ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45

Son dövrlərdə kredit faizlərinin artması və yaşayış xərclərinin yüksəlməsi minlərlə vətəndaşı kredit öhdəliklərini yerinə yetirməkdə çətin vəziyyətə salıb. Xüsusilə istehlak kreditləri üzrə gecikmələr artmaqda, borcalanlar isə banklardan ödənişlərin dayandırılması və ya kredit müddətinin uzadılması ilə bağlı çıxış yolu axtarırlar. Lakin cəmiyyətdə formalaşan gözləntilərin əksinə olaraq, kredit ödənişlərinin təxirə salınması və ya restrukturizasiya edilməsi avtomatik proses deyil və hər kəs üçün keçərli sayılmır.
Banklar bu məsələdə həm mövcud qanunvericiliyi, həm də öz daxili risk siyasətlərini əsas götürür. Müştərinin əvvəlki ödəniş intizamı, gəlir vəziyyəti, kreditin məbləği və təqdim olunan sənədlər qərarvermə prosesində həlledici rol oynayır. Digər tərəfdən, problemli kreditlərin artması bank sektorunda riskləri yüksəltdiyindən, maliyyə qurumları kredit uzadılması məsələsinə daha ehtiyatla yanaşır. Nəticədə, ödənişdə çətinlik çəkən hər vətəndaşın müraciəti müsbət cavablanmır və bir çox hallarda banklar kredit şərtlərinin dəyişdirilməsindən imtina edir.
Mövcud vəziyyət kredit götürənlərlə banklar arasında qarşılıqlı məsuliyyət məsələsini yenidən gündəmə gətirir. Bir tərəfdə maliyyə yükü altında qalan borcalanlar, digər tərəfdə isə risklərini minimuma endirməyə çalışan banklar dayanır. Bu balansın necə qurulduğu və kreditlə bağlı qərarların hansı prinsiplər əsasında verildiyi isə cəmiyyət üçün getdikcə daha aktual mövzuya çevrilir.
Banklar kredit ödənişlərinə necə qərar verir?
Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, kredit ödənişlərinin dayandırılması yalnız bankla müştəri arasında imzalanmış müqavilə və bankın qərarı əsasında mümkündür.
Deputatın sözlərinə görə, son dövrlərdə vətəndaşların kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsinin əsas səbəblərindən biri kredit faizlərinin artmasıdır: “Təəssüf ki, son bir il ərzində kredit faizlərində artımlar müşahidə olunub. Xüsusilə istehlak kreditləri götürən vətəndaşlarımızın ödənişlərində çətinliklər yaranıb ki, bu da problemli kreditlərin həcminin artmasına gətirib çıxarıb.
Hazırda ölkə üzrə istehlak kreditlərinin ümumi həcmi 8 milyard manatdan çoxdur və bu vəziyyət bank sektorunda riskləri artırır.
Mövcud şəraitdə banklar kredit ödənişlərinin müvəqqəti dayandırılması və ya yenidən strukturlaşdırılması ilə bağlı qərarları müştərinin ödəmə qabiliyyətini nəzərə alaraq verir”.
Deputat vətəndaşlara tövsiyə edib ki, ödəniş çətinliyi yarandığı halda banklara vaxtında müraciət etsinlər: “Əgər kreditin ödənilməsi ilə bağlı problem yaranıbsa, ən düzgün addım banka müraciət edərək yeni ödəniş qrafikinin istənilməsidir. Bank tərəfindən müraciətə baxıldıqdan sonra müqavilə çərçivəsində müvafiq qərar qəbul oluna bilər. Kredit ödənişlərinin dayandırılması avtomatik mexanizm deyil və hər bir müraciət fərdi qaydada qiymətləndirilir”.
“Kreditin uzadılmasına imtina səbəbləri”
İqtisadçı ekspert Günay Hüseynova söyləyib ki, aktiv kreditin müddətinin istənilən vaxt uzadılması mümkün deyil və vətəndaşlar bu məsələdə yanlış gözləntilərə qapılmamalıdırlar.
