“Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz”
15 Oktyabr 21:27

Uşaqların sağlam şəxsiyyət kimi formalaşması, mənəvi-əxlaqi dəyərlərə yiyələnməsi və cəmiyyətə faydalı fərdlər kimi yetişməsi hər bir dövrün en vacib və təxirəsalınmaz məsələlərindən biridir. Müasir zəmanədə texnologiyanın sürətli inkişafı, rəqəmsal mühitin həyatımıza nüfuz etməsi və sosial münasibətlərin dəyişməsi uşaq tərbiyəsində və təhsil sistemində yeni çağırışlar, müxtəlif yanaşmalar ortaya çıxarır. Ailədə sağlam psixoloji mühitin qurulması, övlada göstərilən emosional diqqət ilə onun qarşısında qoyulan sərhədlərin düzgün tənzimlənməsi, eləcə də təlim-tərbiyə müəssisələrində nizam-intizamın, dünyəvi prinsiplərin və sosial bərabərliyin qorunması gələcək nəslin mənəvi sağlamlığının əsas zəminini təşkil edir.
Tərbiyə prosesində valideynlərin həddindən artıq müdaxilə etməsi və ya əksinə, övladını tamamilə nəzarətsiz buraxması gənc nəslin müstəqil qərarvermə, məsuliyyət hissi və özünüifadə bacarıqlarına ciddi mənfi təsir göstərə bilir. Eyni zamanda, təhsil ocaqlarında elm və bilik verməklə yanaşı, şagirdlərin sosial fərqliliklərdən uzaq, bərabər şəraitdə böyüməsini təmin edən vahid geyim standartları və dünyəvilik prinsipləri məktəb mühitinin sağlamlaşdırılmasında mühüm rol oynayır.
“Vahid məktəbli forması qəti standartdır”
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən, akademik Nizami Cəfərov söyləyib ki, Məktəblərdə dünyəvilik, vahid məktəbli geyimi artıq müəyyənləşmiş, qərarlaşmış standartlardır.
N.Cəfərov diqqətə çatdırıb ki, xüsusilə ümumi məktəblər ki var, orada din ayrıca tədris olunmamalıdır və vahid məktəbli formasından istifadə olunmalıdır: “Uşaqlara dinin təbliğ olunması, qızlara hicab geyindirilməsi kənardan edilmiş məcburiyyətlərdir. Çünki uşaqlar hələ bunun mənasını, məzmununu başa düşmür. Bu yalnız ya valideynlərinin, ya da kənardan kimlərinsə diktəsi, təsiri ilə və yaxud kimisə təqlid etməklə meydana çıxır. Bu da sonralar uşaqların mənəviyyatına yaxşı təsir etmir. Hər hansı dinə inam, ibadət şəxsiyyət formalaşandan sonra mümkündür”.
Akademikin sözlərinə görə, rəsmi məktəbli forması uşaqların inkişafına, onların dünyagörüşünə yaxşı təsir edir, uşaqları cəmiyyətdə bərabərlik hissi ilə tərbiyə edir: “Təsəvvür edin ki, orta məktəbdə oxuyan şagirdlərin biri varlı, digəri kasıb ailədəndir və bu, onların geyimində ortaya çıxırsa, bu, çox ciddi problemdir. Yaxud da ailənin dini baxışlarına görə uşağın özünü hər hansı bir cərəyana uyğun təqdim etməsi başqa uşaqlara münasibətdə yaxşı hal deyil, özünü yaxşı göstərmir. Ona görə də orta məktəbdə nizam, qayda-qanunlar var ki, onlara əməl etmək lazımdır və orada özfəaliyyət göstərmək çox yanlışdır, ümumiyyətlə, gərək mümkün olmasın”.
“Geyim mübahisə mövzusu olmamalıdır”
Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova diqqətə çatdırıb ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, müxtəlif dinlərə və inanclara hörmətlə yanaşan tolerant ölkədir.
O qeyd edib ki, biz müxtəlif dinlərə və inanclara hörmətlə yanaşan tolerant bir ölkədə yaşayırıq: “Mən hesab edirəm ki, bu, bizim cəmiyyətimizin gözəl xüsusiyyətlərindən biridir. Hər kəsin öz düşüncəsi, öz seçimi var və bir-birimizə hörmətlə yanaşmalıyıq. Məktəb ilk növbədə elm və bilik məkanıdır. Vahid məktəbli geyimi səliqə-sahmanın və məktəb mühitinin formalaşmasına kömək edir. Məktəblərdə geyim məsələsi dini mübahisə predmetinə çevrilməməlidir. Əsas diqqət uşaqların təhsilinə və tərbiyəsinə yönəldilməlidir”.
