“Ankaranın F-35 qərarı hava müdafiəsindən asılıdır” Gündəm

“Ankaranın F-35 qərarı hava müdafiəsindən asılıdır”

“Son günlər ABŞ-ın Türkiyədəki səfirinin Ankaranın S-400 hava hücumundan müdafiə sistemlərindən imtina etməyə yaxınlaşdığı ilə bağlı açıqlamasından sonra Türkiyənin yenidən F-35 proqramına qaytarılması məsələsi geniş müzakirə olunur”.

Bunu hərbi ekspert Səxavət Məmmədov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, proses ictimai rəyə yanlış təqdim olunur və sanki Türkiyənin S-400 alması birbaşa F-35 proqramından çıxarılmasının əsas səbəbi kimi göstərilir:

“Əslində məsələnin mahiyyəti tamamilə fərqlidir. Türkiyə hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün uzun müddət ABŞ-dan ‘Patriot’ sistemlərinin satılmasını tələb edib. Lakin Vaşinqton bu sistemləri Ankaraya verməkdən açıq şəkildə imtina etdi. Məhz bu səbəbdən Türkiyə müəyyən məcburiyyət qarşısında qalaraq Rusiyadan S-400 sistemlərini aldı.S-400-lərin alınmasından sonra ABŞ bunu bəhanə edərək Türkiyəni F-35 proqramından kənarlaşdırıb.
Bu gün Türkiyə S-400-ləri qaytarsın, F-35-ə qayıtsın kimi yanaşmalar səslənir. Amma əsas sual bundan sonra ABŞ-ın Türkiyəyə real hava hücumundan müdafiə alternativi təqdim edib-etməyəcəyidir. Əəgər Türkiyə S-400-ləri Rusiyaya qaytarsa və ya üçüncü ölkəyə satsa belə, ABŞ-ın “Patriot” sistemlərini Türkiyəyə verib-verməyəcəyi açıq sual olaraq qalır.Əsas müzakirə olunmalı məsələ budur. Türkiyə hava hücumundan müdafiə sistemlərini zəiflətmə bahasına S-400-lərdən imtina edə bilməz.Ankara bu məsələdə tələsmir və mərhələli yanaşma sərgiləyir.Türkiyə ilk növbədə öz hava hücumundan müdafiə boşluğunu doldurmalıdır. Yalnız bundan sonra S-400-lərlə bağlı qərar gündəmə gələ bilər”.

Ekspert əlavə edib ki, Türkiyə F-35 proqramından çıxarıldıqdan sonra alternativ variantlar üzərində də işləyib:

“Ankara Avropanın bir sıra ölkələrinin istehsalı olan ‘Eurofighter’ qırıcıları ilə bağlı danışıqlar aparıb və bu danışıqların müsbət nəticələr verdiyini də demək olar.S-400 məsələsi F-35-dən daha çox Türkiyənin hava hücumundan müdafiə təhlükəsizliyi ilə bağlıdır.Türkiyə yeni silah sistemləri və alternativ müdafiə mexanizmləri əldə etmədən S-400-lərdən imtina etməyəcək. Bu baxımdan məsələ olduqca həssas və strateji əhəmiyyət daşıyır”.

Günel Elxan