08:38
686
Qarşıdan gələn ildə Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi gözlənilir. Dəhlizin istifadəyə verilməsi isə təmsil olunduğumuz region ətrafında geosiyasi mübarizəyə yeni çalarlar qatacaq.
Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov deyib.
O, qeyd edib ki, dəhlizin məlum marşrut və istiqamət üzrə verilməsinə nail olan ABŞ yükdaşımaların Rusiya ərazisindən yan keçməsinə nail olmaqla ilk baxışda Rusiya, onun ardınca isə Çini məlum layihədən kənarda qoya bilib. Lakin Rusiya baş nazirinin muavini Overçukun bununla bağlı son vaxtlar verdiyi açıqlamalar göstərir ki, Rusiya Cənubi Qafqaza təsir imkanlarını itirmək mövqeyindən çox uzaqdır, üstəlik Azərbaycan dəmir yolları vasitəslə Rusiyaya məxsus neft və taxılın Ermənistana daşınması göstərir ki, Ukrayna probleminin çözülməsi ətrafında ABŞ-la əməkdaşlıq edən Rusiya burada da onun maraqlarının ABŞ tərəfindən nəzərə alınmasına nail olub:
"Ermənistanla müharibəni qazanan Azərbaycanın regional nüfuzu yüksəldiyindən bəllidir ki, region üzərindən keçən beynəlxalq əhəmiyyətli tranzit yollarda rəsmi Bakı ilə əməkdaşlıq geosiyasi güc mərkəzləri üçün getdikcə prioritet əhəmiyyət kəsb edir. Təyyarə qəzasından sonra Rusiya ilə münasibətlərdə yaşanan problemlərə baxmayaraq Rusiya Azərbaycanın 2022-ci ilin məlum müqaviləsinə görə müttəfiqi olaraq qalır. Şimal-Cənub nəqliyyat dəhlizi, loqistika ilə bağlı problemlər, regionun təhlükəsizlik problemləri bu əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.
907 saylı duzəlişin qüvvədə qalması isə Azərbaycanı ABŞ-ın dövlət səviyyəsində yardımından məhrum etdiyindən region üzərindən özünün geosiyasi
maraqlarının realizə olunması zərurəti rəsmi Vaşinqtonu məlum duzəlişdən qurtulmağa sövq etməlidir. Azərbaycanın İranla coğrafi yaxınlığı, İranda isə son vaxtlar siyasi və iqtisadi böhranın dərinləşdiyi şəraitdə Tramp administrasiyasının 907-ci duzəlişin ləğvinə gedəcəyi real görünür".
Cavid