Xəzər Dəniz Gəmiçiliyi 6 gəmini Xəzərdən kənarda istismara verməyi planlaşdırır İqtisadiyyat

Xəzər Dəniz Gəmiçiliyi 6 gəmini Xəzərdən kənarda istismara verməyi planlaşdırır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yaxın zamanlarda 6 gəmini Xəzərdən kənarda istismara verməyi planlaşdırır. "Azərbaycan Xəzər Dəniz Gəmiçilik" QSC-nin mətbuat katibliyindən bildirilib ki, bu məlumat "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri yanında Məsləhət Şurasının iclasında səsləndirilib. 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Gəmiçiliyin sədri Rauf Vəliyev hesabat məruzəsi ilə çıxış edərək, ilk növbədə dəniz nəqliyyatına dövlətin dəstəyindən, xüsusilə də Prezident İlham Əliyevin daimi diqqətindən ətraflı söhbət açıb, son dövrdə imzalanan Fərman və Sərəncamların əhəmiyyətini vurğulayıb.
Bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi, 2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması ölkə rəhbərliyinin diqqət mərkəzində olmaqla yanaşı, qarşımızda əhəmiyyətli vəzifələr qoyur, prioritet hədəfləri müəyyənləşdirir.
Dövlət başçısının bütövlükdə nəqliyyat sahəsi qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının genişləndirilməsi, tranzit yükdaşımalarda əlverişli şəraitin yaradılması ilə Azərbaycanın tranzit potensialının gücləndirilməsi və regionda böyük nəqliyyat qovşağına çevrilməsidir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev bu istiqamətdə atılan addımlardan, o cümlədən dəmir yolu və liman qurumları ilə əməkdaşlıqdan, tarif endirimlərindən, ehtiyac yarandığı halda, istismar ehtiyatında olan gəmilərin qısa müddətdə təmir edilərək Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı bərə xətlərinə qaytarılmasından ətraflı danışıb.
Rauf Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC yaradıldıqdan sonrakı 5 il üçün nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi, o cümlədən beynəlxalq idarəetmə və maliyyə sisteminin tətbiqi, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmaların yenilənməsi, fəaliyyətin beynəlxalq auditinin keçirilməsi, müvafiq beynəlxalq sertifikatların və kredit reytinqinin alınması, işçilərin rifahının mütəmadi yaxşılaşdırılması, kadr hazırlığı, mövcud infrastrukturun və maddi-texniki təchizat bazasının təkmilləşdirilməsi və sair istiqamətlərdə görülən işlərdən danışaraq, bu vəzifələrin əhəmiyyətli hissəsinin əsasən yerinə yetirildiyini qeyd edib.
Belə ki, maliyyə hesabatlarının hazırlanması üzrə beynəlxalq standartlara uyğun qaydada, Gəmiçilikdə SAP sisteminin maliyyə, insan resurslarının idarə olunması, material qiymətlilərinin idarə olunması, xidmətlərin alışı və satışı, maya dəyərinin formalaşması, xəzinədarlıq və büdcə nəzarəti modulları tətbiq edilib, Mərkəzi Dispetçer Sistemi, Elektron Təchizat Sistemi, Vahid korporativ şəbəkə yaradılıb. Eyni zamanda, gəmilərin sahillə rabitəsinin optimallaşdırılması üçün tədbirlər görülüb, dəniz üzgüçülüyünün təhlükəsizliyi məqsədilə gəmilər elektron xəritələrlə təchiz olunub.
Gəmiçiliyin sədri beynəlxalq miqyasda tanınmış şirkətlərlə əməkdaşlığa da toxunub. Bildirib ki, "American Appraisal" şirkəti AXDG-nin əsas vəsaitlərinin qiymətləndirilməsini aparıb, KSƏTƏMM (Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) idarəetmə sistemi Amerika Gəmiçilik Bürosu (ABS) tərəfindən audit olunub, nəticədə Gəmiçiliyə İSO-9001, İSO-14001, OHSAS-18001 və İSO-50001 üzrə 5 illik sertifikatlar, Azərbaycan Dövlət Dəniz Akademiyasına isə Keyfiyyətin idarə edilməsi sistemi (İSO 9001:2008) üzrə 3 illik sertifikat təqdim olunub.
"Ernst & Young" şirkəti beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarının və Davamlı inkişaf haqqında hesabatın auditini həyata keçirib, "Fitch Rating" şirkəti ilə Gəmiçiliyə kredit reytinqinin alınması üçün müqavilə bağlanıb. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda fəaliyyəti son bir ildə xeyli genişlənib, avqust-sentyabr aylarında 3 quru yük gəmisi Qara dəniz - Aralıq dənizi hövzəsində istismara cəlb edilib. Yaxın zamanlarda isə AXDG tərəfindən alınmış daha 6 gəminin Xəzərdən kənarda istismara verilməsi planlaşdırılır. Bununla da Xəzərdənkənar hövzələrdə işləyən gəmilərimizin sayı 11-ə çatacaq.
Donanmanın yeniləndirilməsi istiqamətində görülən işlərin davamı olaraq, Bakı Gəmiqayırma Zavoduna sifariş edilmiş 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin inşası tamamlanaraq, 2016-cı ilin aprelində dövlət başçısının iştirakı ilə istismara verilib. 2015-ci ildə Rusiyanın Həştərxan şəhərində AXDG-nin nümayəndəliyi açılıb. Bu nümayəndəlik gəmilərimizin Volqa-Don kanalından keçməsi və daşımalarla bağlı digər məsələlərin həllində mühüm rol oynayır. Gəmilərin təmiri, bu sahədə infrastrukturun genişləndirilməsi sahəsində xeyli iş görülüb. 2015-ci ildə əsaslı təmir olunan gəmilərin sayı əvvəlki illə müqayisədə 122 faiz artıb, "Zığ" gəmi təmiri zavodunda 130 metrlik yanalma körpüsünün inşaat işləri sona çatdırılıb, sahəsi 580 kvadratmetr olan yeni yeməkxana və işçilər üçün 200 nəfərlik yüngül konstruksiyalı xidməti bina tikilib istifadəyə verilib.
Gəmiçilik işçilərinin rifahı və sosial problemləri daim diqqət mərkəzində saxlanılır. 2015-ci ildə AXDG üzrə orta aylıq əmək haqqı 2014-cü ilə nisbətən 15 faiz artaraq 749 manat, üzücü heyət üzrə isə 835 manat təşkil edib. Ərzaq təchizatı sistemi yenidən qurulub, tədarük olunan malların çeşidləri 5 dəfə artıb, üzücü heyət üzrə gündəlik ərzaq norması 1 nəfər üçün 5 manatdan 7 manata qaldırılıb, xidmətin və ərzaqların keyfiyyəti barədə rəy və təkliflərin, eləcə də hər hansı şikayətin vaxtında araşdırılması məqsədilə qaynar xətt yaradılıb. Ötən il mayın 1-dən bütün işçilərə Mərkəzi Dənizçilər Xəstəxanasında pulsuz tibbi xidmət göstərilməsi təmin edilib.