Ekspertin sözlərinə görə, kredit müddətinin uzadılması yalnız müəyyən hallarda və əsaslandırılmış səbəblər rəsmi sənədlərlə sübut edildiyi təqdirdə mümkündür: “Vətəndaş düşünməməlidir ki, kredit müqaviləsinin şərtlərini öz istəyinə uyğun olaraq, xüsusilə də son ödəniş günündə dəyişə bilər. Əgər belə bir ehtiyac yaranırsa, bu barədə banka əvvəlcədən və əsaslı izahatlarla müraciət olunmalıdır.
Kreditin restrukturizasiyası üçün əsaslı səbəblər sırasında əmək qabiliyyətinin itirilməsi, ağır xəsarət, ailə başçısının vəfatı, ciddi xəstəlik və digər sosial risk hallarını göstərmək olar. Bu zaman vətəndaş müvafiq rəsmi sənədlərlə birlikdə banka yazılı ərizə təqdim etməlidir. Lakin müraciət hüququnun olması avtomatik olaraq müraciətin təsdiqlənməsi demək deyil. Bu proses bankların daxili qaydaları və risk siyasəti çərçivəsində tənzimlənir. Kredit müddətinin uzadılması müraciətçi üçün də əlavə risklər yaradır.Restrukturizasiya yeni ödəniş qrafiki və tarif cədvəli deməkdir. Nəticədə kreditin ümumi məbləği artır, yəni vətəndaş faizlərə görə daha çox borc ödəməli olur”.
Banklar üçün risklərə toxunan Günay Hüseynova əlavə edib ki, problemli kreditlərin çoxluğu, likvidlik imkanlarının məhdudlaşması, eləcə də təqdim olunan sənədlərin yetərli və əsaslı olmaması hallarında banklar müraciəti tamamilə rədd edə bilərlər.
Ekspert sonda qeyd edib ki, əgər bank kreditin müddətinin uzadılmasına imtina edərsə, vətəndaşın inzibati qaydada məhkəməyə müraciət etmək hüququ qanunvericiliklə qorunur.
Kredit uzadılması hansı hallarda mümkündür?
İqtisadçı ekspert Akif Nəsirli deyib ki, banklar kredit ödənişində çətinlik çəkən müştərilərə müddətin uzadılmasını yalnız müəyyən hallarda tətbiq edir.
Onun sözlərinə görə, banklar ilk növbədə müştərinin əvvəlki kredit davranışına diqqət yetirirlər: “Əgər müştərinin gəliri azalıbsa, lakin indiyədək kredit ödənişlərini vaxtında edibdirsə, bank ona daha etibarlı müştəri kimi yanaşır. Bu cür hallarda kredit müddətinin uzadılması ehtimalı artır. Müştərinin maliyyə vəziyyətindəki dəyişikliklər mütləq sənədlərlə təsdiqlənməlidir.Maaş bordrosu, işdən çıxma ilə bağlı arayış, tibbi və ya digər fövqəladə xərcləri təsdiqləyən sənədlər bank üçün əsas rol oynayır. Sənədsiz müraciətlər, demək olar ki, nəzərə alınmır. Kreditin məbləği də qərara ciddi təsir göstərir.Kiçik və orta məbləğli kreditlərdə risk nisbətən az olduğuna görə banklar daha elastik davranır. Lakin iri məbləğli və uzunmüddətli kreditlərdə banklar riskləri artırılmış hesab edir və müddətin uzadılmasına daha ehtiyatla yanaşır. Bu imkan bütün müştərilər üçün keçərli deyil.
Hər bir müştərinin ödəniş tarixi və maliyyə vəziyyəti fərqlidir. Banklar risk analizi aparır və yüksək riskli müştərilərə kredit müddətinin uzadılmasını məqsədəuyğun hesab etmir. Üstəlik, bankların öz maliyyə öhdəlikləri var və hər kəsin kreditini uzatmaq mümkün deyil.
Ödənişləri sistemli şəkildə pozan və ya bankı yanlış məlumatlarla təmin edən müştərilər üçün bu imkan daha da məhduddur.
Bəzi hallarda qanunvericilik və bank daxili qaydalar da kredit müddətinin uzadılmasını yalnız işsizlik və ya ciddi tibbi səbəblər kimi fövqəladə hallarla məhdudlaşdırır”.
Akif Nəsirli bildirib ki, kredit müddətinin uzadılması avtomatik hüquq deyil və hər müraciət fərdi qaydada qiymətləndirilir.
Günel Elxan