

Qlobal İnnovasiyalar İndeksinin alt-komponentlərinə cavabdeh işçi qruplarının birgə iclası keçirilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. Məlumata görə, iclasda Qlobal İnnovasiyalar İndeksinin 2022-ci il üzrə buraxılışı geniş müzakirə olunub, ölkəmizin mövqeyi barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, 2007-ci ildən fəaliyyətə başlayan Qlobal İnnovasiyalar İndeksinin əsas hədəfi ölkələrin innovativ inkişaf səviyyəsini qiymətləndirmək, hökumətlər, vətəndaş cəmiyyəti (özəl sektor da daxil olmaqla) və beynəlxalq təşkilatlar üçün bilik mübadiləsi və siyasət dialoqu üçün qapı açaraq innovativ təşəbbüsləri təşviq etməkdir.
Onlayn həyata keçirilən iclasda Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin, Əqli Mülkiyyət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsul şəxsləri iştirak edib.
İclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə, xüsusilə Qlobal İnnovasiyalar İndeksində mövqeyinin yüksəldilməsi istiqamətində fəaliyyətin davam etməsinə, müvafiq Matrisa layihəsi üzrə işlərin təşkil olunması razılaşdırılıb.
Həmin Matrisada əks olunan bölgü əsasında növbəti il üzrə görülməli strateji və taktiki addımların hazırlanması, bu sahədə çevik kommunikasiyanın qurulması, habelə Beynəlxalq Əqli Mülkiyyət Agentliyi (WIPO) ilə qarşılıqlı müzakirələrin aparılması qərara alınıb.