi dəyərlər sisteminə malik xalq olmağımızdır. Ümummilli Lider Heydər Əliyevmilli-mənəvi dəyərlərimizin qorunmasında, onların yad təsirlərə məruz qalmamasında böyük və əvəzsiz xidmətləri olub.

Ümummilli Lider Heydər Əliyev deyirdi: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.

Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə böyük hörmət bəsləyən Ümummilli Lider Heydər Əliyev deyirdi: "Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik".

Jurnalist, publisist Anar Məcidzadənin fikrincə, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev böyük dövlət xadimi olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsində müstəsna xidmətləri olan dahi şəxsiyyətdir. Ümummilli Lider tarix, dil, mədəniyyət və mənəviyyat kimi vacib sahələrə daim böyük diqqət yetirərək, xalqımızın kimliyinin və mənəvi bütövlüyünün qorunmasında mühüm rol oynayıb. Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşını, adət-ənənələrini, dini inanclarını və mədəni irsini müasir dövrə daşımaqla bu sahələrin inkişafını təmin edib: “Müstəqil Azərbaycanın qurulmasında və möhkəmlənməsində milli-mənəvi dəyərlərə əsaslanan siyasət mühüm yer tutur. Ümummilli Liderimizin rəhbərliyi ilə milli kimlik hissi gücləndi, dini və mədəni abidələr əsaslı təmir edildi, milli və dini bayramlar – Novruz, Qurban, Ramazan – dövlət səviyyəsində qeyd olunmağa başladı.

Bu gün də Heydər Əliyevin qoyduğu əsaslar üzərində qurulan siyasət davam etdirilir. Onun ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla yaşadılır və inkişaf etdirilir. Fondun fəaliyyəti nəticəsində mədəniyyət, təhsil, tarix və din sahələrində bir çox layihələr həyata keçirilib. Ulu Öndər yalnız dövlət qurucusu deyil, həm də milli-mənəvi yaddaşımızın qoruyucusudur. Onun bu sahədə gördüyü işlər Azərbaycan xalqının tarixində əbədi yaşayacaq və gələcək nəsillər üçün bir örnək olacaqdır”.

Ulu öndər özünün mənəviyyatla bağlı məşhur 2001-ci ilin avqust bəyanatında milli mentalitetlə əlaqədar deyib: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar salındı. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, konstitusiyada bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın etiqad azadlığı olduğu xüsusi vurğulandı. Bu müdrik yanaşma özünü 1996 və 1997-ci illərdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa həmin dövrdə edilən dəyişikliklərdə də açıq göstərdi.

YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyevin fikrincə, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin ömür yoluna və fəaliyyətinə nəzər salsaq görərik ki, xalqına sədaqət və doğma torpağına məhəbbət dahi rəhbərin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Əminliklə deyə bilərik ki, Azərbaycanda elə bir sahə olmayıb ki, Heydər Əliyev dühası, Heydər Əliyev zəkası ora təsir etməsin. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə milli-mənəvi dəyərlərə böyük önəm verməsi bir çox sahələrdə özünü göstərib. On illərlə bütün şüurlu həyatını Azərbaycanın var olmasına, inkişafına və çiçəklənməsinə həsr etmiş dahi dövlət xadiminin hələ sovet dönəmində xidmətlərinə nəzər salsaq görərik ki, 14 ilə yaxın dövr ərzində Heydər Əliyev Azərbaycana tamamilə yeni nəzərlərlə baxıb və yeni bir Azərbaycan yaradıb. Məhz bu baxımdan ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Onun milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər də xüsusi əhəmiyyətə malikdir. Ümummilli Liderimiz Azərbaycanda bütün sahələrlə yanaşı ilk öncə mənəviyyatın yüksəldilməsi, əxlaqi sərvətlərimizin dəyərləri istiqamətində tədbirlər həyata keçirdi. Bununla da mənəviyyat sahibləri-elm, ədəbiyyat və incəsənət adamları cəmiyyətdə üstün mövqeyə malik oldular. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin ən mühüm istiqamətlərindən biri onun milli şüurun, özünüdərkin və azərbaycançılıq məfkurəsinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm tədbirlər təşkil edirdi. Belə ki, Heydər Əliyev siyasəti azərbaycançılıq ideologiyası, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşmasına yönəlik dəyərli işləri əhatə etdi. Bu baxımdan Sovet imperiyasının xalqların milli dəyərlərini sıxışdırdığı bir dövrdə əsası Ulu Öndərimiz tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının bu illərdə formalaşması dövlətçiliyimizin və milli özünüdərkin formalaşması baxımından olduqca böyük əhəmiyyət kəsb etmişdir. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı: “1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə ən böyük xidmətlərindən biri olub. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Ulu Öndər Heydər Əliyev gələ bilib. Dahi şəxsiyyət hər zaman xalqın milli kimliyinin əsasını təşkil edən dil, din, adət-ənənə, tarix və mədəniyyət kimi dəyərləri hər zaman yüksək dəyərləndirib. O, milli ideologiyanın formalaşmasında bu dəyərlərin əsas dayaq nöqtələri olduğunu bildirmiş və siyasətini bu istiqamətdə qurub. Ulu Öndər dəfələrlə qeyd edib ki, "Milli-mənəvi dəyərlərimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur."

S.Baxşıyev deyir ki, Sovet imperiyası dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyin ilk illərində özünün tənəzzül dövrünü yaşayırdı. Məhz xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin sayəsində bütövlüyümüz, həmrəyliyimiz və dövlətçiliyimiz daha da möhkəmləndi. Eyni zamanda xüsusi olaraq qeyd etməliyik ki, intibah və milli şüurun oyanışı da məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Dahi liderin çoxşaxəli fəaliyyətində azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi davam etdirildi. Azərbaycan dilinin dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı, azərbaycançılıq ideyalarını, milli dəyərlərin bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması milli-mənəvi dəyərlərimizin qorunması və inkişafının dövlət səviyyəsində həyata keçirilməsini sübut edir:

“Sevindirici haldır ki, Ulu Öndərin bu müdrik siyasəti hazırda möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr, qəbul edilən qərarlar və dövlət proqramları bunun bariz nümunəsidir. 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror əməliyyatları nəticəsində milli suverenliyimizin tam bərpası və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və abadlıq işləri Möhtərəm cənab Prezidentin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ən böyük xidmətidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər milli birliyin və vətənpərvərlik ruhunun möhkəmlənməsinə mühüm töhfə verir”.

…Unutmamalıyıq ki, milli-mənəvi dəyərlərimiz varlığımız, milli kimliyimizdir.

Cavid