Gəncə Dövlət Milli Dram Teatrında “M.S.S” tamaşasının premyerası olub Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrında “M.S.S” tamaşasının premyerası olub

Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamın icrası ilə əlaqədar olaraq respublikanın 5 teatrında kadr problemini aradan qaldırmaq məqsədilə teatr-studiyaları yaradılıb. Həmin sərəncama əsasən Gəncə Dövlət Milli Dram Teatrının nəzdində “İkinci nəfəs” teatr-studiyası fəaliyyətə başlayıb.

Teatrın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, tədris müddəti ərzində tələbələr teatr sənətinin sirləri ilə yaxından tanış olaraq nəzəri və praktik biliklərə yiyələnib, eyni zamanda, görkəmli teatr xadimlərinin ustad dərslərində və seminarlarında iştirak edib.

Tədrisin yekun qiymətləndirilməsi və hesabat tamaşasının hazırlanması üçün teatra dəvət olunmuş gənc və istedadlı rejissor Fuad Cavadzadənin quruluşunda Əməkdar incəsənət xadimi Əli Əmirlinin “M.S.S” pyesi əsasında eyniadlı tamaşa hazırlanaraq teatrsevərlərə təqdim olunub.

Bildirək ki, yeni səhnə əsərinin quruluşçu rəssamı Mirzə Mehdi, musiqi tərtibatçısı Zaur Rəşidov və Elşən Cəfərovdur.

Tamaşada “İkinci Nəfəs” teatr-studiyasının tələbələri ilə yanaşı, teatrın aktrisaları Zəminə Cəfərova və Sevinc Hüseynova çıxış ediblər. Tamaşa qəbul olunaraq teatrın repertuarına daxil edilib.