"2025 Azərbaycanın diplomatik güc ilidir" Siyasət

"2025 Azərbaycanın diplomatik güc ilidir"

“2025-ci il Azərbaycanın xarici siyasətində bir sıra mühüm uğurlarla yadda qalıb. Bu dövrdə atılan addımlar ölkənin həm regional, həm də qlobal miqyasda nüfuzunun artdığını göstərir”.

Bunu politoloq Əli Mustafa “Xalqcəbhəsi.az”-a açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın G8 formatına üzv qəbul edilməsi xüsusi diqqət çəkən hadisələrdən biridir:

“Bu formatda əsasən ərazi və əhali baxımından böyük müsəlman dövlətləri təmsil olunur. Azərbaycan bu göstəricilərə görə onlardan fərqlənsə də, apardığı balanslı xarici siyasət, regional proseslərdə oynadığı rol və ortaya qoyduğu siyasi vizion bu nüfuzlu təşkilata qəbul edilməsini şərtləndirdi. Bu, Azərbaycana olan müstəsna hörmətin açıq ifadəsidir.2025-ci ilin əsas istiqamətlərindən biri də Çinlə strateji tərəfdaşlığın dərinləşdirilməsi olub.Çin bu gün dünyanın ən böyük istehsalçısı, aparıcı sənaye dövləti və çoxqütblü dünya nizamının əsas mərkəzlərindən biridir. Bu ölkə ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın iqtisadi, siyasi və ticarət imkanlarını artırmaqla yanaşı, təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır. Çin bu gün müəyyən regional təzyiqlərin qarşısını almaqda təsir imkanlarına malik olan güclü tərəfdaşdır”.

Əli Mustafa Türküstan dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsini də strateji xətt kimi qiymətləndirib:

“Dünyada altı türk dövləti mövcuddur, onların dördü Türküstan coğrafiyasında yerləşir. Azərbaycanın bu proseslərdə fəal iştirakı türk dövlətləri arasında siyasi və təhlükəsizlik baxımından koordinasiyanı gücləndirir. Eyni zamanda Azərbaycan Türkiyə ilə Türküstan arasında mühüm tranzit və əlaqələndirici ölkə kimi xüsusi etimad mövqeyinə malikdir.8 avqust tarixində ABŞ-da Ağ Evdə imzalanan razılaşma, ABŞ–Azərbaycan strateji tərəfdaşlığını təsdiq edəcək sənəd üzrə işçi qrupunun yaradılması, həmçinin Avropa İttifaqına üzv bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb.
Bu addımlar ölkənin daxili sabitliyini möhkəmləndirməklə yanaşı, regionda təsir imkanlarını qorumağa çalışan bəzi dövlətlərin təzyiq rıçaqlarını da əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
, 2026-cı il də xarici siyasət baxımından həlledici mərhələ olacaq.Dünyada açıq və gizli geosiyasi qarşıdurmaların artdığı bir dövrdə təhlükəsizlik məsələsi bir nömrəli prioritetə çevrilir. Bu baxımdan 2026-cı ildə Türkiyə, Pakistan və digər türk dövlətləri ilə hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi vacibdir. Yeni dünya düzəni ciddi risklər və münaqişələrlə müşayiət olunur və Azərbaycan bu çağırışlara hazır olmalıdır”.

Günel Elxan