12:07
441
“Mən 1-2 il bundan əvvəl çıxışlarımın birində demişdim ki, Rusiyanın Ukraynanı işğal etməsi, Rusiya ilə Ukrayna arasında müharibənin sona yetməsi nəticədə ABŞ ilə Rusiya danışıqlarından çox asılı olacaq. Çünki bu iki super güc lazım olanda öz aralarında danışıb, öz maraqlarını təmin edib razılığa gələ bilirlər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
Ukraynanın bu müharibədə bir plasdarm kimi istifadə olunduğunu deyən deputat əlavə edib ki, necə ki, vaxtilə ABŞ Vyetnam arasında müharibə gedirdi, o zaman Vyetnama SSRİ kömək edirdi, nəticə etibarı ilə ABŞ ilə SSRİ arasında razılıq oldu və ABŞ qoşunlarını çəkdi, bir növ sifətini saxlamaq istədi: "İndiki halda belədir ki, ABŞ-nin yeni prezidenti var. O, hadisələrə sırf öz dövlətinin iqtisadi maraqları prizmasından yanaşır. Ona görə də burada Ukraynanı qurban versin və ya Avropanı qurban versin onun üçün elə də əhəmiyyət daşımır. Ən əsası odur ki, ABŞ-nin maraqları təmin olunsun. Belə olan halda Ukraynadan xeyli güzəştlər tələb olunur və Ukrayna Prezidenti də, Ukrayna xalqı da bu planla razılaşmır. Zelenski müəyyən atmacalar atır. Hiss olunur ki, Avropa da bundan çox narazıdır, amma Avropa liderləri də uzun illər ərzində öz müdafiə qabiliyyətlərini möhkəmlətməyiblər. İndi vəziyyət çətindir. ABŞ üçün Ukraynanın milli maraqları önəmli deyil və Tramp Ukraynanı Rusiyaya yedirtməyə hazırdır. Təki, öz maraqları təmin olunsun”.
Röya İsrafilova