Tarixi gün: Prezident İlham Əliyevin Kəlbəcər səfəri Gündəm

Tarixi gün: Prezident İlham Əliyevin Kəlbəcər səfəri

Naqif Həmzəyev: “Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı quruculuq, abadlıq işləri həyata keçirir”

Əziz Əlibəyli: “Azərbaycanın qlobal miqyasda artan çəkisi və regional liderliyi artıq danılmaz faktdır”

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər ediblər və Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər, eləcə də İlham Əliyev Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.

Prezident eyni zamanda Kəlbəcər şəhər parkının təməlini qoyub. Sonra dövlət başçısı “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Görüş zamanı Prezident İlham Əliyev çıxış edib.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

Dövlət başçısının və Mehriban xanım Əliyevanın Kəlbəcərə səfəri və Kəlbəcərdə görülən quruculuq-bərpa işləri haqqında millət vəkilləri, politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüblər.

“Kəlbəcərin çox böyük turizm potensialı var”

Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva Kəlbəcər rayonunda səfər zamanı sakinlərlə görüşüblər: “Görüşdə Prezident İlham Əliyev nitq söylədi, çox maraqlı məqamlara toxundu. Onu qeyd etməliyik ki, Kəlbəcər təkcə Azərbaycanın deyil, regionun və dünyanın ən füsunkar məkanlarından biridir. Kəlbəcər rayonunun çox böyük turizm potensialı var və Kəlbəcərdə çox zəngin yataqlar mövcuddur. Kəlbəcərin yenidən qurulması, Kəlbəcərə həyatın qaytarılması nəticə etibarı ilə Kəlbəcər rayonunun iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına birləşdirilməsi ümumilikdə Azərbaycanın iqtisadiyyatının gücləndirilməsinə gətirib çıxaracaqdır ki, məhz bu səpkidən də Azərbaycan dövləti tərəfindən mərhələli şəkildə layihələr həyata keçirilir. Biz inanırıq ki, tezliklə Kəlbəcərdə çox sayda iş yerləri yaradılacaq və orada yaşayan keçmiş məcburi köçkünlərin - Kəlbəcər sakinlərinin məşğulluq problemi ən yüksək səviyyədə həllini tapacaq”.

“Azərbaycan bunu bacardı”

Deputat vurğulayıb ki, ilk növbədə onu qeyd etməliyik ki, məhz 1990-cı illərin əvvəllərindən Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqları işğal edildi və çox təəssüflər olsun ki, məhz Kəlbəcərin işğal edilməsindən sonra bu proses daha da sürətləndi: “Keçmiş Dağlıq Qarabağ vilayəti və onun ətrafındakı 7 rayonun işğal prosesi həyata keçirildi. Məhz Kəlbəcərin işğalından sonra Ermənistan və separatçılar öz istəklərinə çatdılar. Uzun illər ATƏT-in Minsk qrupu çox təəssüflər olsun ki, sülh yolu ilə bu problemi həll etmək istəmədi və nəticə etibarı ilə Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad etmək məcburiyyətində qaldı. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin uğurlu diplomatik həmlələri nəticəsində Kəlbəcər, Laçın, Ağdam bir güllə atılmadan Azərbaycana geri qaytarıldı. Amma çox təəssüflər olsun ki, o zaman bu əraziləri tərk etmək üçün möhlət verildi, erməni xisləti isə burada da özünü göstərdi. Ermənilər bu ərazilərdən çıxanda belə bu ərazilərə daha çox ziyan vurmaq istədilər. Kəlbəcərin meşələrini qırdılar, oradakı evləri yandırdılar, çox sayda minalar basdırdılar. Bu da sonradan dinc şəraitdə bizim hərbçilərimizin və mülki şəxslərin şəhid olmasına və ya yaralanmasına gətirib çıxardı. Ancaq istənilən halda Azərbaycan bunu bacardı və bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı quruculuq, abadlıq işləri həyata keçirir”.

“Kəlbəcər Azərbaycan iqtisadiyyatının ayrılmaz bir hissəsinə çeviriləcək”

