bp şirkəti tənqiddən nəticə çıxarıb İqtisadiyyat

bp şirkəti tənqiddən nəticə çıxarıb

Ölkədə neft hasilatı stabilləşir

Tərlan

Ölkənin neft-qaz və energetika sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində respublikamızda bu sahədə böyük nailiyyətlər əldə olunub. Bunu bir neçə gün öncə Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə bütün mənbələr hesabına ölkə iqtisadiyyatına, xüsusilə mədənçıxarma və emal sənayesinə əsas kapitala yönəldilən vəsaitin həcmində artım müşayiət olunub: "İnkişaf edən Azərbaycanın iqtisadi gücünün və beynəlxalq nüfuzunun artmasında energetika kompleksinin mühüm və həlledici rolu var, bu sahə inkişafının yüksək səviyyəli dövrünü yaşayır. Hesabat dövründə 10 mln. 562 min ton xam neft, 7 mlrd. 677 mln. kubmetr təbii qaz hasil edilib. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 255 min ton xam neft və 557 mln. kubmetr qaz çoxdur".
N.Əliyev deyib ki, cari ilin yanvarın 29-da "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlar blokunun tammiqyaslı işlənməsi proqramı çərçivəsində yeni istismara verilmiş "Qərbi Çıraq" platformasından ilk neft hasil olunub və bu əlamətdar hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir. "Qərbi Çıraq" platforması dənizin 170 metr dərinliyində quraşdırılıb və onun layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 mln. kubmetr qaz hasil etmək potensialına malikdir. İldə bu platformadan təxminən 8,2 mln. ton neft və 2,8 mlrd. kubmetr qaz hasil ediləcək. Hasilata başlamış və yeni texnologiyalar üzərində inşa edilmiş bu platforma gələcəkdə hələ uzun illər boyunca dünya səviyyəli qurğu kimi Azərbaycanda neft hasilatının həcminin sabit səviyyədə saxlanılmasını təmin edəcək".
Nazir bildirib ki, "Azəri-Çıraq-Günəşli" yataqlarında 2011-2012-ci illərdə neft hasilatının həcminin kəskin surətdə azalması ilə əlaqədar "BP-Azərbaycan" şirkətinin rəhbərliyinin ünvanına söylənilən haqlı tənqid və iradlar müsbət nəticələnib: "Belə ki, 2013-cü ilin yekun nəticələrinə əsasən AÇG yataqlarından 30 mln. 623 min ton proqnoz göstəricilərinə qarşı 32 mln. 717 min ton və ya 2,1 mln. ton xam neft artıq hasil edilib. Bu ilin birinci rübündə isə 7 mln. 694 min ton neft əvəzinə 7 mln. 908 min ton neft hasil olub ki, bu da proqnozda nəzərdə tutulandan 214 min ton çoxdur".
2012-ci ildə ARDNŞ-lə bp şirkəti arasında aparılan danışıqlarda neft istehsalının sabitləşdirilməsi ilə bağlı ilkin razılıq əldə edilmişdi. Bununla bağlı proqrama əsasən, 2014-cü ildə "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı 35 milyon ton proqnozlaşdırılırdı. Amma görünür, bu, belə olmayacaq və hasilat bir qədər az olacaq. Hər halda 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 mln. ton təşkil etməsi nəzərdə tutulurdu. 2010-cu ildə təkcə "Əsrin müqaviləsi" üzrə 42 milyon ton neft çıxarılmışdı. İndi isə söhbət 32-33 milyon tondan gedir. Məqsəd bundan sonra istehsalı sabit saxlamaq və daha da azalmaya yol verməməkdir. Hasilat azaldığından ixrac da aşağı düşür.
