

“Meşələr ekosistemin çox vacib bir parçasıdır. Təsadüfi deyil ki, meşələri planetimizin ağciyərləri adlandırırlar. Meşələr tənəffüsümüzü oksigenlə zənginləşdirir, nəfəs aldığımız havanı tozdan, zəhərli qazlardan təmizləyir. Ağac, kol növləri var ki, xəstəlik törədən mikroorqanizmləri məhv edir. Torpaqları eroziyadan qoruyan, su ehtiyatlarının tükənməsinin qarşısını alan, havanı sanitariya-gigiyena baxımından saflaşdıran meşələrin əhəmiyyəti saymaqla bitməz. Bu baxımdan meşə sahələrinin, yaşıllıqların qorunması insan övladı üçün həyati əhəmiyyətlidir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birıiyinin sədri Elman Cəfərli deyib.
E.Cəfərli təəssüflə qeyd edib ki, insanlar bəzən meşələrin önəmini anlamır və məsuliyyətsiz hərəkətlər edirlər: “Bu hərəkətlər meşə sahələrinin məhv olmasına gətirib çıxarır. Son illər dünyada və eləcə də ölkəmizdə güclü meşə yanğınları baş verib. Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Dünyada ən böyük meşə yanğını 1825-ci ildə Kanadanın Nyu-Brunsvik əyalətində baş verib. Nəticədə 1 milyon 2 yüz min hektar ərazi tamamilə məhv olub. 2007-ci ildə Yunanıstanda 271.350 hektar, 2009-cu ildə Avstraliyada 450.000 hektar, 2010-cu ildə Rusiyada 500.000, Boliviyada 25.000 hektar yanaraq külə dönüb”.
O, meşə yanğınlarının müxtəlif səbəbləri olduğunu bildirib: “Təbii fəlakətlər, müxtəlif təbiət hadisələri: vulkan püskürməsi, zəlzələ, torpaq sürüşməsi, ildırım çaxması meşə yanğınlarına səbəb olur. Bundan başqa quraqlıq, yağıntıların normadan az düşməsi, havaların isti keçməsi də meşə yanğınlarına zəmin hazırlayır. Havaların çox isti keçməsi ilə əlaqədar yabanı otlar quruyur və meşələr, yol kənarında əkilmiş ağaclar üçün ciddi yanğın təhlükəsi yaradır. Məsələn, bu ilin yanvar ayında ABŞ-də baş vermiş meşə yanğınlarının səbəbi quraqlıq olmuşdu. Son 6 ayda bölgəyə yağıntı az düşmüş, meşələrdə quru budaqlar, ot örtüyü çoxalmışdı. Bu isə adi qığılcımdan böyük yanğının törənməsinə şərait yaradır. Lakin meşə yanğınlarının əsas səbəbi antropogen amillərdir. Yanğın əsasən piknik yerlərinə yaxın ərazidə meydana gəlir. Yemək hazırlamaq, çay isitmək, kabab bişirmək üçün qalanan ocaqlar tam söndürülmür. Nəticədə külək kül içində qalmış köz parçalarını, kösövü quru otların üzərinə atır və yanğın baş verir”.
E.Cəfərlinin sözlərinə görə, meşə yanğınları avtomobillərin tüstü yerindən çıxan qığılcımdan, yoldan keçən insanların atdığı siqaret kötüklərindən də əmələ gələ bilər: “Bu üzdən meşələrə həssas yanaşmaq və önləyici tədbirlər görmək lazımdır. Onsuz da Azərbaycanın meşə sahəsi çox azdır. Qalanın da qədrini bilməliyik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 30 il erməni talanları baş verib. Meşə zonalarımız məhv edilib, ağaclar kəsilib, ekosistemə böyük ziyan vurulub, nadir ağaclar oduncaq sənayesinə qurban verilib. İndi həmin bölgədə böyük tikinti-quruculuq işləri ilə yanaşı, meşəsalma da həyata keçirilir. Lakin bu işlər uzun sürəcək. Ona görə də mövcud resursları işbazlardan və yanğından qoruyub saxlamalıyıq. Yaxşı olar ki, əsas yollar meşələrdən kənarda salınsın. Meşənin yaxınlığından keçən yollar isə xüsusi daş zolaqlarla ayrılmalıdır. Daşlar düzülmüş zolaqlar nəmişliyi saxlayır, yanğın riskləri aşağı düşür. Meşələrə nəzarət sistemi yenilənməli, müasir texnologiyalar tətbiq edilməlidir. Piknik zonalarına təhlükəsizlik qaydaları yazılmış iri banerlərin asılması vacibdir. Televiziyalarda maarifləndirici süjetlər, sosial-çarxlar yayımlansa yaxşı olar. Meşələrin, canlı aləmin gənc nəslə sevdirilməsi işi erkən yaşlardan başlanmalıdır. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunması, təbiətə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar”.
Röya İsrafilova