
“Ermənistanda mövcud olan daxili siyasi gərginlik artıq bir müddətdir müşahidə olunur və bu prosesin parlament seçkilərinə qədər davam edəcəyi, hətta seçki ərəfəsində pik nöqtəyə çatacağı gözləniləndir. Paşinyana qarşı müxtəlif müxalif qüvvələrin formalaşdırılması cəhdləri olsa da, faktiki olaraq baş nazir siyasi rəqiblərini ardıcıl şəkildə sıradan çıxarmağa nail olub”.
Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Paşinyan yalnız siyasi müxalifəti deyil, eyni zamanda ona qarşı alternativ cəbhə formalaşdıra biləcək dini kəsimi də neytrallaşdırıb:
“Son dövrlər 12–13 nəfər din xadiminin həbs olunması, eləcə də II Qareginlə bağlı ciddi kompromatların üzə çıxması təsadüfi deyil. Faktiki olaraq Erməni Apostol Kilsəsində rəhbərliyin dəyişdirilməsi prosesi gedir.
Bütün bu proseslər fonunda Ermənistanda gərginliyin artması təbiidir.Paşinyan Qərb dairələri qarşısında üzərinə götürdüyü öhdəliklər çərçivəsində Rusiyanın Ermənistandakı mövqelərini zəiflətməyə çalışır, ölkəni ABŞ və Avropa ilə daha sıx inteqrasiyaya yönəldir. Bu isə təbii ki, Rusiyanın maraqlarına ziddir.Ermənistan hələ də iqtisadi və təhlükəsizlik baxımından Rusiyadan ciddi şəkildə asılıdır və Moskvanın bu ölkəyə təsir imkanları kifayət qədər genişdir. Rusiyanın hərbi bazasının Ermənistan ərazisində qalması, eləcə də digər rıçaqlar ölkədaxili təxribat ehtimalını istisna etmir. Paşinyan isə hazırda balanslı siyasət yürütməyə, həm Rusiya, həm də Qərblə münasibətləri müəyyən qədər tarazlaşdırmağa çalışır.Paşinyan əsas məqsədini seçkilərdə qələbəni təmin etmək kimi müəyyənləşdirib. Mövcud vəziyyət göstərir ki, o, rəqiblərini zəiflətməklə öz yolunu faktiki olaraq təmizləyib və iyun ayında keçiriləcək parlament seçkilərində qalib gəlmək niyyətindədir. Seçkilərdən sonra Paşinyan Azərbaycan qarşısında götürdüyü öhdəliklərin icrası istiqamətində daha konkret addımlar ata bilər.Konstitusiya dəyişiklikləri, delimitasiya və demarkasiya prosesində problem yaradan məqamların aradan qaldırılması, kommunikasiya xətlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı real addımların atılması gözləniləndir”.
Arzuxan Əlizadənin fikrincə, Ermənistanın daxili gərginliyi region üçün ciddi risk yaratmır: “Ermənistanın hazırkı vəziyyətdə Cənubi Qafqazda sülhü poza biləcək addımlar atmaq imkanı yoxdur. Azərbaycan artıq regionda reallıqları formalaşdıran və diktə edən tərəfdir. Ermənistandakı daxili proseslər olsa-olsa, Azərbaycanın mövqelərini daha da gücləndirən amilə çevrilə bilər”.
Günel Elxan