N.Həmzəyevin sözlərinə görə Azərbaycan hökuməti Kəlbəcərə həyatın yenidən qayıtması üçün əlindən gələn bütün layihələri və işləri həyata keçirir: “Həmçinin Kəlbəcərdə su elektrik stansiyaları tikilir ki, bu da Kəlbəcərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsini həyata keçirəcək. Eyni zamanda istifadəyə verilən yeni yaşayış kompleksinə qaz da çəkilib və bu da bir ilkdir. Çünki dağlıq ərazilərə qazın çəkilməsi o qədər asan məsələ deyil. Ümumilikdə, Kəlbəcər rayon mərkəzində 10 minə yaxın əhalinin yaşaması planlaşdırılır. Sonrakı dövrlərdə təbii ki, digər ərazilərdə də bu cür quruculuq, abadlıq işləri həyata keçiriləcək. Kəlbəcər Azərbaycan iqtisadiyyatının ayrılmaz bir hissəsinə çeviriləcək və Azərbaycan turizm imkanlarını daha irəli götürəcək. Bu ərazilər yaxın 5 il ərzində yerli və xarici turistlərin ən çox səfər edəcəyi məkana çevriləcək. Biz bütün bu prosesləri izlədikdə çox sevinirik. Çünki 5 il bundan öncə biz bunları çox çətinliklə xəyal edə bilərdik. Ancaq bu gün bütün bunların hamısı reallaşıb və sakinlərlə cənab Prezidentin, Mehriban xanımın söhbətləri əsnasında da biz insanların nə qədər sevincli olduğunu gördük. Biz sevinirik ki, keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdırlar. Biz inanırıq ki, bu proses hər ötən gün daha sürətlə həyata keçiriləcək və bizim bütün keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qaydıcaqlar”.

“Səfər zamanı gələcəyə yönəlik strateji hədəflər açıqlandı”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib ki, dövlət başçımızın Kəlbəcər səfəri zamanı çıxışında Azərbaycanın suverenliyinin tam bərpası, Laçın dəhlizinə nəzarətin ələ alınması, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı nəticəsində separatizmin ləğv edilməsi mühüm tarixi mərhələ kimi qiymətləndirildi: “Prezident vurğuladı ki, Azərbaycan yalnız hərbi qələbə ilə kifayətlənməyib, həm də regionda sülh gündəliyinin müəllifi kimi çıxış edir. Səfər zamanı həmçinin gələcəyə yönəlik strateji hədəflər də açıqlanıb: “Zəngəzur dəhlizinin açılması, Naxçıvanla birbaşa quru əlaqəsinin qurulması, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi və regionda yeni reallıqların qəbul etdirilməsi Azərbaycanın qarşıya qoyduğu əsas vəzifələr kimi göstərildi”.

Bir çox mesajların ünvanlandığı tarixi bir gün

Siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Prezident İlham Əliyevin Kəlbəcər səfəri regiondakı hadisələrlə maraqlı şəkildə üst-üstə düşdü və bir çox mesajların ünvanlandığı tarixi bir gün kimi yadda qaldı: “Həmin gün Azərbaycan lideri Xəzər dənizi ilə bağlı strateji mövzulara toxunarkən, təsadüfən elə eyni vaxtda İran tərəfi dənizin adının dəyişdirilərək “Mazandaran dənizi” adlandırılması təklifini gündəmə gətirirdi. Bu, Xəzərin siyasi çəkisinin və ətrafında gedən rəqabətin yeni mərhələyə qədəm qoyduğunu göstərirdi. Prezidentin ordunun son illərdə silahlanması və hazırlıq vəziyyəti barədə danışdığı saatlarda isə Rusiya mediası Azərbaycanı açıq şəkildə işğalla hədələyirdi. Bu paralellik regionda informasiya savaşının necə koordinasiyalı aparıldığını göstərir. Lakin Azərbaycanın mövqeyi aydındır: güclü orduya, möhkəm iradəyə və strateji müttəfiqlərə arxalanaraq bu təhdidlərə qarşı qətiyyətlə dayanmaq. Maraqlıdır ki, Prezident Kəlbəcərdə azad olunmuş torpaqlara həyatın qayıdışını vurğuladığı anlarda Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verərək ermənilərin artıq Şuşaya yalnız turist kimi gələ biləcəyini etiraf edirdi. Bu, müharibə sonrası yaranmış yeni reallığın Ermənistan rəhbərliyi tərəfindən də qəbul edilməsinin bariz göstəricisi idi”.

“Bu gücü bölgədə heç bir qüvvə dayandıra bilməyəcək”

Ə.Əlibəyli əlavə edib ki, Prezident İlham Əliyev çıxışında regional təhdidlərdən danışarkən eyni zamanda Azərbaycanın güclü müttəfiqlərə malik olduğunu da xatırlatdı: “Elə səhəri gün isə Türkmənistanda keçirilən görüşdə Oğuz qardaşlarını da əhatə edən yeni bir birliyin formalaşdırılması təşəbbüsü ilə çıxış etdi. Bu, Azərbaycanın təkcə hərbi və siyasi gücü ilə deyil, həm də mədəni-sivilizasiyalı əlaqələri möhkəmləndirən strateji ittifaqları ilə bölgədə həlledici rol oynadığını göstərir. Əgər Türkmənistan da Azərbaycanın qurduğu bu birliyə tam şəkildə qoşularsa, bu gücü bölgədə heç bir qüvvə dayandıra bilməyəcək. Azərbaycanın qlobal miqyasda artan çəkisi və regional liderliyi artıq danılmaz faktdır”.

Röya İsrafilova