O, xüsusilə qızların təhsil almasının, savadlı olmasının, gələcəkdə öz peşəsini seçərək həyatda öz yerini tapmasının vacibliyini qeyd edib: “Biz böyüklər çalışmalıyıq ki, uşaqlarımıza həm milli dəyərlərimizi aşılayaq, həm də müasir biliklər qazanmalarına şərait yaradaq. Məncə, ən böyük məsuliyyətimiz budur: uşaqlarımızı bir-birinə hörmət edən, savadlı, tərbiyəli və gələcəyə inamla baxan insanlar kimi yetişdirmək”.
“Məktəblərdə geyim qaydaları daxili işimizdir”
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib ki, Azərbaycan bu gün nəinki Cənubi Qafqazın lider ölkəsi, eyni zamanda, regionda və beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan dövlətdir. Altı il əvvəl, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan, ərazi bütövlüyünü və 2023-cü ilin sentyabrında dövlət suverenliyini tam bərpa edən ölkəmiz yeni regional reallıqlar formalaşdırıb. Bu reallıqlar Azərbaycan dövlətinin, xalqının, rəhbərliyinin və ordusunun birgə səyləri nəticəsində yaranıb. Bu gün Cənubi Qafqazın, eləcə də regionla iqtisadi əlaqələri olan digər bölgələrin inkişaf perspektivləri müəyyən mənada həmin reallıqlarla bağlıdır”.
Siyasi şərhçi təəssüflə bildirib ki, Azərbaycanın əldə etdiyi uğurları qəbul etmək istəməyən bəzi xarici dairələr ölkəmizə təzyiq göstərmək və onu müstəqil siyasətindən çəkindirmək məqsədilə müxtəlif vasitələrə əl atırlar: “Bu baxımdan İranın informasiya məkanında Azərbaycana qarşı yayılan materiallar və ölkəmizdəki ictimai müzakirələrin təqdimat forması xüsusi diqqət çəkir. İranın bu məsələdə nümayiş etdirdiyi mövqe yeni deyil. Müxtəlif dövrlərdə dini-ideoloji təsir imkanlarından istifadə etməklə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və ölkəmizə təzyiq göstərmək cəhdləri müşahidə olunub. Lakin Azərbaycan dövləti hər zaman milli maraqlarını və müstəqil siyasətini qətiyyətlə qoruyub, bu cür cəhdlərin qarşısını alıb”.
N.Azəri vurğulayıb ki, Nazirlər Kabinetinin məktəblərdə şagirdlərin vahid geyimi və müəllimlərin geyim formaları ilə bağlı qərarları Azərbaycanın daxili məsələsidir: “Dünyəvi dövlət olan Azərbaycan bu kimi məsələlərdə qərarlarını müstəqil şəkildə qəbul etmək və həyata keçirmək hüququna malikdir. Hər hansı xarici dövlətin bu məsələdən ölkəmizə təzyiq vasitəsi kimi istifadə etməsi yolverilməzdir”.
O, Azərbaycan Milli QHT Forumunun bəyanatına da diqqət çəkərək bildirib ki, bəyanatda son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkədə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən, ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumları pislənilir.
N.Azərinin sözlərinə görə, xüsusilə məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydaları ətrafında müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsi və məsələnin dini qarşıdurma kimi təqdim olunması cəhdləri qəbuledilməzdir. O qeyd edib ki, bu cür yanaşmalar cəmiyyətdə süni gərginlik yaratmağa və Azərbaycanın dünyəvi dövlətçilik modelini hədəfə almağa xidmət edir.
“44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, dövləti və ordusu dəmir yumruq kimi birləşərək tarixi Zəfər qazandı. Bu gün isə ölkəmizə qarşı ideoloji və informasiya müstəvisində aparılan hücumlar fonunda milli birlik və həmrəylik eyni dərəcədə vacibdir. Azərbaycan cəmiyyəti ölkəmizin müstəqilliyini, dünyəvi dövlətçilik prinsiplərini və milli maraqlarını hədəfə alan cəhdlərə qarşı ayıq-sayıq olmalıdır”, – deyə siyasi şərhçi bildirib.
O söyləyib ki, Azərbaycan dünyəvi və demokratik dövlət kimi öz inkişaf yolunu davam etdirəcək: “Heç bir xarici qüvvə ölkəmizin müstəqil siyasətinə təsir göstərmək və onu seçdiyi inkişaf yolundan döndərmək gücünə malik deyil. Əvvəllər olduğu kimi bu dəfə də bu cür cəhdlər iflasa uğrayacaq. Təbii ki, bu cür cəhdlərə qarşı mübarizəmizdə dövlət-xalq birliyinin qorunması, cəmiyyətdə sağlam ictimai mühitin saxlanılması və informasiya təxribatlarına qarşı prinsipial mövqe nümayiş etdirilməsi mühüm əhəmiyyət daşıyır”.
Günel Elxan