14:00
686
Fransa İranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsində iştirak etməyə çalışır və yekun sazişin şərtləri onu qane etməyincə BMT sanksiyalarının ləğvini təsdiqləməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, "Iran International"ın verdiyi məlumata görə, bu barədə cümə günü Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib.
Ölkəsi BMT Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvü olan Barro qeyd edib ki, hər hansı yekun saziş Təhlükəsizlik Şurasının təsdiqini tələb edəcək və Fransa BMT sanksiyalarının ləğvinə öz razılığını verməli olacaq.
"İrandan tələb olunacaq ciddi güzəştlərə qarşılıqlı addım sanksiyaların - Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qəbul edilmiş sanksiyaların ləğvi olacaq", - deyə Barro "franceinfo" radiosuna müsahibəsində bildirib.
Bu həftə ABŞ və İran arasında əldə olunmuş razılaşma İranın nüvə proqramı üzrə 60 günlük danışıqların aparılmasını nəzərdə tutur, bu şərtlə ki, yekun saziş Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.
Barro vurğulayıb ki, regional sabitliyin təmin edilməsi üçün danışıqlar zamanı təkcə Tehranın nüvə proqramı deyil, həmçinin onun ballistik proqramı və proksi-qruplaşmalara verdiyi dəstək də müzakirə olunmalıdır.
"Məqsədimiz İran rəsmilərindən ciddi güzəştlər qoparmaq, mövqelərin köklü şəkildə dəyişdirilməsinə nail olmaqdır. Və bizim sözümüzün çəkisi olacaq, çünki BMT TŞ-nin üzvü kimi biz bu böhranın nizamlanmasında birbaşa iştirakçı olacağıq", - deyə Barro bəyan edib.
Məryəm Quliyeva