“Tikinti azalır, bahalaşma artır” Gündəm

“Tikinti azalır, bahalaşma artır”

“2021-ci ildən başlayaraq ölkədə kütləvi inşaat proseslərinin genişlənməsi inşaat materiallarının, xüsusilə də armatur və digər strateji məhsulların qiymətində ciddi artıma səbəb olub. Bu bahalaşma tikinti şirkətlərinin maya dəyərinə birbaşa təsir göstərdiyi üçün son illərdə mənzil qiymətlərində kəskin yüksəliş qeydə alınır.”

Bunu əmlak eksperti Elnur Azadov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, son 5–6 il ərzində dövlət qurumları tərəfindən tikinti icazələrinin məhdud verilməsi bazarda rəqabəti azaldıb, bu da nəticə etibarilə təklif çatışmazlığı yaradıb:
“İcazələrin azalması tikinti həcmini aşağı saldı. Təklifin azalması isə qiymət artımını qaçılmaz etdi. Hazırda bazarda müşahidə olunan bahalaşmanın əsas səbəbi məhz rəqabətin zəifləməsi və təklif qıtlığıdır. Daşınmaz əmlak bazarında son 5 il ərzində təxminən 65–70 faiz qiymət artımı qeydə alınıb və bu proses hələ də davam edir.
Proqnoz göstərir ki, 2026-cı ildə də vəziyyət dəyişməyəcək. Tikinti şirkətlərinə kütləvi icazələr verilmədiyi, yeni layihələr geniş şəkildə başlamadığı müddətdə təklif tələbi üstələməyəcək və qiymət artımı davam edəcək”.

Elnur Azadov əlavə edib ki, ipoteka və digər kredit mexanizmləri bazarda müəyyən aktivlik yaratsa da, ümumi qiymət tendensiyasına ciddi təsir göstərmir:
“Hətta şəhərin bəzi ərazilərində aparılan kütləvi söküntü işləri də bazara müəyyən təsir edir. Lakin əsas problem təklif qıtlığı olaraq qalır. Təklif artmadıqca qiymət artımı da davam edəcək”.

Günel Elxan