Azərbaycanın 1994-2009-cu illər ərzində xarici şirkətlərlə imzaladığı 31 beynəlxalq neft-qaz (PSA tipli) sazişlərinin icrasına yatırılacaq sərmayələrin ümumi həcmi 60 mlrd. ABŞ dollardır. Artıq bu investisiyanın 40 mlrd. dollara yaxını neft-qaz sektoruna yatırılıb. Hazırda Azərbaycanın quru və dəniz sektorunda 61 yatağın istismar olunur. Heft hasilatı 1997-ci ildən sonra 5,5 dəfə artırılaraq 2010-cu ildə 52 milyon tona, gündəlik neft istehsalı isə rekord səviyyəyə - 1 mln. barelə çatdırılıb. Ancaq 2011-ci ildən neft hasilatı azalır.
Bu il BP şirkəti Azərbaycan və regionda fəaliyyətə başlamasının 20 illiyini qeyd edəcək. "BP-Azerbaijan" şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov bildirib ki, 20 il bir ölkədə olmaq, bu ölkənin həmin şirkətə inamı və etibarının göstəricisidir. "BP-Azerbaijan" Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərəfdaşıdır və bundan sonra da bütün sahələrdə Azərbaycan dövlətinin yanında olmaq və onun tərəfdaş olduğu layihələrə dəstək verməyə hazırdır: "BP bundan sonra 25 il də Azərbaycanda olacaq. Bura "Şahdəniz" yatağının işlənilməsi aiddir".
H.Məmmədov qeyd edib ki, Cənub Dəhlizi qaz layihəsi üzrə 45 min insan işə götürülüb və bu rəqəm 150 min yeni iş yerinin yaradılmasına imkan verəcək: "Bu layihədən ölkə iqtisadiyyatına böyük investisiyalar cəlb olunacaq. Azərbaycan İraq qazının da öz boru xətlərinə qoşmağa hazırdır. Bunun üçün bütün infrastruktur hazırdır: "Biz təkcə İraq qazı deyil, həmçinin Türkmənistan qazının ixrac həcmini artırmaq niyyətindəyik".
Azərbaycanda ÜDM-in 40%-i neft sektorunun payına düşür, halbuki əvvəllər rəqəm 66% olub. Bu il Azərbaycan yeni quyuların qazılmasını həyata keçirəcək. Həmçinin, köhnə quyular təmir ediləcək. "Abşeron" yatağında intensiv işlər aparılır. Bu yataq böyük həcmdə qaz verəcək və ölkə iqtisadiyyatına böyük həcmdə investisiya gətirəcək. ARDNŞ hazırda "Ümid" yatağında kondensat hasil edir. Bu yataq da inkişaf etdiriləcək. Gələcəkdə bu və digər yataqlardan da hasil olunan qaz BTC-yə vurulacaq. Bu resurslar 2020-ci ildən sonra istifadə oluna bilər. Bu da ölkənin neft-qaz sektorunu daha da inkişaf etdirəcək. Xəzər dənizindəki bir çox yataqlar 1950-ci ildən istifadə olunur. Gələcəkdə "Kəpəz" yatağı da orada olan problemlər həll edildikdən sonra istifadəyə veriləcək. Ancaq hələ orada heç bir iş aparılmır.
Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi və istismarı layihəsinə bu il təxminən 2 mlrd. ABŞ dolları həcmində sərmayənin yatırılması planlaşdırılır. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib ki, 2014-cü ildə AÇG-yə təxminən 2 mlrd. dollar xərclənəcək. Bu, ötən ilki xərcdən nisbətən azdır. Builki vəsait AÇG-də 19 quyunun qazılmasına sərf olunacaq.
Qeyd edək ki, keçən il AÇG-yə çəkilən əsaslı xərclər 2,8 mlrd. dollar təşkil edib. Bunun əsas hissəsi "Qərbi Çıraq" platformasının tikintisinə xərclənib. Şirkət "Qərbi Çıraq" platformasından neft hasilatına başladığını açıqlayıb və bildirib ki, bu il platformadan orta hesabla gün ərzində 60 min barel neft hasil olunacaq. Xatırladaq ki, 2013-cü ildə AÇG-də hasilat 2,2% azalaraq 32,9 mln. tondan 32,2 mln. tona (gündəlik - 650 min barel) düşüb.