“Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” İqtisadiyyat

“Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”

Hazırda dünyanın əksər ölkələrini içməli su problemi narahat etməkdədir. Yer kürəsinin içməli su çatışmazlığı ilə üzləşə bilmə ehtimalı problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir. Nəzərə almaq lazımdır ki, içməli suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır. Hazırda dünyada hər 6 insandan birinin içməli suya olan ehtiyacı tam təmin olunmur. Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər hər səkkiz saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ayda 2 milyon 592 min, bir ildə isə 3 milyon 888 min uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklər və ölüm hadisələri məhz içməli su ilə bağlıdır. İnsanlar arasında yayılan xəstəliklərin 80-85 faizi çirkli sulardan istifadə ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Ona görə də dünyanın hər yerində təmiz su ilə təmin olunmaq kəskin problem sayılır.
Bəs Azərbaycanda bu məsələ ilə bağlı vəziyyət nə yerdədir.
Milli Elmlər Akademiyasının araşdırmasına görə, respublikamızda cəmi 29,7 milyard kubmetr şirin su ehtiyatı var ki, hazırda onun da müəyyən hissəsindən istifadə olunur. Azərbaycanın ümumi su balansının həcmi 34-35 kubkilometrə bərabərdir. Bunun da 72 faizi (orta hesabla 27-28 kubkilometri) qonşu dövlətlərin ərazisində formalaşır. Respublikanın yerüstü su ehtiyatları isə 32,2 milyard kubmetrdir. İsti və quraq vaxtlarda bu ehtiyat 23,2 milyard kubmetrədək azalır. Beləliklə, biz su ehtiyatlarının yalnız 10 milyard kubmetrindən (30 faizindən) istifadə edə bilirik. Qalan 70 faizi isə qonşu dövlətlər tərəfindən istismar olunur və texniki su kimi suvarma şəbəkəsində itkiyə məruz qalır. Nəticədə hər il 3-4 milyard kubmetr keyfiyyətli içməli və suvarma suyu itirilir. Qonşu dövlətlərdən fərqli olaraq, Azərbaycanda məişətdə istifadə üçün ayrıca, açıq şirin su mənbələri nəzərdə tutulmayıb. Buna görə də, çox yerdə texniki suya olan tələbat içməli su hesabına ödənilir. Əhalinin artımı nəzərə alınmaqla 2025-ci ildə Azərbaycanda su ehtiyatlarına olan tələbatın 40 faiz artacağı proqnozlaşdırılır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yaranıb, problemlərin kompleks həlli məqsədilə böyük layihələr sürətlə icra edilib. Kür su kəmərləri sisteminin birinci növbəsi üzrə 30 aya görülməli işlər 12 aya başa çatdırılıb və 1970-ci ilin sentyabrında Bakı Kür suyunu qəbul edib. Heydər Əliyevin xeyir-duası ilə 1980-ci ildə tikintisinə başlanmış Kür su kəmərləri sisteminin ikinci növbəsi 1988-ci ildə təhvil verilib. Beləliklə, bu layihənin hesabına paytaxta salınmış yeni yaşayış massivlərinin su təchizatı təmin edildi. Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun rəhbərliyi altında məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara verilib.
1993-cü ildə xalqın təkidi ilə Heydər Əliyevi yenidən hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən dərhal sonra beynəlxalq maliyyə qurumlarından su sektoruna kredit cəlbi ilə bağlı danışıqlara başlandı. Danışıqların nəticəsi olaraq Dünya Bankı ilə Avropa yenidənqurma və inkişaf bankı "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi"nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdı. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksləri yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı. Eyni zamanda Bakı şəhərinin su təchizatının dayanıqlığını təmin etmək üçün mərkəzi nasos stansiyalarında reablitasiya tədbirləri görüldü.
Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də Heydər Əliyevdir. Məhz onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildi və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı.
Heydər Əliyevin başlatdığı sosial-iqtisadi və struktur islahatları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkə başçısı əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına qərar verdi. 2004-cü ilin 11 iyununda Azərbaycanın su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Prezident sərəncamı imzalandı. Sənədə əsasən buna qədər sərbəst qurumlar kimi fəaliyyət göstərən Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərsukanaltəmir" və "Azərkəndsutəchizat" istehsalat birlikləri, həmçinin Bakı şəhər İcra Hakimiyyətinin "Bakı kanalizasiya" İstehsalat Birliyinin əsasında "Azərsu" ASC yaradıldı. Bununla da içməli su təchizatı və kanalizasiya xidmətləti sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırıldı.
"Azərsu" ASC yaranandan sonra Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli bir layihə – Hövsan Aerasiya Stansiyasının yenidən qurulması layihəsi reallaşdırıldı. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikildi, köhnə avadanlıqlar yeniləri ilə əvəz olundu. Nəticədə Stansiyasının məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmaqla yanaşı, tullantı suların bioloji təmizlənməsi prosesi avtomatlaşdırıldı.
Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və Dövlət Proqramının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlandı. Master Plana uyğun olaraq 550 km magistral, 8100 km paylayıcı su xətlərinin, həcmi 1 milyon 150 min kubmetr olan su anbarlarının, 150 km-i tunel tipli olmaqla 680 km kanalizasiya kollektorlarının, 6400 km kanalizasiya şəbəkəsinin, 900 km yağış kollektorlarının və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi layihələndirilib.

Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. 2011-ci ilin sentyabrında təməli Prezident İlham Əliyev tərəfindən qoyulan layihə çərçivəsində Ceyranbatan gölündən suyun götürülməsi təmin edilib, subölüşdürücü kameranın, anbarların, yardımçı infrastrukturun tikintisi yekunlaşıb, qurğunun işə salınması üçün son hazırlıqlar aparılır. Məhsuldarlığı saniyədə 6 kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsilə Abşeron yarımadasında 1 milyondan artıq insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq, yarımadanın şərq hissəsində mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan qəsəbələrin və yeni yaşayış massivlərinin içməli su problemi həllini tapacaq.
Eyni zamanda 84 km uzunluğunda Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin, həmçinin içməli suyun optimal paylanması məqsədilə kəmərin marşrutu boyu layihələndirilmiş Abşeron, Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarlarının tikintisi yekunlaşıb.
Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan 69 Şərq və 110 Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib.
Beləliklə, son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 260 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alanların sayı 900 min nəfərdən 2 milyon 40 min nəfərə çatdırılıb.
İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərlərinin tikintisi regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verilib. Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri 2 ildir ki, bu mənbədən su alır. Gələcəkdə Salyan və Neftçala şəhərləri, həmçinin 121 kəndin sakinləri də bu layihədən faydalanacaq.
Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər 62 km uzunluğunda magistral su kəmərinin tikintisi isə 2014-cü ilin sonlarında yekunlaşıb, Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən suyun verilməsi təmin edilib. Növbəti mərhələdə 44 kəndə suyun verilməsi nəzərdə tutulur.
Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyi son illər reallaşdırılmış ən böyük infrastruktur layihələrindəndir. Bu layihəyə uyğun olaraq Girdimançayın yatağında suqəbuledici qurğu tikilib, Zərdab şəhərinə 72, Ucar şəhərinə 57, Kürdəmir şəhərinə 27, Ağsu şəhərinə isə 15 km uzunluğunda magistral kəmər çəkilib və həmin şəhərlərə yeni mənbədən suyun verilməsi təmin edilib. Gələcəkdə bu layihədən ətraf kəndlərin əhalisi də daxil olmaqla ümumilikdə 170 min nəfər faydalanacaq.
Xanbulançay isə Cənub bölgəsində yaşayanların içməli su təchizatında müstəsna əhəmiyyətə malik layihədir. Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin etmək üşün Xanbulançay anbarının sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatdırılıb, Lənkəran şəhərinə suyun verilməsi təmin edilib, Astara şəhərində isə magistral kəmərin inşası davam etdirilir.
Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı su qıtlığı müşahidə olunan yaşayış məntəqələrində də xeyli iş görülüb. Belə ki, kənd və qəsəbələrdə 660 kilometr su xətti quraşdırılıb, 150 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, həmçinin məcburi köçkünlərin kompakt yaşadığı qəsəbə və şəhərciklər daim diqqətdə saxlanılıb.
Su təchizatı sahəsində görülən böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir. Bunu təmin etmək üçün 2013-cü ildə istifadəyə verilmiş yeni Mərkəzi Laboratoriya cəmi bir il sonra Beynəlxalq akkreditasiyadan keçib. Burada içməli suyun 84, tullantı sularının isə 54 olmaqla, ümumilikdə 138 parametri təyin etmək mümkündür. Yeni laboratoriyanın yaradılması layihəsinə uyğun olaraq alınmış səyyar laboratoriyalar istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına, su mənbələrinin ilkin tədqiqinə imkan verir.
Ölkə rəhbərliyi su təsərrüfatı işçilərinin əməyini hər zaman yüksək qiymətləndirib. "Azərsu" ASC-nin bir qrup işçisinin fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməl və açılış mərasimlərində Prezident İlham Əliyevin iştirakı, nəhayət 14 may 2014-cü ildə imzalanmış sərəncamla iyun ayının 5-nin "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.

Cavid Şahverdiyev

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir